05 aprel 2017 14:33
672

Uğurlu iqtisadi siyasətimiz dayanıqlı inkişafı təmin edir

“Uzun illər həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti artıq öz bəhrəsini verir. Qarşıdan gələn illər üçün hədəfimiz ixracın şaxələndirilməsidir. Bizim yeni bazarlara ehtiyacımız var. Əlbəttə, yeni bazarlara çıxış əldə etmək üçün biz, ilk növbədə, cəlbedici bazar hesab etdiyimiz həmin dövlətlər ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq.”

Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ötən illərin uğurlu nəticələrinə əsaslanaraq bildirir. Ötən il qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Cari ilin ilk 2 ayı ərzində də qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artım müşahidə edilib. Qeyri-neft ixracı təqribən 50 faiz artıb. Uğurlarımız yeni-yeni hədəflərin müəyyənləşdirilməsində, davamlı inkişafa xidmət edən strateji yol xəritələrinin tərtib olunmasında stimulverici amil rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq hazırlanan yol xəritələri 12 istiqaməti əhatə edir. Bu istiqamətlər isə ümumilikdə onun təsdiqidir ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Neft-qaz gəlirlərinin səmərəli istifadəsi ölkənin hərtərəfli inkişafını şərtləndirən addımların atılmasına geniş yol açır. Bu günlərdə cənab İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində də bir daha qeyd olundu ki, əsas hədəf ixracın şaxələndirilməsidir. Dövlətin sahibkarlığın inkişafına dəstəyi davamlılığı ilə diqqət çəkir. Cənab İlham Əliyev bildirir ki, iş adamları da fəal olmalı, yeni bazarlara çıxmalı, məhsullarını təbliğ etməlidirlər. Yol xəritələri bu imkanların genişləndirilməsində əhəmiyyətli rola malikdirlər. Dövlətimizin başçısı bildirir: “Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.”

Qeyd etdiyimiz kimi, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə geniş imkanlar açır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, irəli sürülən bütün təşəbbüslər xalq tərəfindən dəstəklənir, gündəmə gətirilən hər bir layihə uğurlu sonluqla başa çatdırılır. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. “Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır” söyləyən cənab İlham Əliyev bildirir: “Bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub. Məhz buna görə biz “Cənub Qaz Dəhlizi” kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edirik. Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranmışdır.” Davamlı inkişafı təmin edəcək yol xəritələrinin əsas istiqamətlərindən biri məhz neft və qaz sənayesinin inkişafıdır. Azərbaycanın iştirakçısı olduğu enerji layihələri dayanıqlı inkişafı təmin etməklə yanaşı, dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Ölkə Prezidenti qeyri-neft məhsullarının ixracının artırılmasını prioritet məsələ kimi öndə saxlanılmasını belə əsaslandırır ki, neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Malik olduğumuz enerji resurslarından səmərəli istifadə etməklə bugünkü inkişafımızın əsası qoyulub. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir: “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevrilmişlər. Yəni, biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə, öz növbəsində, bənzərsiz bir əməkdaşlıq formatı yaradır.”  

Son 13 ildən artıq dövr ərzində cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, bu istiqamətdə davamlı tədbirlər həyata keçirmiş, bir-birindən əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır. Yol xəritələrinin tərtibi görülən işlərin davamı, ən əsası adından da bəlli olduğu kimi, konkret hədəfə istiqamətlənmiş addımdır. Təkcə ötən ildə, eyni zamanda cari ilin arxada qalan üç ayında həyata keçirilən islahatlara, əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir ki, bugünkü inkişaf barədə aydın təsəvvür yaransın. Dövlətimizin başçısı bildirir: “Keçən il iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var. Ümumi daxili məhsul 0,4 faiz artıbdır. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun.”

Uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumunun builki hesabatında  ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerə layiq görülüb. Keçən il ölkəmiz 40-cı yerdə idi. Göründüyü kimi, hətta neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatımızı daha da yüksək pilləyə qaldırıb.Qurumun ikinci önəmli reytinqi inkişafda olan ölkələrin inkişaf səviyyəsidir. Azərbaycan burada da bütün inkişaf edən ölkələr arasında ilk yerləri bölüşür. Təbii ki, bu, dövlətimizin həyata keçirdiyi təkmil islahatlara, uğurlu iqtisadi siyasətinə əsaslanır.

Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, bu il iqtisadi inkişaf davam etdiriləcək: “Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq.”

Hərtərəfli inkişafı həyata keçirdiyi siyasətin əsasında saxlayan dövlətimiz ayrı-ayrı sahələri əhatə edən dövlət proqramlarının qəbulu və uğurlu icrası, gələcəyə hesablanmış İnkişaf Konsepsiyası, yol xəritələri ilə hədəflərin gerçək olduğuna əminlik yaradır.

Yeganə Əliyeva, “İki sahil”