08 aprel 2017 00:33
2356

İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaq

Azərbaycan  növbəti dəfə dünyanın diqqətini özünə yönəldəcək. Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də bütün  İslam dünyası üçün mötəbər idman təntənəsidir. Bu günlərdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi.

Dövlətimizin başçısı İlham Əliyev mərasimdə bildirdi ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi  bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan  hörmətinin və  inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzdir. Ölkəmizin müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ona olan inamın, etimadın göstəricisidir. Bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan beynəlxalq aləmdə  idman ölkəsi kimi də nüfuz qazanıb və tanınır. Ölkəmizdə yüzlərlə  beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Avropa Olimpiya Komitəsinin  2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi barədə qərarı  təsadüfi deyildi. Bu qərar Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən tanınmasının bir daha təqdimatı oldu. Bu il isə ölkəmiz  növbəti  idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.  Müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının  2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə təsdiq olunmuşdur. İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən,   İslam Əməkdaşlığı Təşkilatına  daxil olan ölkələri bir araya gətirən idman tədbiridir.  İslam Oyunları həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına  atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pencak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilir.

Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək. Dövlətimizin  başçısı İlham Əliyev Oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirir:    “Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır.”

Keçirilən hər bir tədbir Azərbaycanın malik olduğu imkanların təqdimatında, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir.  57 ölkəni təmsil edəcək  6 mindən çox idmançının hər biri Azərbaycan reallıqları ilə yaxından tanış olmaq, ölkələrində bunu təbliğ etmək imkanı əldə edəcəklər. Əbəs yerə deyilmir ki, idman eyni zamanda siyasətdir. Keçirilən idman tədbirləri, yarışlar əlaqələri yaxınlaşdırır, eyni zamanda əldə olunan qələbələr iştirakçı ölkələrin nüfuzuna, tanıdılmasına bir töhfə olur. Yüksəklərdə dalğalanan bayraqlar, səsləndirilən dövlət himniləri bir təqdimatdır. Cənab İlham Əliyev bildirir: “Bu Oyunlarda  57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində  bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.”

Dövlətimizin başçısı İlham Əliyev çıxışında cari ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edildiyini önə çəkərək, vurğulamışdır ki,  bu da bütün müsəlman ölkələrini bir-biri ilə  daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün  bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. 2017-ci ilin ölkəmizdə  “İslam Həmrəyliyi ili” elan edilməsi təbii ki, təsadüfi deyil.  Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

Dünyaya səs salan, Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna öz müsbət təsirini göstərən ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili IV İslam Həmrəyliyi  Oyunlarının da möhtəşəm keçiriləcəyinə böyük əminlik yaradır. Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı bu əminliyə əsas yaradır. Onun ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili fonunda  Azərbaycan reallıqlarının təbliğinə verdiyi töhfələr hələ də müzakirə olunmaqdadır. Bu kimi qürurverici hadisələr göstərir ki, Azərbaycan hər bir tədbiri mahiyyətinə və devizinə uyğun  yüksək səviyyədə təşkil etmək imkanlarına malikdir.

İslam Həmrəyliyi Oyunlarının rəmzi  sudur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Su  həyat deməkdir. Təbiət və  insan  susuz yaşaya bilməz. Azərbaycan  füsunkar təbiətə malik  bir ölkədir... bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.”

Bu əminlik də böyük inam və qətiyyətlə qeyd edilir ki,  Oyunlar  həm  böyük idman bayramı olacaq, həm də  dostluğumuzu əks etdirəcək: “Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.”

Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında İslam həmrəyliyinin vacibliyini, önəmini diqqətə çatdırır. Xatırlasaq,   Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məqamı  xüsusi qeyd etmişdir: “Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.”

Reallıq budur ki, Azərbaycan hər zaman uğurlu siyasəti, həyata keçirdiyi layihələri ilə ölkələr, xalqlar arasında dostluq körpüsü rolunu  oynayıb. Ölkəmizə bu rolu eyni zamanda yerləşdiyi coğrafi məkan da diktə edir. Bu baxımdan ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirir. Bu müxtəliflik onun tolerant ölkə olmasının nümayişidir. Düşünürük ki, istər IV İslam Həmrəyliyi Oyunları, istərsə də “İslam Həmrəyliyi ili” Azərbaycanın bu sahədə təcrübəsinə işıq salmaqla yanaşı, eyni zamanda dünyaya  birlik, həmrəylik mesajı olacaq.

Yeganə Əliyeva, “İki sahil”