19 aprel 2017 23:12
701

“Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır

Son illər dünyada davam edən maliyyə böhranından ən az itki ilə çıxan Azərbaycanda neqativ proseslərin ölkə iqtisadiyyatına təsirini neytrallaşdırmaq üçün həyata keçirilən Dövlət proqramları, qəbul olunan qərarlar müsbət nəticəsini verir. Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin azalmasının iqtisadiyyata təsirini minimuma endirmək üçün həyata keçirilən əsaslı tədbirlərdən biri də qeyri-neft sektorunu inkişaf etdirmək, yerli məhsulların ixracını artırmaq, dünya bazarlarına çıxışın təmin olunmasıdır. Aparılan islahatların nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatlarında islahatçı ölkə kimi tanınan Azərbaycanın uğurları maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Neft və neft məhsullarının qiymətlərinin kəskin aşağı düşdüyü bir zamanda “Fitch”” Reytinq Agentliyi tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB” investisiya səviyyəsində bir daha təsdiqlənməsi eyni zamanda ölkə iqtisadiyyatının sabit potensialını nümayiş etdirir. 

Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ixracın stimullaşdırılmasına şərait yaradan amillər barədə aparılan ətraflı müzakirələrin əsas istiqaməti məhz sahibkarlığı genişləndirməklə özəl sektorun inkişafına, ixrac potensialının artırılmasına nail olmağın yollarını müəyyənləşdirmək idi. Respublikamızın zəngin təbii resurslarını nəzərə alaraq demək olar ki, ixracın təşviqi üçün potensial, baza var. Sahibkarlığın inkişafı üçün imzalanan sərəncamlara müvafiq olaraq iş adamlarının məhsul ixracı zamanı xərcin bir hissəsini dövlətdən subsidiya kimi almaları ilə bağlı qaydalara əlavələrin olunmasında, daha münbit şəraitin yaranması üçün nəzərdə tutulan Strateji Yol Xəritəsinin həyata keçirilməsində məqsəd budur ki, yaranan məhsul bolluğu ölkəyə valyuta axınını gücləndirsin, ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi korrupsiya hallarının aradan qaldırılmasını təmin etsin. Artıq istiqamətlər dəqiqləşdirilib. Ödəniləcək pul və yaxud ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə ölkədən kənara göndərilən malın gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 faizini təşkil edəcək. Bu kimi güzəştlər iş adamlarına göstərilən maddi, mənəvi dəstəyin nümunəsidir. 

Məqsəd budur ki, qeyri-neft sektorunun ÜDM-də rolu gücləndirilsin, Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan yerli məhsulların sayı artsın, ixracda payı daha böyük rəqəmlərlə ifadə olunsun. Qəbul edilmiş qərarlar, qanunlar, dövlət başçısının imzaladığı fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaradır. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq nəticələrini verməkdədir. “Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm də əlavə qazanc əldə edir, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük həcmdə sərmayə cəlb edilir.

Prezident İlham Əliyevin imzaladığı “ 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında”, “Qeyri-neft məhsullarının icrasının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlarda vergi sisteminin əsaslı sürətdə yenilənməsinin təminatı, biznes aləmində vergi proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması rəqabət qabiliyyətinin artırılması başlıca vəzifə kimi nəzərdə tutulur. Belə bir sistemin tətbiqi bir sıra istehlak mallarının-uşaq qidalarının, məktəbli ləvazimatlarının, dərman vasitələrinin, əlillər üçün məhsulların və mühüm əhəmiyyətli digər malların qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. 

 Aparılan siyasət nəticəsində möhkəmlənən özəl sektorun ÜDM-də payının artması , yeni istehsal sahələrinin yaradılması xarici bazarlara çıxmaq imkanlarını genişləndirir. İxracın təşviqi məqsədilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət iqtisadi nümayəndəlikləri fəaliyyət göstərir, iqtisadiyyatda yeni islahatların tətbiqinə diqqət artırılır, idarəetmədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün imkanlardan səmərəli istifadə yolları müəyyənləşdirilir. Beləliklə, xarici ölkə bazarlarına “Made in Azerbaijan” brendli məhsulların çıxarılması imkanları artır. Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqındakı Fərman dünyada geniş yayılan mütərəqqi təcrübənin ölkəmizdə tətbiqinə stimul verir. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxildir.

Müşavirədə qeyd olunduğu kimi, Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan pambıq və fındığın ixracında problem yoxdur. 22 rayonda yetişdirilən pambıq, Qəbələdəki fındıq zavodunda emal olunmuş məhsullar İtaliya, İspaniya, Almaniya və MDB ölkələrinin bazarlarında ölkəmizi tanıdır. 700 milyon dollardan çox sərmayə ayrılan SOCAR-ın Polimer Kompleksinin (Sumqayıt Sənaye Parkı), 2018-ci ildə istifadəyə veriləcək azot gübrələri zavodu kimi iri müəssisələrinin, Daşkəsəndə tikintisi nəzərdə tutulan metallurgiya kompleksinin, mədənçilik kompleksinin istismarı ilə ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənəcək. “Biz yeni bazarlara çıxmalıyıq Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz oraya çıxmalıyıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın gələcək hədəfləri bəllidir və həllini tapacaq. 

“Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır” söyləməklə ixrac prosedurlarını sadələşdirməyin əhəmiyyətini də qeyd edən dövlət başçımız bir çox ölkələrdə yaradılan və perspektivdə açılması gözlənilən ticarət evlərini dünya bazarlarına açılan yol kimi də dəyərləndirdi. Belarusda, Rusiyada, Ukraynada, Qazaxıstanda, Asiya qitəsində, Sində, Körfəz ölkələrində belə evlərin təşkili ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. “Azexport”” portalı da müsbət nəticələrini verəcək.

“Made in Azerbaijan”” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, yeni bazarlara çıxmaqla coğrafiyanın şaxələndirilməsinə, məhsulların pasportu kimi xüsusi əhəmiyyətə malik qablaşdırma prosesinə diqqət yetirilməlidir.

 Müşavirədə müdafiə sənayemizi inkişaf etdirməklə hərbi texnikanın ixracı ilə bağlı müsbət fikirlər səsləndirildi. Bakıda iki dəfə keçirilən beynəlxalq müdafiə sərgisinin təşkili, Azərbaycan brendi ilə nümayiş etdirilən hərbi təyinatlı avadanlıqlara maraq ixracın təşviqi üçün real mənbə hesab olundu. “Biz təbii ki, öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik” söyləyən Prezident İlham Əliyev keyfiyyəti baxımından dünya standartlarına uyğunlaşdırılan yerli resurslardan istehsal olunan məhsulların dünya bazarlarına çıxarılması üçün yaranan şəraitdən səmərəli istifadəni ixracın intensivləşməsində başlıca amil kimi dəyərləndirir. “Made in Azerbaijan”” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq.

Xuraman İsmayılqızı, “İki sahil”