Prezident İlham Əliyev: Böyük satış şəbəkələri ilə əməkdaşlıq qurmalıyıq
“Bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik”. Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində söylədiyi bu fikirlər Azərbaycan iqtisadiyyatının reallığını göstərən və gələcək perspektivini müəyyənləşdirən əsas amillərdir. Dövlət başçısı həmin müşavirədəki nitqində ölkə iqtisadiyyatının inkişafında, xüsusilə də ixrac potensialının artmasında sahibkarlıq fəaliyyətinin önəmini xüsusi qeyd edib: “Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüşlər keçirilib. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında qəbul edilən qərarlar, qanunlar da iqtisadiyyatın daha sürətli inkişafına, ölkənin ixrac potensialının genişlənməsinə şərait yaradıb. Artıq qeyri-neft ixracı ilə bağlı atılmış addımlar tədricən müsbət nəticələr verməkdədir və bu dinamika ildən-ilə daha aydın görünməyə başlayıb. Məsələn, bu ilin birinci rübündə ölkə iqtisadiyyatında qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Təkcə bu ilin ilk 3 ayında 80 mindən çox yeni iş yeri yaradılıb. Bu dövr ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz azalıb. Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb.
Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən müşavirədə səsləndirilən fikirlərdən belə məlum olur ki, bundan sonra iqtisadiyyatın daha da inkişaf etdirilməsi siyasətində ixrac potensialı üstün mövqedə olacaq. Bunun üçün hökumət qarşısında xüsusi tələblər də qoyulub. Belə ki, Prezident həmin müşavirədəki nitqində dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıb ki, ixrac potensialını genişləndirmək üçün investisiya mühiti genişləndirilməli və böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurulmalıdır: “Bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir”.
Yeri gəlmişkən, mötəbər beynəlxalq təşkilatlar da öz hesabatlarında Azərbaycanın investisiya mühitini yüksək reytinqlərlə qiymətləndirir. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görüb. Bu isə o deməkdir ki, Azərbaycan bir il ərzində reytinq cədvəlində 3 pillə irəliləyib. Bütövlükdə isə Azərbaycan iqtisadi liberallaşma, investisiya mühiti və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda qərarlaşıb. Bütün bunlar xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Prezident İlham Əliyev bəyan edib ki, yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Çünki gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, həm də ayrı-ayrı rayonların iqtisadiyyata nə qədər sərmayə gətirməsi, ixrac yönümlü məhsul istehsalının həcmi kimi amillərə əsaslanacaq.
Xarici bazarlara çıxış imkanları genişlənən Azərbaycan iqtisadiyyatının qarşısında bir mühüm şərt də var: ixrac prosedurları mütləq sadələşdirilməlidir ki, Azərbaycanla ticarət qurmaqda maraqlı olan biznes şəbəkələri heç bir maneə olmadan bu işi reallaşdıra bilsinlər. Ölkə rəhbərliyinin nəzarəti altında bu istiqamətdə də mühüm addımlar atılır.
Elxan Salahov, “İki sahil”
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında