“Biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır”.
Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində söylədiyi bu fikirlər Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinin qarşıda duran əsas tələblərdən biri kimi də xarakterizə edir. Dövlət başçısı müşavirədəki nitqində ölkə iqtisadiyyatının inkişafında, xüsusilə də ixrac potensialının artmasında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün öz tövsiyələrini verib: “Bizim beynəlxalq sərgilərdə iştirakımızın əsas vəzifəsi məhsulumuzu orada təbliğ etməkdir. Ən gözəl nəticə ondan ibarət ola bilər ki, o sərgi zamanı hansısa bir kontrakt da imzalansın. Ona görə, sərgilərdə iştirakımız praktiki məna daşımalıdır. Biz dünyanın bütün aparıcı sərgilərində iştirak etməliyik. Dövlət qurumları və sahibkarlar bunu öz iş qrafiklərinə salmalıdırlar. Çünki bundan sonra biz ixrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik”.
Azərbaycanın ixracat potensialının artırılmasını şərtləndirən amillərdən biri də ölkədə istehsal olunan rəqabətədavamlı məhsulların xaricdə tanıdılmasıdır. Dövlət başçısı Azərbaycan məhsullarının xaricdə tanıdılması məqsədilə “Azexport” portalının imkanlarından da geniş istifadə etməyin mühüm əhəmiyyət daşıdığını deyib: “İndi biz “Azexport” portalını müfəssəl məlumatlarla təmin etməliyik. Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaq. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında “Azexport” portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq”.
Xatırladaq ki, Azexport.az resursu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixli Sərəncamı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Bu portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir. Həmin missiyanı həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə “Azexport”a inteqrasiya olunublar.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan indiyədək bu portal vasitəsilə 100 milyon dollar civarında ixrac sifarişləri alıb. Ən çox sifarişlərin kənd təsərrüfatı məhsullarına olduğunu deyən icraçı direktorun sözlərinə görə, ilin sonuna qədər sifarişlərdən əldə olunan vəsaitlərin həcminin bir neçə dəfə artacağı proqnozlaşdırılır: “Ən çox kənd təsərrüfatı məhsullarına tələbat var. Sevindirici haldır ki, hazır məhsullara da maraq var. Xüsusən də içkilərə tələbat çoxdur. Həmçinin sənaye məhsullarından alüminium və mebel sənayesi məhsulları üzrə sifarişlər alırıq”.
Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonları üzrə 2017-ci ilin İnvestisiya Reytinqini də açıqlayıb. İnvestisiya reytinqi haqqında tədqiqatlar respublikanın əsas şəhər və rayonlarında aparılıb. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib. Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabətqabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır.
İnvestisiya reytinqinə görə, ən yüksək hədd 0.785 faizlə Bakı şəhəri üzrə müəyyən olunub. 2017-ci il üzrə Rayonların İnvestisiya Reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayıt, Şirvan, Gəncə və Naftalan şəhərləri yer alıb. Bundan başqa, “Top-10”luqda Abşeron, İmişli və Culfa rayonları da qərarlaşıb.
Ekspertlərin fikrincə, miqyas effektini nəzərə alaraq, İnvestisya reytinqində paytaxtın I yerdə olması təbii haldır. Çünki ölkə iqtisadiyyatının əsas ağırlığı məhz Bakının üzərinə düşür və real sektor paytaxtda təmərküzləşib. Ümumilikdə isə bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub. Bu isə regionların gələcək inkişafı ilə bağlı müsbət proqnoz verməyə imkan yaradır.
Elxan Salahov, “İki sahil”
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında