“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik” söyləməklə həyata keçirilən islahatlardan, ölkədə yaradılan sabitlikdən, milli birlik və həmrəylikdən söz açmaqla “gündəlik həyatımızda rast gəlinən neqativ hallarla heç vaxt barışmayacağıq” mesajını diqqətə çatdıran Prezident İlham Əliyev bütün tədbirlərdə insan amilini əsas tutaraq qəbul olunan qərar və sərəncamların tətbiqində ölkə əhalisinin ehtiyac və tələbatının yerinə yetirilməsi üçün gərəkli islahatların tətbiqinə üstünlük verildiyini bildirir. Ölkə iqtisadiyyatında payı və rolu artan qeyri-neft sektorunda operativlik və şəffaflığa əməl olunması inkişafın başlıca amili kimi diqqətə çatdırılır.
Sahibkarlıq subyektlərində qarşı ədalətsiz yoxlamaların aradan qaldırılması üçün ciddi tapşırıqlar verən dövlət başçısı inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini də başlıca tələb kim qarşıya qoyur. Əsassız olaraq səbəb kimi istifadə olunan lisenziyaları pul mənbəyi, qanunsuz varlanma metodu adlandıran cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyaların sayı azaldıldı, bəzi prosedurların “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi təmin olundu.
Daha səmərəli metodların tətbiqi, vətəndaşların sosial müdafiəsinin etibarlı təminatı üçün islahatlar kompleks və şaxələndirmə prinsiplərinə uyğun həyata keçirilir. Sahibkarlığı inkişaf etdirməklə ölkədə bolluq yaradılmasının təminatına xüsusi diqqətlə yanaşılır. Son illərdə iş adamlarının səmərəli fəaliyyəti üçün atılan ciddi addımlar, biznes mühitinin yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər, qanunsuz yoxlamaların qarşısının alınması istiqamətində görülən işlər, müxtəlif sahələrin inkişafını təmin edən strateji yol xəritələrinin qəbulu... Bu kimi amillərə yönəldilən diqqətin nəticəsidir ki, Azərbaycanın dünya bazarlarında mövqeyi möhkəmlənir. Əsas məqsəd isə Azərbaycanda istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasına nail olmaq, sahibkarların xarici ölkələrdəki şirkətlərlə əlaqələrini gücləndirmək, beynəlxalq sərgilərdə Azərbaycan brendi ilə nümayiş olunan malların sayını artırmaqdır.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, “Azexrort” portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik, müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verilir, vəsait ayrılır. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz “ Made in Azerbaijan” brendini tanıtdıraq” söyləyən dövlət başçımız onu da vurğulayır ki, ixrac bazarlarına geniş çeşiddə məhsul çıxarmaq üçün daha səmərəli yollar axtarılır, inhisarçılığa, korrupsiya hallarına, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması nəticəsində sahibkarlığa maneçilik törədən halların aradan qaldırılmasında, lisenziyaların verilməsində, vergi rüsumlarının tutulmasında, gömrük sahəsində yeni, sadələşdirilmiş qaydaların tətbiqi sahəsində şəffaf mühit yaradıldı. Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Bəllidir ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb edilirdi. Özəl bölmədə qeyri-qanuni yoxlamaların yaratdığı fəsadlar ciddi narahatlıqlar doğururdu. Bu yoxlamaların arxasında yenə də maddi təmənnalar, maraqlar dayanırdı. Artıq iş adamları onlar üçün yaradılan əlverişli biznes mühitindən, korrupsiya və inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində görülən işlərdən razılıq edirlər. Ölkəmizdə idxaldan asılılığı azaltmaq üçün yerli istehsal stimullaşdırılır, biznes qurumlarına gözəl şərait yaradılır, aqrar sahədə daha çox ehtiyac duyulan texnika və avadanlıqların alınmasına investisiyalar ayrılır. Neftdən asılılığın azaldılması, qeyri-neft sektoruna diqqətin artırılması prinsiplərinə uyğun iqtisadi inkişafın nəticəsidir ki, Davos İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatların rəqabət qabiliyyətinə görə 37-ci yerə layiq görüb. Böhranlı illərdə belə reytinqini 3 dəfə artıran Azərbaycan inkişafda olan ölkələr arasında 1-ci, 2-ci yerləri bölüşür. Bu nailiyyətin qazanılmasında təbii ki, qeyri-neft sektorunun rolu böyükdür.
Bəllidir ki, qeyri-neft sektorunda gəlirli sahələrdən biri də turizmin inkişafıdır. Əvvəllər turistlərin ölkəmizə gəlişinə maneçilik törədən vizaların verilməsi, otellərin qiymətlərindəki bahalıqla bağlı dəfələrlə müzakirələr aparılsa da, bu sahədəki nöqsanlar da yox deyildi. “Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürülürdü” söyləyən Prezident İlham Əliyev problemin həlli yollarını da müəyyənləşdirdi. Bu məsələ ilə bağlı tövsiyələrini “Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır” sözləri ilə bildirən Prezident İlham Əliyev nöqsanların aradan qaldırılması üçün ciddi tapşırıqlar verdi. Dövlət başçısının imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Fərmanın tətbiqi ilə bu sahədəki problemlər aradan qaldırıldı. “ASAN viza” sisteminin yaradılması ilə səksəndən çox ölkənin vətəndaşı elektron viza almaqla ölkəmizə gələ bilir. Cari ilin üç ayı ərzində “ASAN viza” xətti ilə 40 min turistə viza verilməsi ölkəmizə artan marağın ifadəsidir. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdırsa bu göstərici cari ilin birinci rübündə 25 faizdir. Yaradılan belə şəffaf mühit Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını izləmək istəyən xarici qonaqların sayının artmasına da təsir göstərəcək.
Xuraman İsmayılqızı, “İki sahil”
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında
Sülh, həmrəylik və birlik: Türk və İslam dünyası qarşısında duran yeni vəzifələr