25 aprel 2017 22:19
1105

Heydər Əliyev müstəqilliyimizin əbədiyyət, xilaskarlıq simvoludur

Tarixin zaman adlı hakiminin ədalətli hökmü insanlar kimi ölkələrin, dövlətlərin taleyində də söz sahibidir. 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı inkişaf yoluna çıxaran, 22 iyul 1990-cı ildə Moskvadan vətəni Azərbaycana dönən ulu öndər Heydər Əliyev xalqı arxasınca apararaq müstəqilliyimizin əbədi qarantı olduğunu misilsiz xidmətləri ilə təsdiqlədi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azəbaycanda yenidən hakimiyyətə qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı.

Dahi şəxsiyyətin həyatının ən yaddaqalan dövrlərinə təsadüf edən hadisələri xatırladan Prezident İlham Əliyev ötənlərə bu sözləri ilə nəzər salır: “Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir. O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon”” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim... O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı o vaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar.”

Tarix sübut edir ki, liderlik zirvəsi fədakar əməllə fəth oluna bilər. Zaman, siyasi rejimlər dəyişsə də liderliyin mahiyyəti dəyişmir. Xalqa inam və milyonların etimadını qazanmaq, millətlərarası qarşılıqlı ehtiram, sosial ədalət prinsiplərini şəxsi keyfiyyətləri, fəaliyyətinin əsas istiqamətləri kimi formalaşdıran ulu öndər Heydər Əliyev liderlik fəlsəfəsini dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Dahilərin qeyri-adi istedadları, fenomen bacarığı öz zamanında bəlkə də dərk olunmur. Böyük şəxsiyyətlərin adı ilə bağlı möhtəşəmliyi səlnaməsində əbədiləşdirənləri tarix özü dəyərləndirir, qiymət verir. El arasında belə müdrikləri Tanrının çox sevdiyi insanlar da adlandırırlar. Fitri qabiliyyəti, iti zəkası, siyasi qətiyyəti ilə tarixi şəxsiyyətlərin, dünya siyasətçilərinin ön sırasında addımlayan ulu öndər Heydər Əliyev də taleyinə belə xoşbəxtlik yazılmış liderlərdəndir. Ölkəyə rəhbərliyinin hər iki dönəmində daxili siyasətin əsas aspektləri olan bütövlükdə xalqın firavan yaşayışını təmin etmək, insan amilini fəallaşdırmaq, əhalinin yaxşı yaşaması üçün iqtisadiyyatın sürətli inkişafına nail olmaq kimi prinsipləri xarici siyasətin bütün dövlətlərlə qarşılıqlı etimad, iki və çoxtərəfli əməkdaşlıq etmək, sülh, əmin-amanlıq şəraitində yaşamaq, münasibətləri beynəlxalq hüquq normaları əsasında qurmaq tələbləri ilə uyğunlaşdıran ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirir. Beləki bu gün Azərbaycanı beynəlxalq aləmdə tanıdan, qoşa qanad kimi vəhdətdə təkmilləşdirilən daxili və xarici siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulmuşdur.

Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması ulu öndər Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən Ulu Öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.

“Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin bütün dövrlərində dövlətçiliyin əsas dayağı kimi xalqa arxalanırdı.

“Əsrin müqaviləsi”ni imzalamaqla daha bir tarixi missiyanı gerçəkləşdirən ulu öndər Heydər Əliyev neft strategiyasını müəyyənləşdirərək Azərbaycanla birlikdə qardaş Türkiyə üçün böyük imkanlar açan layihələrin gələcəyinə inanırdı. Bu müqaviləni imzalamaqla dediyi kimi Azərbaycanın dünyaya günəş kimi doğmasını reallaşdırdı. Bu gün region və Avropa ölkələrinin enerji təhlükəsizliyində xüsusi xidmətləri olan Azərbaycanın təbii resursları, karbohidrogen ehtiyatları xalqları, millətləri birləşdirməklə, insanlara nur, səmimiyyət bəxş edir.

Həmin islahatlar arasında demokratiyanı təkmilləşdirən məqamlara üstünlük verildi. Xalqına , insanlara vurğunluğunu onların firavan yaşamasının təminatı üçün həyata keçirilən islahatlarla təsdiqləyən ulu öndər Heydər Əliyev Azərbaycanı sivil, demokratik ölkə kimi tanıtdı. Ümummilli lider Heydər Əliyev müdrik siyasətçi kimi beynəlxalq aləmə inteqrasiyanın ən düzgün və balanslaşdırılmış yolu ilə addımladı. İnsan hüquqlarının qorunması, ölkəmizdə , dünyada sülhün bərqərar olmasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirdi, nüfuzlu beynəlxalq təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqinə çalışdı. Respublikada söz, mətbuat, vicdan, əqidə azadlığının təməlini qoyan, Yeni Azərbaycan Partiyasını yaratmaqla çoxpartiyalılıq sisteminə keçidi demokratiyanın əsas şərtləri kimi dəyərləndirən Ulu Öndər müstəqil mətbuatın inkişafına sivil cəmiyyətin əsas atributlarından biri kimi diqqət yetirirdi.

Demokratiyaya ölkə əhalisinin ümumi mənafeyinə və istəyinə uyğun islahatların tətbiqi kimi dəyər verən ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatları saymaqla bitməz. Azərbaycan Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tanındı. İmzaladığı əfv fərmanları və amnistiya aktları ilə azadlıqdan məhrum edilən yüzlərlə məhbusu sağlam, ictimai fəaliyyətə qaytardı. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edən ümummilli lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi. Həmin müraciətdə deyildiyi kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən cənab  İlham Əliyevi ölkə rəhbərliyinə tövsiyə etməsi, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək” sözləri ilə bir daha Azərbaycan xalqına məhəbbətini bildirdi. Ulu Öndərin inamını doğruldaraq, onun siyasi məktəbinin layiqli davamçısı olduğunu yeritdiyi düzgün siyasəti, rəhbərlik təcrübəsi, iradəsi və qətiyyəti ilə bildirən Prezident İlham Əliyev xalqının sevimlisidir.

17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin iclasına müdrik şəxsiyyət, deputat kimi sədrlik edən ulu öndər Heydər Əliyev bir müddət sonra söylədiyi “Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözlərinin real həyatda həlli üçün imkan yaradan məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada “Naxçıvan MSSR”nin adının dəyişdirilməsi, dövlət atributları sayılan ADR-in üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərar qəbul olundu.

1990- cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş, Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvan MR Ali Məclisinin sessiyasında bu məsələnin müzakirəsini aktuallaşdırmaqla xalqımıza qarşı törədilən təcavüzə siyasi qiymət verdi. Fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.

SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Respublikada ilk sərhəd dəstəsi də Ulu Öndərin qətiyyəti ilə yaradıldı.

Naxçıvanda olarkən bütün Azərbaycan üçün ən böyük xidmətlərindən biri də muxtar respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid körpüsü” salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.

ÜDM-də payı artan özəl bölmənin yaradılması üçün ilk addımlar da o illərdə atıldı. “Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması”, “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi” haqqında qərarlar qəbul etməklə sahibkarlıq üçün geniş imkanlar yaratdı. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis olunduğu gündən partiyanın ətrafına yüz minlərlə insan toplandı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə parçalanmaqda olan Azərbaycanı daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün Bakıya dəvət olunan ümummilli lider Heydər Əliyev Azərbaycan üçün daha mühüm xidmətlər göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.

Xuraman İsmayılqızı, “İki sahil”