11 aprel 2017 23:20
806

Terror kimi bəşəri bəlanın qarşısını yalnız birgə mübarizə ilə almaq mümkündür

Milliyyəti bilinməyən, adı “isimsizlər” olan terrorçuların törətdikləri qanlı hadisələr bütün dünyanı sarsıdır. Terrorçu qruplaşmaların əsas hədəfi olan Türkiyədə, Rusiyada, Misirdə, İraqda, Suriyada, Belçikada, Almaniyada baş verən terror hadisələrində onlarla dinc insan həyatını itirmiş, günahsız qanlar tökülmüşdür. Suriyanın diktator rejiminin illərdən bəri apardığı despotizm nəticəsində ölkəni tərk edənlərlə yanaşı, terrora qurban gedənlərin də sayı artmaqdadır. Suriya rejiminin dinc əhaliyə qarşı işlətdiyi kimyəvi bombadan həyatını itirənlər arasında azyaşlı uşaqların olması bütün dünya ictimaiyyətini hiddətləndirdi. 25 ildən artıq müddətdə Ermənistanın təcavüzünə məruz qalan, daşnakların təşkil etdikləri silahlı qruplaşmaların törətdikləri, minlərlə soydaşımızın qətli ilə nəticələnən terror hadisələrinin ağrı-acısını yaşayan Azərbaycan xalqı məkanından, dini mənsubiyyətindən asılı olmayaraq öldürülən bütün insanlar üçün narahatlıq keçirir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünyada baş verən hadisələrə münasibətini bildirən dövlət başçımızın vurğuladığı kimi, beynəlxalq vəziyyət hələ ki, çox gərgindir : “Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütünlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və tədbirlərimizi görürük ki, Azərbaycan dövləti, Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək.”

Tolerant ölkə kimi dünyada tanınan , multikultural dəyərləri təbliğ olunan, beynəlxalq terrora qarşı koalisiyanın üzvü, torpaqları Ermənistan tərəfindən işğal edilən ölkə kimi sabitliyin qorunmasında daha çox maraqlı olan Azərbaycan günahsız insanların siyasi maraqlar naminə öldürülməsini daim pisləyir.

Ötən illərdə BMT-nin və İSESKO-nun təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövsusundakı beynəlxalq konfransda Azərbaycanın dəyişilməz mövqeyi, sərhəd tanımayan, bəşəriyyət üçün ən böyük təhlükə olan terrora qarşı mübarizədəki səyləri dəstəkləndi. Vurğulandı ki, əgər böyük güclər XXI əsri qanlı müharibələr əsri, uzanan münaqişələr, soyqırımı, davam edən və pislənilməyən işğal kimi yox, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüquq normalarına hörmət etməli, əməkdaşlığı bərabərhüquqlu dialoq əsasında qurmalıdırlar. Eyni zamanda digər ölkələrin maraqlarına hörmət etməli və müstəqil ölkələrin daxili işlərinə qarışmamalıdırlar. Bu baxımdan Azərbaycan kimi müstəqil siyasət aparan, qüdrətlənən dövlətlərə qarşı ikili siyasətin yaratdığı problemlərdən biri də ksenofobiya, islamofobiya və terrora dəstəkdir. Avropa ölkələrində miqrantlara göstərilən ədalətsiz münasibət, xüsusilə terrorçuları dəstəkləyən Almaniya və Hollandiyada türklərə qarşı qeyri-insani rəftar, etnik-dini zəmində vəziyyətin kəskinləşməsi, terror aktlarının davamlı olması, Aİ-də islamofobiyanın artması, tolerantlıq, dözümlülük, əməkdaşlıq, dinc yanaşı yaşamaq kimi baza dəyərlərini sarsıdır.

2001-ci ildə Amerikada qoşa göydələnlərin dağıdılmasından sonra ABŞ-ın yaratdığı beynəlxalq antiterror kaolisiyasına qoşulan və illərdən bəri ermənilərin hərbi, ekoloji, mədəni və mənəvi terrorundan əziyyət çəkən Azərbaycan terrorçuların hər aktını insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət hesab edərək kütləvi insan qırğını ilə nəticələnən silahlı cinayətlərə qarşı barışmaz olduğunu əməli fəaliyyəti ilə bildirir.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi sədrlik etdiyi iclasda Prezident İlham Əliyev ən yüksək tribunadan bəşəri bəla olan terrora qarşı mübarizənin davamlı proses kimi aparılmasının vacibliyini də diqqətə çatdırdı. “Terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı məruzəsində də vurğuladı ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Çünki terrorçuluğun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıqla bağlılığı var.

“Beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya edilib” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan dövlətinin soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində ermənilərin nəzarətində olan Azərbaycanın işğal olunmuş əraziləri terrorçuluqla bərabər separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. İnsanların kütləvi qətli ilə nəticələnən ən dəhşətli terror hadisələrində iştirak edən “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Daşnaksütyun”, “Erməni azadlıq cəbhəsi”, “Hncaq” kimi təşkilatlar bəşəriyyətə təhlükədir.

“ASALA”, “Krunk” kimi onlarla terror təşkilatlarının dünyanı dəhşətə gətirən və çoxsaylı insan tələfatı ilə nəticələnən ən qanlı hadisələrdə izləri var. Çikaqo sammitində çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, ilk illərdən kaolisiya üzvü olmaqla etimadı doğruldan, Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyan Azərbaycan alyansın ən fəal üzvü kimi münaqişə bölgələrində sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.

ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, beynəlxalq terrora qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Əfqanıstanla hava əlaqəsi saxlamasında əlverişli məkan kimi yardımını heç vaxt əsirgəməmişdir. 

Qlobal hadisələrlə zəngin dünyamızda terrorçuluğun İslamla bağlanmasının heç bir əsasının olmadığı sübut edilib. O da bildirilir ki, terrordan ən çox əziyyət çəkən elə müsəlman dövlətləridir.

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması, ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsləri İslamla bağlı yaranan fobiyanın əsassız olduğunu göstərir. ABŞ, Kanada, Fransa, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, Türkiyə, Rusiya, ən başlıcası isə Azərbaycan... erməni terrorundan zərər çəkən ölkələrin hələ tam siyahısı deyil. Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu kütləvi deportasiyası zamanı 13-15 yaşlı uşaqları dəmir borulara dolduraraq hər iki tərəfini bağlayan ermənilər ana ilə iki azyaşlı qızını quyuya ataraq zəhərli ilanların onları necə sancaraq əzabla öldürdüyünü zövqlə izləmişlər. Ermənilərin törətdikləri terror aktları nəticəsində partladılmış Tbilisi-Ağdam, Şuşa-Bakı, Tbilisi-Bakı sərnişin avtobuslarında onlarla azərbaycanlının həyatına son qoyulmuşdur. Metronun “Gənclik” və “20 Yanvar” stansiyalarında ermənilərin törətdikləri terror nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdır. Ən dəhşətlisi budur ki, Ermənistanda terrorçulara qəhrəman kimi hörmət göstərilir.

Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş “ASALA”nın İnqilabi hərəkat” adlı qruplaşmasının “Avo” ləqəbli rəhbəri Monte Melkumyana milli qəhrəman kimi abidə ucaldılması, dövlət səviyyəsində dəfn olunması ermənilərin terroru dəstəklədiyinin nümunəsidir. “MAQ”, “Erməni birliyi”, “Daşnaksütyun”, “Erməni azadlıq cəbhəsi”, “Hncaq” kimi terror qruplaşmaları ən mürəkkəb maliyyə maxinasiyalarında, insan alverində, narkotika və silah satışında adları birinci sıralarda yer alır. Alman faşizminə qulluq edən, Nijde və Dro kimi tör-töküntülərə İrəvanın mərkəzində heykəl ucaldan, Dağlıq Qarabağ müharibəsində, Xocalı soyqırımında iştirakını qəhramanlıq kimi təqdim edən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın qatil prezidenti Serj Sarkisyan iqtidarına qarşı heç bir təsir və təzyiq göstərilmir. Cinayətkarların maraqlı dairələr tərəfindən dəstəklənməsi, qeyri-qanuni silahlı dəstələrin maliyyələşdirilməsi terrorun “ çiçəklənməsi” üçün münbit şərait yaradır. Qorxulu kabus kimi ölkələr üçün təhlükə yaradan İŞİD, PKK kimi terror təşkilatlarına dəstək insan qırğınlarının davamlı olmasını qaçılmaz edir.

Xuraman İsmayılqızı, “İki sahil”