19 aprel 2017 14:55
1272

Qeyri-neft sektoru inkişaf edib, ixrac potensialı güclənib

İlham Əliyev: Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik

Prezident İlham Əliyevin düşünülmüş siyasəti, güclü iradəsi və düzgün seçilmiş ardıcıl fəaliyyətinin nəticəsində  ölkə iqtisadiyyatının son 10 ildəki inkişaf tendensiyaları özünü qabarıq şəkildə göstərməkdədir. Ölkəmizin başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün çox geniş imkanlar yaradıb. Kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 

Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.

Aparılan təhlillər, nüfuzlu beynəlxalq qurumların hesabatları bir daha təsdiq edir ki, hazırda respublikamızda qeyri-neft sektorundan ixracın artım tempi bu sektorun özünün inkişaf sürətinə tam adekvatdır. Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun  daha da inkişaf etdirilməsi məqsədilə investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin, subsidiyaların verilməsinə, qanunvericilik bazasının təkmilləşdirilməsinə dövlət dəstəyi gücləndirilmiş, regionların sürətli inkişafına dair Dövlət proqramları qəbul edilmişdir. Ölkəmizin müxtəlif bölgələrində sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması infrastruktur şəbəkələrinin genişləndirilməsinə, aqrar sahədə məhsul istehsalının həcminin artırılmasına, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə və diversifikasiyasına, eləcə də ölkənin xarici ticarət dövriyyəsinin artmasına böyük töhfələr vermişdir. Son illərdə  aqrar sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə respublikamıza möhkəm valyuta axınını təmin etmək, qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılığı aradan qaldırmaq yolunda mühüm nailiyyətlər əldə edilib.
Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində son illərdə  kənd təsərrüfatında iqtisadi inkişaf proseslərinin artım tendensiyası müşahidə olunmaqdadır.  

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı bildirib ki, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq”. 

Dövlətimizin başçısı qeyd edib ki, artıq Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. İnvestisiya təşviqi mexanizmi işə salınıb. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilib. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır. Yəni bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, investisiya üçün nə qədər vəsait cəlb edilib. Sahibkarlar özləri bunu təşkil edirlər: “Bizim təşviq təşəbbüsümüz çox böyük qiymətə layiqdir. Bununla bərabər, keçən il biz “Azexport” portalını yaratdıq. Bu da dövlət tərəfindən atılmış addımdır ki, biz sahibkarların işini yüngülləşdirək. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki olmur. Ancaq “Azexport” portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq.”

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində müxtəlif dövlətlərlə siyasi əlaqələrimizin güclənməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda uğurlu təşviqi, ayrı-ayrı ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması nəticəsində qeyri-neft sektoru məhsullarının ixracının artırılması ölkəmizə valyuta axınının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı 2016-cı ildə respublikamıza ən çox valyuta gətirən məhsulları da açıqlayıb: “Birinci yerdə fındıqdır. Bu məhsul ölkəmizə 105 milyon valyuta gətirib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda, bu il badam bağlarının salınmasına başlanılıb. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var. Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıq qərarlaşıb. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik. Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Azərbaycanda qeyri-neft sektorunda kifayət qədər ciddi inkişaf tempi müşahidə olunacaq.  Şübhəsiz ki,  bu da ümumi ixracatda qeyri-neft sektorunun payının artmasına təsirsiz ötüşməyəcək:  “Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır”.

Zahid Rza, “İki sahil”