“Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı komandalar birinci yerlərdədir. Onların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə, Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür.” XXX London Olimpiya Oyunlarında, standartları Azərbaycanda müəyyənləşdirilən birinci Avropa Oyunlarında, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında, Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları qələbələri nəzərdə tutaraq ölkəmizdə idmanın inkişafı üçün görülən işlərin davam etdiriləcəyini bu sözləri ilə vurğulayan Prezident İlham Əliyevin söylədiklərinin məntiqi nəticəsi budur: Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.
Ötən il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan idmançılarımızın bacarığı nəticəsində Azərbaycan Avropa ölkələri arasında 7-ci, dünya miqyasında medalların sayına görə 14-cü, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdə qərarlaşdı. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 56 medal qazanaraq komanda hesabında 2-ci yerə layiq görülən ölkəmiz, 56 idmançı ilə təmsil olunduğu Rio Olimpiya Oyunlarında 18 medal qazandı. Bu isə Azərbaycanın ən möhtəşəm idman oyunlarına ev sahibliyi etmək imkanlarını artırır. Formula-1 yarışının paytaxtımızda keçirilməsi də ölkəmizin qüdrətini göstərir. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışın bütün qitələrdə telekanallar vasitəsilə nümayiş etdirilməsi ölkəmizə marağı və turizmin inkişafını artırır. Gələn ay isə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. “Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var” söyləyən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar. İƏT üzvü ölkələri arasında 4 ildən bir “ “İslam sülhdür” devizi altında Həmrəylik Oyunlarının keçirilməsində məqsəd müsəlman ölkələrinin əlaqələrini genişləndirmək, İslamla bağlı təxribatların əsasının olmadığını sübuta yetirmək, islamofobiyaya qarşı mübarizə aparmaqdır. ...Həmrəylik Oyunları ilk dəfə 2005-ci ildə Məkkədə təşkil olunub. İkinci Oyunların Tehranda keçirilməsi nəzərdə tutulsa da, müəyyən səbəblər üzündən ləğv olunub. İslam ölkələri oyunçularının üçüncü yarışları İndoneziyada baş tutub. IV İslam Həmrəylik Oyunları üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. İqtisadi inkişafı ilə liderliyini qoruyan ölkəmizə olan maraq, idmanın inkişafı sahəsində qazandığı uğurlar və xalqımızın qonaqpərvərliyi diqqət çəkən amillərdir. 1,5 milyard müsəlmanın yaşadığı 57 İslam ölkəsini təmsil edəcək 6 mindən çox idmançı 12-22 may tarixlərində Azərbaycanda olacaq, yarış proqramında nəzərdə tutulan idmanın 20 növü üzrə yarışlarda qələbə uğrunda mübarizə aparacaq.
Bu günlərdə ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə IV İslam Həmrəyliyi oyunlarının Azərbaycana uğur gətirəcəyinə əminliyini bildirən Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudi hazırlıq işlərinin təşkilindən məmnun qaldığını bildirmişdir.
Artıq paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, Oyunların Azərbaycanda keçirilməsi İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürüdür: “Eyni zamanda bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.”
Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunduğu bir zamana təsadüf edən Oyunlarda müsəlman ölkələri birlik , həmrəylik nümayiş etdirəcəklər.
İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su isə həyat deməkdir. “Su əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun” söyləyən Prezident İlham Əliyev və Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud yarışların yüksək səviyyədə hazırlanmasında göstərdiyi səylərə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Ötən illərin təcrübəsi də göstərir ki, uğurların qazanılmasında yarışların yüksək səviyyədə təşkilində Təşkilat Komitəsinin xidmətləri danılmazdır. Mədəniyyət, incəsənət, idman bayramı kimi bütün Azərbaycan xalqının, qitə ölkələrinin tarixində əlamətdar hadisə kimi iz salan tədbirlərin yüksək səviyyədə təşkilində və mütəşəkkilliklə başa çatmasında səy və bacarığını əsirgəməyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı, səyi, işə məsuliyyətlə yanaşma təcrübəsi bəhrəsini verir.
Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın əvvəlki illərdəki fəaliyyətini xüsusilə yüksək qiymətləndirən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik edib. Nəticələr göz qabağındadır. İslam Həmrəylik Oyunlarının da çox önəmli beynəlxalq yarışma olacağını bildirən, “Azərbaycan İslam aləminin bir parçasıdır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, məqsəd Həmrəylik Oyunlarının da ən yüksək səviyyədə keçirilməsinə nail olmaqdır. Həmin günlərdə idmançılar, qonaqlar ölkəmizlə tanış olub, Azərbaycanın qədim tarixini öyrənəcək, Azərbaycanda özlərini rahat hiss edəcəklər. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi də gözlənilir. Bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Həmrəylik Oyunlarının idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir.
Xuraman İsmayılqızı, “İki sahil”
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi
Həmrəyliyin yeni məzmunu: Azərbaycan Türk və İslam dünyasının əməkdaşlıq platformasında
Sülh, həmrəylik və birlik: Türk və İslam dünyası qarşısında duran yeni vəzifələr