19 aprel 2017 18:59
820

Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Tarixin bütün sınaqlarından üzü ağ çıxan Azərbaycan xalqı 1990-cı illərin əvvəlində olduqca çətin vəziyyətə düşmüşdü. Bu illərdə xalqımız milli sərvəti olan müstəqilliyini bərpa etsə də, qara buludlar başımızın üstündən çəkilmədi. Bir tərəfdən Ermənistanın işğalçı siyasəti, digər tərəfdən isə hakimiyyətdə olan bir qrup şəxsin səriştəsizliyi səbəbindən ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Eyni zamanda vətəndaş müharibəsi qaçılmaz olurdu. Təbii ki, belə bir siyasi böhran şəraitində heç bir inkişafdan, rifahdan söhbət belə gedə bilməzdi. Butün sahələr, o cümlədən iqtisadiyyat tam çökmüşdü, vəziyyət son dərəcə dözülməz idi. Məhz belə bir şəraitdən çıxış yolu tapmaq üçün Azərbaycan xalqı o zaman Naxçıvanda olan dahi lider, uzaqgörən siyasətçi, Vətəninə, xalqına bağlı olan Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Xalqın və dövlətinin taleyinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Artıq Azərbaycan əmin əllərdə idi.

Sözsüz ki, dahi lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra görəcək işləri həddindən artıq çox, olduqca vacib və təxirəsalınmaz idi. Eləcə də ölkəni maliyyə böhranından çıxaracaq iqtisadi islahatlar. Beləliklə 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü islahatlar, ictima-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və Azərbaycanda iqtisadiyyatın mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ağır şərtlərə baxmayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində olduqca böyük nailiyyətlər əldə olundu. Ən əsası isə  iqtisadi islahatların və inkişafın mahiyyət etibarıilə yeni bir modeli- Azərbaycan modeli yaradıldı. Dahi liderin rəhbərliyi ilə bu islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. 

Aparılan təhlillər göstərir ki, 1997-ci ildən başlayaraq sənaye məhsullarının istehsalında əsaslı artım müşahidə olunmağa başlayıb. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olub. Paralel olaraq digər istehsal sahələrində geriləmənin sürəti azalıb, bəzi sahələrdə tamamiilə dayanıb, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edib. Sənayenin inkişafı ilə yanaşı, Heydər Əliyev kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirirdi. Məhz bu diqqət nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul olundu, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.  Həyata keçirilən qətiyyətli islahatlar nəticəsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində stabilləşmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin, valyuta bazarının liberallaşması və həyata keçirilən digər tədbirlər nəticəsində mikroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunması təmin olundu.

Şübhəsiz ki, Azərbaycanın iqtisadi siyasətinin öncül istiqaməti neft strategiyasının hazırlanması olub. Müəllifi dahi lider Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı ölkələrinin (ABŞ, Böyük Biritaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya Səudiyyə Ərəbistan) məşhur neft şirkətləri (Amoko, BP, MokDermott, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları və sair ) arasında Xəzərin Azərbaycan hissəsindəki “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlandı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublika daxilində sabitliyin bərqərar olmasında, həm də xarici siyasətdə uğurların əldə olunmasında müstəsna rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli xətlərin axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Məhz Heydər Əliyev neft kəmərlərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi üçün danışıqları intensivləşdirilməyə başladı. Hazırda Azərbaycan neftinin dünya bazarına çıxmasında bu xəttin rolu əvəzsizdir. Bununla yanaşı, Heydər Əliyev Azərbaycan qazının dünya bazarına çıxması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoyub.

“Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı. “Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz” deyən və ölkədə xarici biznes adamları üçün “açıq qapılar” siyasəti elan edən ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu ölkələrin iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi özünü çox gözlətmədi. Artıq 1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci ildə Azərbaycan 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi. 1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə- yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi idi. Bu işdə Dahi liderin qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb. Heydər Əliyev 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.

Sevindirici haldır ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə  həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının davamı kimi, Prezident İlham Əliyev iqtisadi inkişafımızı daha da sürətlə irəliyə aparır. Görülən işlər şübhəsiz ki, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Danılmaz faktdır ki, Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması Dahi liderin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Taleh Bağırov, “İki sahil”

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir