Heydər Əliyev və iqtisadi islahatlar
«O dövrlərdə ( sovet dövrü) yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.» Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra söylədiyi bu fikirlər 1969-82-ci illərdə bu günümüz üçün yaradılan möhkəm iqtisadi potensialın təqdimatı kimi dəyərləndirilməlidir. Bu reallıq inkaredilməzdir ki, Ümummilli Lider 1969-cu ildə birinci dəfə Azərbaycan rəhbərliyinə başlayan zaman ölkəmiz sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat demək olar ki, inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş ittifaq miqyasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi.
Azərbaycanın 1969-cu ildən keçdiyi yolu dövlətimizin başçısı İlham Əliyev belə şərh edir: « 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır.» Keçilən yolun, həyata keçirilən islahatların təhlili fonunda bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı şöhrətləndirdiyi halda, 1993-cü ildə isə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı.
Ulu Öndərin iqtisadi islahatlarından bəhs edərkən sözsüz ki, Naxçıvan dövründə görülən işləri xüsusi qeyd etməliyik. Bu gün ÜDM-də 85 faizdən artıq payı olan özəl bölmənin inkişafı üçün ilk addımlar məhz o illərdə atıldı. «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarlar qəbul etməklə sahibkarlıq üçün geniş imkanlar formalaşdırıldı. Ümummilli Lider bildirirdi ki, əgər biz istəyiriksə döğrudan da, respubilkamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edək, xalqımızın rifahını yaxşılaşdıraq, iqtisadiyyatı yüksəldək, onda biz bazar iqtisadiyyatı yolu ilə getməliyik. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sabihkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanıldı.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın dirçəlişi dövrü kimi tarixə yazılan 1993-2003-cü illərdə aqrar islahatlar və onların əsas tərkib hissələrindən olan torpaq imslahatları həyata keçirildi. Kənd təsərrüfatı məhsullarının istehsalı artırıldı, istehlakçıların maddi rifah halı yüksəldildi, istehsal şəraiti yaxşılaşdırıldı, Azərbaycan əkinçisi torpaq mülkiyyətçisinə çevrildi. Ulu Öndər bu çağırışı etdi: «Özəl sektorun inkişafı dövlət mülkiyyətinin dağıdılması yolu ilə yox, dövlət mülkiyyətinin qanun-qayda ilə, ədalətlə özəlləşdirilməsi yolu ilə getməlidir.» Bu çağırış uğurlu və davamlı islahatların nəticələrində öz əksini tapdı.
Ümummilli lider Heydər Əliyev hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunun danılmaz olduğunu bəyan edirdi. «İqtidiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi həyata keçirilən siyasətin əsasında dayandı. İqtisadiyyatın inkişafında neft amilinə verilən dəyər onun uzvqgörən siyasətinin nəticəsi idi. Azərbaycanan malik olduğu təbii resurslardan səmərəli istifadənin əsası kimi dəyərləndirilən, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsi bugünkü uğurlarımızı şərtləndirdi. Dünya təcrübəsinə istinadən bildirilirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində imzalanan «Əsrin müqaviləsi» Azərbaycana investisiya axınını, dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi. Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiyanın qoyuluşu möhkəm təmələ əsaslanır. Azərbaycanın sabitlik diyarı kimi tanınması, ən əsası islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu, təkmil islahatların nəticəsidir. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın irəli sürdüyü hər bir təşəbbüs gerçəkliyə çevrilir. Prezident İlham Əliyev neft strategiyasının ölkəmizə qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsi olaraq bildirir ki, «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və siyasi mövqeyinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Artıq dünya TAP, TANAP, «Cənub Qaz dəhlizi» layihəsindən, iştirakçı ölkələrə qazandıracağı dividentdən bəhs edir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın davamlı uğurlarının əsası kimi dəyərləndirilir. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu da ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» fikri ilə Dövlət Neft Fondunun yaradılmasında əsas məqsədin nədən ibarət olduğunu açıqladı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq kriteriyalarının qorunmasında əsas rol oynayan Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafını stimullaşdırır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istnadən işlənib hazırlanan iqtisadi inkişaf stregiyası təbii resurslarla zəngin ölkələrdə müşahidə olunan təbəqələşmə prosesinin ölkəmizdə müşahidə olunmamasını təmin etdi. Neft gəlirləri ədalət prinsipi əsasında bölünür, təyinatı üzrə xərclənir.
Təbii ki, bir yazı çərçivəsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi islahatları tam əhatə etmək mümkünsüzdür. Hakimiyyətinin hər iki dövründə Azərbaycanı güclü, qüdrətli ölkə kimi görmək istəyi onun davamlı islahatlar aparmasında stimulverici amil rolunu oynayırdı. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, vaxt gələcək Azərbaycan öz uğurları, inkişaf strategiyası ilə nümunə olacaq, hər bir azərbaycanlı belə bir ölkənin vətəndaşı olması ilə qürur duyacaq. Bugünümüzün reallıqları əsasında deyə bilərik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf edir, möhtəşəm uğurlara imza atır. Məhz təkmil islahatların nəticəsində iqtisadi inkişafı möcüzə kimi dəyərləndirilən Azərbaycan hər sahədə nümunə göstərilir.
Bu gün Azərbacan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi amilin rolunu hər zaman önə çəkərək, bu hədəfi ilk gündən qarşıya qoydu ki, neft kapitalını insan kapitalına çevirək. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafı reallıqdır. Ümumiləşdirilmiş şəkildə desək, 25 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın inkişaf modelinin dünyada dəstəklənməsi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruması təkmil sosial-iqtisadi islahatların nəticəsidir. 12 istiqaməti əhatə edən yol xəritələri davamlı inkişafı yolunu seçən Azərbaycanın qarşısında yeni-yeni imkanlar açacaq.
Nüsrət Məmmədov, «İki sahil»
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında