25 aprel 2017 14:19
1345

Azərbaycanda investisiya iqlimi müsbətdir

Ölkə Prezidenti İlham Əliyev Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məqamı xüsusi vurğulamışdır ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq regional inkişaf proqramlarını qeyd etməliyik:

“Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə  seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki,  əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf  proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan  bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcəkdir.”

Təbii ki, bu əminliyi şərtləndirən amil əvvəlki illərin uğurları və qarşıdakı illər  üçün müəyyənləşdirilən prioritetlərdir. Cənab İlham Əliyev regional inkişaf proqramlarının icrasının ölkəmizə qazandırdığı uğurlardan geniş bəhs edərək bu reallığı da xüsusi vurğulamışdır ki,  əgər infrastruktur layihələrinə vəsait qoyulmasaydı, heç bir inkişafdan söhbət gedə bilməzdi. Həmin dövrdə ölkənin maliyyə imkanlarının hansı səviyyədə olduğu bəllidir. Bu fakt beynəlxalq səviyyədə də qeyd olunur ki, BTC neft və BTƏ qaz kəmərlərinin istismara verilməsindən sonra neft-qaz gəlirlərinin axını oldu. Nəzərə alsaq ki, BTC neft kəməri 2006-cı ildə istismara verilib, demək ilk Regional İnkişaf proqramının icrasına başlanıldığı dövrdə, yəni 2004-cü ildə ölkəmizin maliyyə imkanları o qədər də qənaətbəxş deyildi. Həmin dövrə qısa baxış fonunda cənab İlham Əliyev bildirmişdir: “Bu onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəsaitimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm regional inkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə  də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.”

Birinci Regional İnkişaf Proqramının icrasına başlanıldığı dövrdən ötən 13 il ərzində əsas infrastruktur layihələrinin icra edildiyi inkaredilməzdir. Qarşıya qoyulan əsas prioritetlər bölgələrin enerjiyə olan tələbatının yüksək səviyyədə ödənilməsi, qazlaşdırmanın həyata keçirilməsi, yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və s. idi. Bu gün əminliklə deyə bilərik ki, dayanıqlı elektrik enerjisi təmin edilib, qazlaşdırma 92 faizə çatıb. Dövlətimizin başçısı İlham Əliyev “Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir” söyləyərək eyni zamanda  bununla kifayətlənməməyi, növbəti illərdə daha yüksək  faizə çatmağın vacibliyini bildirir. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrasının nəticəsi olaraq  bu gün paytaxt və bölgələr arasında fərq aradan qaldırılmış, rayonlarımız arasında sağlam rəqabət inkişafı stimullaşdırır. 

Həyata keçirilən siyasətin önündə insan amilinin dayandığını hər bir çıxışında bildirən dövlətimizin  başçısı İlham Əliyev bildirir ki, sosial islahatların təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycanın 25 ildən artıq  müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda  iqtisadi imkanlarını genişləndirməklə yanaşı, iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyini aydın şəkildə görürük. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin icrası istiqamətində göstərdiyi səylər iqtisadi imkanlarının genişlənməsində stimuldur. Neft gəlirlərindən səmərəli istifadə məqsədilə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Azərbaycanın bazar iqtisadiyyatına sadiq olduğunu  xüsusi vurğulayan cənab İlham Əliyev sahibkarlığın inkişafı istiqamətində davamlı addımların atıldığını, bunun nəticəsi olaraq  ümumi daxili məhsulda özəl bölmənin payının 85 faizdən çox təşkil etdiyini diqqətə çatdırır. Son 13 ildə  bir milyon  700 min  yeni iş yeri açılıb ki, bunun  bir milyon 300 mini daimidir. Qarşıdakı illərdə  məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın  və digər sahələrin  inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilir.  Bu məqsədlə  yerli istehsalın inkişafı üçün zəruri addımlar atılır.  Bu reallıq inkaredilməzdir ki, məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması  dünya ölkələrinin  üzləşdiyi mürəkkəb problemlər fonunda  Azərbaycanın dayanıqlı inkişafını, bütün sosial proqramların uğurlu icrasını təmin etmişdir.  

Məhz bu uğurlar  Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında da  birinciliyini qorumasını şərtləndirir. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci  yerə layiq görüb.  Ölkəmiz   MDB məkanında birinci yerdədir. Bu da ondan irəli gəlir ki, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazarının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması kimi məsələlər öz həllini tapıb və bu istiqamətlərdə davamlı  addımlar atılır. Xatırlasaq, cənab İlham Əliyev ötən il “Bizim statistikamız da aparıcı  ölkələrin statistikasına xas olan  bütün əlamətləri özündə  ehtiva etməlidir” hədəfini qarşıya qoymuşdur.

Təbii ki, bu məqsədlər   Azərbaycanın hər addımında yeniliyə, modernləşməyə, dünya ölkələrinin təcrübəsini öyrənməyə və tətbiq etməyə göstərdiyi maraqdan və  verdiyi önəmdən irəli gəlir.  O da məlumdur ki, İsveçrənin Davos şəhərində ənənəvi keçirilən forumlarda Azərbaycanın inkişaf modeli hər zaman yüksək dəyərləndirilir, öyrənilməsi bir zərurət kimi irəli sürülür. İqtisadi böhranın hələ də davam etdiyi,  maliyyə böhranının yaşandığı, milli valyutaların  devalvasiya ilə üzləşdiyi  məqamlarda ölkəmizin iqtisadi inkişafı ilə dünyanın diqqətində olması sözsüz ki, düşünülmüş siyasətin, təkmil islahatların nəticəsidir. O da məlumdur ki, ölkənin sənayeləşməsi istiqamətində  aparılan islahatların sürətləndirilməsi başlıca hədəf kimi müəyyənləşdirilib. Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması  ilə ölkə  iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması,  ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin,  iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması,  iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin həllinə  yönəlmiş  islahatlardandır.  Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Sahibkarlara göstərilən diqqət və hüquqi bazanın  möhkəmləndirilməsində məqsəd də  sənayenin inkişafını intensivləşdirməkdir. “2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir” söyləyən cənab İlham Əliyev rəqəmlərin dili ilə cari ilin ötən dövrünün iqtisadi uğurlarını açıqlamışdır.  Qeyri-neft sektoru 2,4 faiz,  qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ayda  80 mindən çox yeni iş yeri yaradılıb.  Ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalıb.     

Bütün bu sadalananlar bir reallığı ortaya qoyur ki, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında ölkəmizin hərtərəfli inkişafı, insanların rifah halının daha da yaxşılaşdırılması dayanır.  Azərbaycanda sabitliyin, normal biznes mühitinin mövcudluğu ölkə iqtisadiyyatına investisiya qoyuluşunu sürətləndirir. Cənab İlham Əliyev hər bir çıxışında investisiya cəlbediciliyinin qorunmasını vacib amil kimi önə çəkir: “Bütövlükdə  deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir... Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü  məhsulların istehsalına yönəldək. Eyni zamanda, artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Mənim tərəfimdən müvafiq qərarlar  verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır... Burada da biz bu yolu keçən ölkələrin  təcrübəsinə mütləq nəzər yetirməliyik və ən müsbət təcrübəni tətbiq etməliyik.” Ümumiləşdirilmiş şəkildə desək, islahat,  şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması,  bütün bu amillər dayanıqlı inkişafı təmin edir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən islahatçı və eyni zamanda xoşbəxt ölkəsi kimi tanınır, nüfuz qazanır. 

Yeganə Əliyeva, “İki sahil”