Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir: “Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Biz bu potensialı yaratmışıq. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir... Rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.” Atılan bütün addımların təməlində məhz vətəndaş amili dayanır. Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Son 13 ildən artıq dövrdə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə stimuldur. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin sahibkarlığın inkişafına yönələn addımları davamlıdır. Ölkə Prezidenti iclasda vurğulamışdır ki, bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcək. Bir sözlə, iqtisadiyyatda keçid mərhələsini başa vuran Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilib. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası növbəti sənədlərin qəbulunu şərtləndirir. Artıq regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı icra edilir.
Cənab İlham Əliyev çıxışlarında bildirir ki, irəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, onlarda böyük ruh yüksəkliyi yaradır. Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün dövlətimizin başçısının mütəmadi olaraq bölgələrdə, Bakıətrafı qəsəbələrdə olması, ictimaiyyət nümayəndələri ilə görüşərək onların problemləri ilə yaxından maraqlanması və aidiyyəti qurumlara tapşırıqlarını verməsi təbii ki, insan amilinə verilən dəyərə bir daha işıq salır. Xatırlasaq, cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. 13 il bundan öncə söylənmiş proqram xarakterli bu fikir reallıqlarda öz təsdiqini tapıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vaxtda bəzi ölkələrdə sosial ödəmələr azaldıldığı halda ölkəmizdə əmək haqları və pensiyalar artırıldı. Cənab İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”, həmçinin “Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncamları da bu siyasətin davamıdır. Sərəncama uyğun olaraq minimum əməkhaqqı yanvarın 1-dən 116 manat müəyyən edilib.
Prezident cənab İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 13 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək - Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır... İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik.” Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsəddən irəli gəlir. Sənədə əsasən, müxtəlif istiqamətləri əhatə edən strateji yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlar xüsusi diqqət çəkir. Yeni iş yerlərinin yaradılması hər zaman prioritetdir. Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli də dövlətimizin sosial siyasətinin əsas tərkib hissələrindəndir. Cənab İlham Əliyevin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı da bu istiqamətdə atılan addımlardandır. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdir. Bu günə qədər məcburi köçkünlər üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. O da məlumdur ki, Dövlət Neft Fondunun vəsait ayırdığı istiqamətlərdən biri qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə də aidiyyəti qurumlara mövcud problemlərin həlli ilə bağlı tapşırıqlar verilmişdir.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu əminliyi ifadə etmişdir ki, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri öz həllini tapacaq: “İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürələcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir.”
Güclü iqtisadi potensialın mövcudluğu təkmil sosial siyasətin həyata keçirilməsinə stimul verir. Bu uğurlar isə ümumilikdə davamlı inkişaf üçün əsasdır. Beynəlxalq qurumlar tərəfindən yol xəritəsi kimi dəyərləndirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra müxtəlif istiqamətlər üzrə strateji yol xəritələrinin hazırlanmasını özündə ehtiva edən Prezident Fərmanı bir daha təsdiqləyir ki, inkişafın Azərbaycan modeli dövrün tələblərinə uyğun daha da təkmilləşir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır.
Yeganə Əliyeva, “İki sahil”
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında