Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi potensialın gələcəkdə daha da gücləndiriləcəyinə əminliyini ifadə etmişdir
Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu fikri böyük əminliklə qeyd etmişdir ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olacaq. Təbii ki, bu əminlik cari ilin ötən dövrünün uğurlarına əsaslanır.
Qəbul olunan qərarlar, qanunlar, imzalanmış Fərman və sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və imkan verir ki, gələcəkdə də qeyri-neft sektorunun hesabına inkişaf təmin edilsin. 2003-cü ildən qarşıya prioritet məsələ kimi qoyulan enerji sektorundan asılılığın minimuma endirilməsi artıq reallıqdır. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı diqqətdən kənarda qalmır. Şəffaflığın təminatı dayanıqlı inkişafın əsası kimi öndədir və cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN xidmət” bu sahədə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verir. Valyuta ehtiyatlarımız 1 milyard dollar artıb. Dövlətimizin başçısı bildirmişdir: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik.” İclasda bu rəqəm də açıqlanmışdır ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması təkcə dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür.
Ölkəmizdə mövcud sabitlik və biznes imkanlarının genişləndirilməsi investisiya axınının sürətləndirilməsində stimulverici amil rolunu oynayır. Ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında xarici sərmayələrin cəlb edilməsi üçün daha fəal iş aparılmasının vacibliyini vurğulayaraq bildirmişdir ki, Azərbaycan brendi dünyada təbliğ edilir: “Müxtəlif ölkələrdə “Ticarət evləri” yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistika mərkəzlərinin yaradılması vacibdir.”
Göründüyü kimi, cari ilin ötən dövrü üçün sosial-iqtisadi göstəricilər ürəkaçan olub. Bu uğurlar 2017-ci ili necə başa vuracağımızın aydın məruzəsini yaradır. Təbii ki, təkmil islahatlar, davamlı inkişafa xidmət edən addımlar inkişafın Azərbaycan modelinin uğurlarının beynəlxalq səviyyədə dəstəklənməsini şərtləndirir. Ölkəmizin beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsində, eyni zamanda qarşılıqlı səfərlərin say tərkibinin genişləndirilməsində və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində hərtərəfli inkişafımız əhəmiyyətli rol oynayır. Azərbaycana beynəlxalq baxışın bugünkü səviyyəsinin əsas göstəricilərindən biri 2017-ci ilin arxada qalan dövründə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda digər ölkə rəhbərlərinin Azərbaycana səfərləridir. “İslam Həmrəyliyi ili”nin ilk üç ayında cənab İlham Əliyevin üç müsəlman ölkəsinə- Qətər, Pakistan və İran İslam Respublikasına səfəri İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın nə kimi rola malik olduğunu bir daha nümayiş etdirir. Ölkə Prezidentinin Fransaya rəsmi səfəri bu və ya digər istiqamətlər nöqteyi-nəzərindən istər ölkə, istərsə də dünya mətbuatında geniş müzakirə olundu. Ən əsası xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mövqeyi ölkəmiz üçün önəmlidir. İclasda cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir: “Beynəlxalq vəziyyət gərgindir. Təəssüf ki, münaqişələr davam edir, yeni risklər yaranır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu ilin ilk 3 ayında xarici ölkələrə 7 səfər etmişəm, beynəlxalq tədbirlərə qatılmışam. Bu səfərlər böyük əhəmiyyət daşıyır, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.”
Dövlətimizin başçısı bu rəqəmi də açıqlamışdır ki, bu ilin ilk 3 ayında Azərbaycana 7 xarici dövlət başçısı səfər edib: “Bu, ölkəmizə olan hörmətin göstəricisidir. Bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət başçısının iştirak etdiyi Beşinci Qlobal Forum, Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.”
Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolu yaxınlaşdırır. ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, ABŞ və Rusiyanın yuxarıda ölkəmizlə bağlı açıqladığımız mövqeyi bu əminliyin səsləndirilməsində əsas amillərdən biridir. Hər zaman bəyan edildiyi kimi, bu günümüzün əsas çağırışı bəyanatlardan konkret əməli işə keçmək, beynəlxalq hüquq norma və prinsiplərinin vahid icra mexanizminin müəyyənləşdirilməsidir. İşğalçı Ermənistana bu günədək hansısa təzyiqin göstərilməməsi onun böyük iddialarla yaşamasına səbəb olub. Hətta işğalçı ölkənin rəhbərliyi beynəlxalq təşkilatların tribunalarından XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsində iştirakı olduğunu bəyan etməklə, bu gerçəkliyi ortaya qoyur ki, ona “gözün üstə qaşın var” deyən yoxdur. Bu, işğalçı Ermənistanın himayədarlarına güvənindən yaranan yanaşmasıdır. Amma bu günlərdə bir illiyini qeyd etdiyimiz aprel döyüşləri işğalçı dövlətə həqiqəti çatdırdı. Bu həqiqəti ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan münaqişənin həllində hərb yolunu seçərsə, qələbəsi şəksizdir. Azərbaycan Ordusu gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu döyüşlər zamanı azad edilən Lələtəpə yüksəkliyi Cocuq Mərcanlıda bərpa işlərinin aparılmasına yol açmaqla Qarabağa Böyük Qayıdışa əminlik yaratdı. “Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur. Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub: “Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar.”
Qısa təhlili fonunda bu reallığı təsdiqləyə bilərik ki, Azərbaycanın uğurlarının davamlılığı yeni hədəflərin gerçəkləşməsinə stimul verir. Azərbaycanın yaxın illərdə inkişaf etmiş ölkələr sırasında addımlaması reallıqdır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək, müxtəlif istiqamətləri əhatə edən strateji yol xəritələrinin hazırlanması qeyd etdiyimiz kimi, inkişafın Azərbaycan modelini daha da təkmilləşdirir. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu əminliyi də ifadə edir ki, arxada qalan hər ay, hər gün bizi qələbəyə yaxınlaşdırır. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Yeganə Əliyeva, “İki sahil”
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında
Sülh, həmrəylik və birlik: Türk və İslam dünyası qarşısında duran yeni vəzifələr