25 aprel 2017 14:17
689

Biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq

“İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər” söyləyən Prezident İlham Əliyev əminliklə bildirir ki, birinci Avropa Oyunlarını, “Formula-1” yarışını, Şahmat Olimpiadasını uğurla başa çatdıran Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da mütəşəkkilliklə keçirəcək. 

Ölkəmizdə böyük miqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili inam yaradır ki, birinci Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunları da tarixdə, yaddaşlarda önəmli idman hadisəsi kimi qalacaq. Ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycana uğur gətirəcəyinə əminliyini bildirən Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudi hazırlıq işlərinin təşkilini yüksək dəyərləndirdi.

Artıq paytaxtımızdakı “Daş Salnamə Muzeyi”ndə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi. Xəzərdən başlanan su səyahəti 37 gün ərzində 3 min kilometr məsafə qət edərək 15 bölgədə təntənə ilə qarşılandı. Qeyd olunduğu kimi, bu Oyunlar Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman bayramıdır. Artıq yarışlara sayılı günlər qalır. Mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olmaqla başqa dövlətlərə nümunə, örnək olan Azərbaycan təcrübəsi göstərir ki, irqçiliyin, ksenofobiya və islamofobiyanın hökm sürdüyü bir zamanda tolerantlıq və birgəyaşayış qaydaları ölkəmizdə normal həyat tərzidir. Qarşılıqlı etimad və milli dəyərlərə sadiqlik İslam həmrəyliyini gücləndirəcək dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünya ictimaiyyəti görəcək ki, siyasi, iqtisadi sahədə uğurlar qazanan Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Təşkilat Komitəsinin ilk iclasında “Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında qeyd olunduğu kimi, paytaxtımız qonaqlarını qəbul etməyə hazırdır və nəzərdə tutulan bütün məsələlər yüksək səviyyədə təşkil olunub. Belə ki, yarışların keçiriləcəyi bütün idman obyektləri Oyunların açılışına və keçirilməsinə tam hazırdır.

“Azərbaycanda çox vacib irimiqyasılı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır” söyləyən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva vurğuladı ki, biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Bütün müsəlman dövlətləri ilə əlaqələrini dostluq və qardaşlıq, qarşılıqlı hörmət əsasında quran, müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycanın sabitlik məkanı olması idman ölkəsi kimi dünya birliyində də nüfuzunu artırır, müsəlman ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə səbəb olur.

Dünyada idman ölkəsi kimi tanınan respublikamızın idmançılarının birinci Avropa Oyunlarında 56, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri qazanması Azərbaycan dövlətinin potensialının, gənclərimizin istedad və bacarığının məntiqi nəticəsidir.

Dostluq, qardaşlıq və həmrəylik yarışları kimi tarixdə, yaddaşlarda qalacaq IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız uğurları ilə yarış cədvəlinin ilk pillələrində yer alaraq pərəstişkarlarına qələbə sevinci bəxş edəcəklər. Bunun üçün idmançılarımızın təcrübəsi, bacarıqları, ustalıqları yetərincədir. Bir neçə gündən sonra qonaqlarını qəbul edəcək paytaxtımızın siması da dəyişilib. 57 müsəlman ölkəsini təmsil edən idmançılar İslamın sülh, bərabərlik dini olduğunu həmrəylikləri ilə subut edəcəklər. Yarışlarda 17 müxtəlif idman obyekti ilə yanaşı, 21 qeyri-yarış məkanından da istifadə olunacaq. “Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulur” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva əlavə olaraq bildirir ki, 50-dən çox ölkədə bir milyarddan artıq tamaşaçının yarışları izləməsi Oyunların möhtəşəmliyinin ifadəsidir. Yarışlara 3 mindən çox idmançının qatılacağı nəzərdə tutulur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir. IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell” Arena, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yəni yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. Əvvəl olduğu kimi, bu Oyunlarda iştirak edəcək idmançılar Atletlər Kəndində, yarışları işıqlandıracaq kütləvi informasiya vasitələrinin nümayəndələri isə Media Kəndində yerləşdiriləcəklər. Birinci Avropa Oyunları zamanı ən yüksək səviyyədə təşkil olunan xidməti ilə diqqət çəkən Atletlər Kəndində yaradılan şəraitdən razı qalan idmançılar ölkəmiz haqqında müsbət rəylərini, ürək sözlərini də bildirdilər. Azərbaycanda gördüklərindən heyran qaldıqlarını etiraf etdilər. 

“Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik” söyləyən Mehriban xanım Əliyeva onu da vurğuladı ki, “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik: “Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq.” 

Xuraman İsmayılqızı, “İki sahil”