19 aprel 2017 14:51
1993

Aprel döyüşləri ordumuzun gücünü göstərən qələbədir

“Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik.” 
Aprel döyüşlərində Azərbaycan Ordusunun işğalçı Ermənistanın fərari ordusu üzərində qələbəsini bu sözləri ilə diqqətə çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyev düşmənin güclü ordu barədəki miflərini dağıtmaqla Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini fərəhlə qeyd edir. Sərhədlərini belə başqalarının hərbi dəstəyi ilə qoruyan Ermənistanın darmadağın ordusunun məğlubiyyəti onu da sübuta yetirdi ki, bölgədə güclü, nizami ordu varsa, o da Azərbaycan Ordusudur.
Uğurları ilə öyündüyümüz güclü ordunun təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən muxtar resublikada ilk sərhəd dəstəsini və Milli Ordu hissəsini təşkil edən ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ilk diqqət yetirdiyi sahə də elə nizami ordu quruculuğu olmuşdur. Onun sayəsində ordu quruculuğu sistemli xarakter aldı və bu proses uğurla davam etdirildi. Müstəqilliyimizin ilk illərində milli müdafiə dəstələri kimi yaradılan, lakin müəyyən qüvvələrə xidmət göstərən könüllülərdən ibarət dağınıq dəstələri ləğv etməklə nizami ordu quruculuğunun əsasını qoyan Heydər Əliyev sonralar Ali Baş Komandan kimi ordu hissələrinin təkmilləşdirilməsi üçün güclü islahatlar apardı. Azərbaycanın üzləşdiyi ictimai-siyasi və hərbi böhran vəziyyətindən çıxış yolu kimi qüdrətli ordunun formalaşması demək olar ki, dövlət siyasətinin əsas prioriteti kimi diqqətdə saxlanıldı. Qoşun hissələrində xidmət edən əsgər və zabitlərlə, xidməti yaşına çatmış gənclərlə görüşlərində hərbi vətənpərvərlik hisslərinin yüksəlməsini başlıca amil kimi diqqətə çatdıran Ulu Öndər bu sahədə kompleks quruculuq işlərinin əhəmiyyətini həyata keçirdiyi islahatlarla təsdiqlədi.

Hələ sovetlər dövründə Azərbaycanın milli ordusuna ehtiyac duyulacağını uzaqgörən siyasəti ilə proqnozlaşdıran Ümummilli Lider ordu quruculuğu kimi mühüm prosesə 1970-ci ildə C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla başlamışdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir hərbi xidmət sahəsi yoxdur ki, orada Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. İxtsaslaşmış bu hərbi məktəbi yaratmaqla Azərbaycanın müstəqilliyini, respublikamızın strateji maraqlarını düşünən ulu öndər Heydər Əliyev hərbi sahədə həyata keçirdiyi islahatlarda, strukturların formalaşdırılmasında həmin məktəbin məzunlarına kadr potensialı kimi inam, xüsusi diqqət və qayğı ilə yanaşırdı.

“Bizim məqsədimiz müharibə etmək deyil, Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” söyləyən ümummilli lider Heydər Əliyevin ordunun möhkəmləndirilməsi istiqamətində apardığı islahatların məntiqi nəticəsi bu gün qürur duyduğumuz Silahlı Qüvvələrimizdir. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən Ulu Öndər bildirirdi ki, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq, torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. Orduya qayğını gücləndirməklə bu siyasəti davam etdirən Ali Baş Komandan İlham Əliyev bildirir ki, güclü Azərbaycan Ordusu malik olduğu ən müasir hərbi texnikası, silah-sursatı ilə düşmənin istənilən strateji, hərbi obyektini məhv etmək iqtidarındadır: “Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək.” 

Xalqla ordunun vəhdətini dövlətin qüdrətlənməsinin başlıca amili hesab edən, sərhədlərimizin qorunmasını ən şərəfli vəzifə kimi dəyərləndirən Ulu Öndər müdrikcəsinə bildirirdi ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Xalqın bir hissəsi olan ordunun birliyini yüksək qiymətləndirən Ulu Öndər müharibə şəraitində yaşayan Azərbaycanın hərbi qüdrətinin möhkəmləndirilməsi üçün apardığı bütün islahatlarda bir məqsəd naminə çalışırdı: Ordunun qüdrətlənməsi ilə respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın milli kadrlardan formalaşan Silahlı Qüvvələrini beynəlxalq standartlara uyğunlaşdırmaq. Ümummilli Liderin təşəbbüsü ilə Bakı Ali Ümumqoşun Komandirləri, Xəzər Ali Hərbi Dənizçilik, Milli Hərbi Aviasiya məktəbləri yaradıldı. Hərbi kadr və ixtisaslı mütəxəssislərin hazırlanması üçün qonşu dövlətlərlə əməkdaşlığa üstünlük verildi.

Ali Baş Komandan İlham Əliyevin bu siyasətə sadiqliyinin nəticəsidir ki, Ulu Öndərin ordu quruculuğuna göstərdiyi diqqət bu gün eyni inamla davam etdirilir. Bu gün böyük iftixar hissi ilə deyirik ki, ordumuz respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını layiqincə qoruyur. Hazırda 1000-dən çox hərbi, müdafiə xarakterli silah, avadanlıq və sursat istehsal edən, beynəlxalq sərgilərdə Azərbaycanı ləyqətlə təmsil edən Müdafiə Sənayesi Nazirliyinin yaranması, “Hərbi doktrina”nın qəbulu göstərir ki, ordu quruculuğunda islahatlar Heydər Əliyev ideyalarına uyğun davam etdirilir. Ölkəmizdə təşkil olunan, dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi nümayəndə heyətinin iştirak etdiyi “ADEX-2016” sərgisində 260 adda “Made in Azerbaijan”” məmulatı nümayiş etdirildi. “ADEX-2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan və ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınlarını, pilotsuz uçuş aparatlarının ən yeni tipli təkmilləşdirilmiş variantlarını, yeni növ atıcı silahları, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş sursatları və onların partladıcı başlıqlarını və s. göstərmək olar. Sərginin keçirildiyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmalar əldə olunmuş, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılmışdır. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanmışdır. Ordu islahatlarının məqsədyönlü aparılmasının nəticəsidir ki, aprel döyüşləri Azərbaycanın qələbəsi ilə nəticələndi. 

Hərbi potensialımızın tükənməzliyini göstərən aprel döyüşlərindəki qələbələrimizi ordu quruculuğundakı islahatların uğuru kimi dəyərləndirən Ali Baş Komandan İlham Əliyev bildirir ki, bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.”

Xuraman İsmayılqızı, “İki sahil”