Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.
XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəlcə ictimai-siyasi sabitlik təmin edilib. Bundan sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verilib. İlk olaraq ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalanıb. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırılıb. Ümumiyyətlə Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən dövlət proqramları qəbul və uğurla icra edilib.
Ulu Öndər: Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır
Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanır, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edirdi. Ümummilli Liderin “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” sözləri onun sahibkarlara nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirirdi. 2002 -ci il aprelin 25-də sahibkarlarla görüşdə Ulu Öndər bildirmişdi ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: “Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir.”
Ümummilli Lider bildirirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarların fəaliyyətindən asılıdır: “Çünki iqtisadiyyat özəlləşdirilibsə, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq.”
Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində iş adamları üçün əlverişli mühit təmin edilmişdi. Ölkə rəhbərliyi daim sahibkarlara dəstək verir, yardımlarını əsirgəmirdi.
Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanı regionun ən güclü dövlətinə çevirib
Hakimiyyətinin ilk illərində ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükə altında olan ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır. Bunun üçün isə bir yol var idi. Neft-qaz sənayesini yenidən ayağa qaldırmaq. Məhz onun qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı. Neftçilər ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın uğurlarını önə çəkərək gələcəyə böyük inamla irəlilədiklərini bildirirlər. Yeni neft strategiyasının uğurlu icrası sayəsində ölkəmiz iqtisadi imkanlarını daha da artırıb, Avropanın etibarlı tərəfdaşına çevrilib.
“Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov neft sənayesinin inkişafı ilə bağlı Ulu Öndərin misilsiz xidmətləri barədə fikirlərini bizimlə bölüşür: “Biz bu gün böyük qürur hissi keçiririk ki, doğma Azərbaycanımız dünya iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində dünyanın bir çox aparıcı dövlətləri üçün bayraqdar olub və bu gün də Azərbaycan neftinin dünya şöhrəti daha da yüksəlməkdədir. Ulu öndər Heydər Əliyev dühasının bəhrəsi olan “Əsrin müqaviləsi”ndən başlayaraq dünyanın bir çox aparıcı dövlətlərinin iri şirkətləri ilə bağlanmış müqavilələr dünyanın gələcək taleyində böyük və əhəmiyyətli rol oynayan yeni neft strategiyasının əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bu strategiyanın maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur.” Biz böyük qürur hissi keçiririk ki, Azərbaycana dünya şöhrəti gətirmiş, elm, texnika, insan əməyinin bənzərsiz möcüzəsi olan Neft Daşlarında çalışırıq, əldə olunmuş nailiyyətlər estafetini davam etdirərək müstəqil dövlətimizə xidmət edirik, onun sarsılmazlığı və əbədiliyi üçün neft sahəsində böyük fədakarlıqla mübarizə aparırıq.”
Q.Mahmudov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın sükanında bu məktəbin gənc və istedadlı yetirməsi, mahir siyasətçi, Heydər Əliyev kursunun ən etibarlı davamçısı İlham Əliyev cənabları durur: “Biz neftçilər möhtərəm Prezidentimizin Neft Daşlarının 55 və 60 illik yubileylərində şəxsən iştirak etməsini, neftçilərimizlə isti və səmimi görüşlərini, təntənəli mərasimlərdə proqram xarakterli çıxışlarını yüksək dəyərləndiririk. Biz möhtərəm Prezidentimizin siyasətini, Azərbaycanın qüdrətlənməsinə yönəlmiş hər addımını dəstəkləyirik və əmin edirik ki, Ulu Öndərin böyük uzaqgörənliklə “XX əsrdən XXI əsrə atılmış bir körpü” adlandırdığı əfsanəvi Neft Daşlarının fədakar əməkçiləri neftçi və vətəndaşlıq borcunu ləyaqətlə və vicdanla yerinə yetirəcək, dövlətə və dövlətçiliyə xidmət edərək öz qəhrəmanlıq ənənələrini əzmlə davam etdirəcəklər.”
Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır
“Müasir tariximizin ən keşməkeşli dövründə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında əvəzsiz rolu olub” deyən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov bizimlə söhbətində vurğuladı ki, bu rolun əhəmiyyətini dərk etmək üçün Ulu Öndərin 3 istiqamətdə həyata keçirdiyi siyasəti qeyd etmək kifayətdir: “Bunlardan birincisi, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında açar nöqtəyə çevrilmiş neft strategiyasıdır: məhz o böyük dövlət xadiminin sayəsində 1994-cü ildə İran, Rusiya, Böyük Britaniya, ABŞ kimi bölgədə nüfuz mübarizəsinin əks qütblərində dayanan nəhəng dövlətlərin maraqları bir müqavilədə - “Əsrin müqaviləsi”ndə bacarıqla uzlaşdırıldı. Bu uzlaşma sonrakı illərdə Azərbaycanın hasilat sektorunda onlarla yeni müqavilərlərin imzalanmasını, 1995-2016-cı illərdə ölkənin neft-qaz sektoruna 68,2 milyard dollar xarici investisiyanın axmasını təmin etdi. Neft-qaz sektorunda həyata keçirilən çoxmilyardlı layihələr bu sahəyə bağlı olan və olmayan digər sahələrin də inkişafına təkan verdi.”
Ulu Öndərin Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi idarəetmədə islahatların aparılması istiqamətində atdığı mühüm addım Dünya Bankı qrupu və Beynəlxalq Valyuta Fondu ilə uğurlu əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan 1990-cı illərin ortalarından etibarən iqtisadi islahatları həyata keçirmək üçün böyük ehtiyac duyduğu yüz milyonlarla dollar güzəştli kreditləri əldə edə bildi. Sonrakı mərhələdə bu qurumlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarında icra olunan layihələrə milyardlarla dollar ayırdılar.
A.Hüseynovun sözlərinə görə, Ümummilli Liderin uğurlu iqtisadi siyasətindən danışarkən məhz onun özünün təşəbbüsü ilə Azərbaycanda başladılan böyük özəlləşmə və torpaq islahatını qeyd etməmək mümkünsüzdür: “Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun da nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.”
Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz yerini tutmaqdadır. Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir.
Rəşad Bağırov, “İki sahil”
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında