13 aprel 2017 22:41
1405

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

“Ancaq Bakı necə idi? Bu artıq yaddan çıxıb. Qaranlıq küçələr, bulvar nə gündəydi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar- bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi.” Prezident İlham Əliyevin qonaqlı-qaralı Bakı haqqında söylədiyi bu sözlər paytaxtımızın əsrarəngiz gözəlliyini vəsf edən kiçik bir yanaşmadır.

Şəhərimizin qonaqlarının da etiraf etdikləri kimi, ən inkişaf etmiş ölkələrlə müqayisədə belə alternativi olmayan Bakı bulvarı əsl mənada istirahət məskənidir. Ərazisi 3 kilometrdən 16 kilometrə çatdırılan bulvarla yanaşı, paytaxtın gül-çiçəyə bürünmüş park və meydanları quruluşu, gözəlliyi, milli ornamentləri əks etdirən dizaynı ilə diqqəti cəlb edir.

...Azərbaycanın dünya enerji bazarında güclənən mövqeyi demək olar ki, bütün beynəlxalq görüş və mərasimlərin ən aktual və dəstəklənən mövzularındandır. Beynəlxalq səviyyədə səslənən “XXI əsrdə inkişaf üçün böyük potensial vardır” söyləyənlər ilk növbədə bildirirlər ki, enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir, biz bunu dəstəkləyib davam etdirməliyik. Bakını Moskva, Monte Karlo və Parisin sintezi adlandıran xaricilər onu da əlavə edirlər ki, paytaxtımızın yenilənən infrastrukturu, mədəniyyəti və sakinlərinin dinamikliyi, respublikanın gələcəyinə inamları, müasirləşmə istiqamətində görülən işlərin ifadəsidir.

Azərbaycanda istehlak səviyyəsi durmadan artır, xalqın həyat şəraiti yaxşılaşır. Hökumət uğurlu iqtisadi strategiya seçib və Azərbaycan xalqı iqtidarı dəstəkləyir. Bakının infrastrukturu Qərb standartlarından heç də geridə qalmır. Bu, da səbəbəsiz deyil. Böyük Britaniyanın nüfuzlu “The Ekonomist” məcmuəsində 2016-cı il üçün dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəli və hesabatı dərc olunub. Mütəxəssisələrin bu sahədə apardıqları araşdırmalar nəticəsində tərtib olunan siyahıda dünyanın 10 ən yaşamalı, “həyat səviyyəsi yaxşılaşan şəhərlər” reytinqində Bakının da adının çəkilməsi bütünlükdə Azərbaycanda aparılan sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Ölkəmiz haqqında belə informasiyalar, dəyərləndirmələr reallağı əks etdirir. Sivilizasiyalar və qitələrarası körpü olan Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edənlərin Bakı haqqında təəssüratları həmişə yüksək olub. 

Beynəlxalq səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi baxımından Azərbaycanı xoşbəxt ölkə adlandırırlar. Ötən illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman və mədəniyyət mərasimləri aktuallığına və əhəmiyyətinə görə diqqəti cəlb edir. “Eurovision-2012”nin təşkilini heyrətamiz adlandıran xarici qonaqlar Azərbaycanın sosial-iqtisadi inkişafını, beynəlxalq standartlara cavab verən infrastrukturunu, tarixi və mənzərəli güşələrini düşünülmüş siyasətin uğurlu nəticələri, təbiətin möcüsəsi adlandırırdılar. Müasirliyi, gözəlliyi ilə qonaqları valeh edən “Baku Crystal Hall”da yaradılan şəraitdən məmnun qalan iştirakçılar kimi, ölkəmizə gələnlər də bu möhtəşəmliyi vəsf etməkdə acizliklərini etiraf edirdilər.

“Dünyada bir neçə ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxdıqda Avropa ölkəsi kimi təqdim edilir. Yəni, deyə bilərəm ki, Azərbaycanda bu sintez- mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu, bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir” söyləyən Prezident İlham Əliyev bildirir ki, güclü dövlət bizim ümummilli fikrimiz, ideyamızdır ki, bu təməlin əsasını da insana qayğı təşkil edir. Bakıda müxtəlif dinləri təmsil edən ali rəhbərlərin iştirakı ilə keçirilən sammitlərdə də belə bir fikir səslənirdi ki, Azərbaycan tolerant, multikulturalizm meyillərinin gücləndiyi iqtisadi inkişafı ilə fərqlənən ölkədir. Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir. 

BMT-nin insan inkişafı üzrə sonuncu məruzəsində insan inkişafının yüksək səviyyədə olduğu Azərbaycanın 187 ölkə arasında 76-cı yerdə olması ölkəmizdə davam etdirilən siyasətin, inkişafın beynəlxalq səviyyədə dəstəklənməsi idi. Dünya İqtisadi Forumunun ölkələrin qlobal rəqabət qabiliyyəti reytinqinə dair hesabatında Azərbaycanın 37-ci pillədə qərarlaşması da iqtisadi inkişafın dinamikliyini, əhalinin sosial müdafiəsinin təşkilinə yönəlmiş diqqəti əks etdirir Bir sözlə, neft kapitalının insan amilinə çevrilməsi çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən respublikadır. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. 

Bakının BMT-nin Sivilizasiyalar AlyansınınVII Qlobal Forumuna ev sahibliyi etməsi isə Azərbaycanın artan beynəlxalq nüfuzuna verilən dəyər idi. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində güclü iradə nümayiş etdirən, bu məqsədlə çoxsaylı Dövlət proqramlarının həyata keçirilməsini təmin edən, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla reallaşdrılması istiqamətində atdığı uğurlu addımlara görə Prezident İlham Əliyevin BMT-nin 2015-ci il üzrə beynəlxalq “Cənub- Cənub” mükafatı ilə təltif olunması Azərbaycanın sülh, dostluq, qardaşlıq ölkəsi kimi tanınmasının ifadəsidir. 

Bakının yeni simvolları və rəmzləri olan, adı müasir memarlıq inciləri arasında ön sırada çəkilən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov qüllələri”, “Baku Crystal Hall” Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Böyük Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Sarayının, Bakı Su İdman Sarayının, Bakı Atıcılıq Mərkəzinin açılması paytaxtımıza əlavə gözəllik bəxş etməklə ölkə gənclərinin idmana maraq və həvəsinin artırılmasında da əvəzsiz rol oynamışdır. Dünyada ilk olaraq paytaxtımızda Avropa Oyunları Parkı yaradıldı. Mingəçevirdəki “Kür”” avarçəkmə bazasında qurğular, tribunalar təşkil olundu. “Atletlər Kəndi” ilə yanaşı, Yay və Qış Olimpiya oyunları tarixində ilk olan “Media Kəndi” yaradıldı.

İdman komplekslərində təşkil olunan belə gözəl şəraitin nəticəsidir ki, birinci Avropa Oyunlarında 56 medal qazanan, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında aktivlərinə 18 medal əlavə edən idmançılarımız Azərbaycanı idman ölkəsi kimi tanıtdırdılar. Paytaxtımızda bir neçə il keçiriləcək “Formula-1”in təqdimatı, yarışın bütün qitələrdə yaşayan insanlar tərəfindən izlənməsi, bu yarışın yüksək səviyyədə təşkili, eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə vizit kartı kimi də dəyərləndirildi. Mühüm tədbirlər zamanı xalqımızın milli dəyərləri, adət-ənənələri, mətbəxi ilə tanış olan qonaqlar zəngin tarixə malik Azərbaycandan xoş təəssüratla ayrılırlar. Hətta ölkəmizdə yaşamaq istəklərini belə etiraf edirlər. 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi dörd ölkədən biri olan Azərbaycanın nüfuzunun artmasına da imkan yaradacaq. Bakı və Bakıətrafı ərazilərin inkişafına dair qəbul olunmuş Dövlət proqramlarının icrası nəticəsində siması dəyişən, modernləşən, qədim tarixi memarlıq nümunələri ilə uzlaşan paytaxtımız turizmin inkişafı baxımından da cəlbedicidir.

Təqribən bir aydan sonra Azərbaycan yenidən dünyanın diqqət mərkəzində olacaq. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edcək 57 ölkənin idmançıları bir araya gələcək, bacarıqlarını nümayiş etdirməklə İslamın sülhə, bərabərliyə, həmrəyliyə çağırış dini olduğunu təsdiqləyəcəklər.

“Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir” söyləyən Prezident İlham Əliyev artıq mükəmməl bazası, müasir avadanlıqlarla təmin olunmuş idman obyektlərində hazırlıq işlərinin başa çatdığını, Həmrəylik Oyunlarının da yüksək səviyyədə mütəşəkkilliklə keçiriləcəyini bildirir: “Bunlar olmasaydı hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. “Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin.”

Xuraman İsmayılqızı, “İki sahil”