04 aprel 2017 14:37
672

Aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bu əminliyi ifadə etmişdir ki, işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağı qaldırılacaq

“Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk.”

Məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini ən yüksək tribunalardan bəyan edən ölkə Prezidenti İlham Əliyev bu faktı da diqqətə çatdırır ki, ədalət ən böyük meyardır. Beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır.

Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Bunu ötən ilin aprel döyüşləri bir daha təsdiqlədi. Bu günlərdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə bu məqamı bir daha diqqətə çatdırdı: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.” Aprel döyüşləri bu nəticələri şərtləndirdi: Beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir. Bir daha göründü ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını, Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi. Azərbaycanla bağlı “məğlub tərəf” sindromu aradan qalxdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığı, Ermənistanın əldə etdiyi “uğurun” müvəqqəti xarakter daşıdığı təsdiqləndi və gec-tez ədalətin bərpa olunacağına əminlik artdı. Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mif dağıldı, bu kimi iddiaların heç bir əsası olmadığı bir daha açıqlandı. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Ermənistan cəmiyyətində gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi. Ümumilikdə, aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.

Tarixi vərəqlədikcə işğalçı Ermənistanın münaqişənin həllində maraqlı olmadığı daha aydın görünür. 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Prezident İlham Əliyevin prinsipial, qətiyyətli, düşünülmüş, xalqın milli maraqlarına uyğun siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələnmişdir. Xatırlasaq, Prezident İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar zamanı Birləşmiş Ştatlar qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan etmiş, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunmuşdur. Bundan əvvəl - 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış etmiş, bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər etmişdir. 2016-cı il martın 10-da isə S.Sarkisyan Moskvaya dəvət olunmuş və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılmışdır. Fransa Prezidenti Fransua Olland ötən il cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdir.

Göründüyü kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajları olmuşdur.

Cari ilin ötən dövründə baş verən mühüm hadisələrə, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin miqyasına, iştirak etdiyi beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə və ölkəmizə verilən önəmə diqqət yetirdikdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin hansı səviyyədə olduğunu daha aydın görmək mümkündür. ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun fevral ayında ilk dəfə olaraq Bakıda görüş keçirmələrini xüsusi qeyd etməliyik. Azərbaycanın bu görüş üçün məkan seçilməsi böyük uğur, dövlətimizin həyata keçirdiyi siyasətə dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyevin Fransaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlərdə ölkəmizin inkişafına, həyata keçirdiyi siyasətə dəstək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün potensial imkanların mövcudluğunun bildirilməsi və s. kimi mühüm məqamlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsinə işıq salır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi ABŞ, Fransa və Rusiyanın mövqeyi ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır.

Bu günümüzün əsas tələbi təbii ki, qəbul olunan qətnamələrin icrasıdır. Reallıq budur ki, işğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Qəbul olunan qərar və qətnamələrdə də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Baxmayaraq ki, tarixi saxtalaşdırıb, özlərinə saxta tarix yazan ermənilər Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi göstərməyə səy göstərirlər. Bu, Ermənistan hakimiyyətinin xülyasıdır. Dövlətimizin başçısı hərbçilərlə görüşündə bildirmişdir: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib-ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Hətta XX əsrin əvvəllərində çar Rusiyasında dərc edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, nəinki Dağlıq Qarabağda, indiki Ermənistan Respublikasında da əksər toponimlər Azərbaycan mənşəlidir. O da sirr deyil və bunu artıq beynəlxalq aləm də bilir ki, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ” qurumunun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik.”

İşğalçı  Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Azərbaycan günbəgün güclənir, Ermənistan isə zəifləyir. Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində təxribatlar törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır.

Qeyd etdiyimiz kimi, münaqişənin həllində əsas amillərdən biri beynəlxalq dəstəkdir ki, bu gün Azərbaycana bu dəstək yüksək səviyyədədir. Azərbaycan bu dəstəyi real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə əldə edib. Ən yüksək tribunalardan Azərbaycan həqiqətlərini bəyan edən dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bizim işimiz haqq işidir. Bunu xalqımız, beynəlxalq aləm bilir və bizim haqq işimiz bizə haqq verir ki, məsələni istədiyimiz yolla həll edək.”

Aprel döyüşləri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, bu döyüşlər ermənilərin öz orduları haqqında apardıqları təbliğatın nə qədər əsassız, xülya olduğunu ortaya qoydu. Ermənistan hakimiyyəti belə sərsəm bəyanatı ilə ictimai diqqəti özünə yönəltməyə çalışırdı ki, əgər münaqişənin həllində hərb yolu seçilərsə, Azərbaycan məğlub tərəf olacaq. Ermənistanın güclü ordusu olduğunu böyük həvəslə bildirirdi. Təbii ki, onun belə sayıqlamasına səbəb Azərbaycanın hərbi büdcəsinin günbəgün artması, ordu quruculuğu istiqamətində davamlı addımların atılması idi. Hər dəfə beynəlxalq aləmdə belə rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan tərəfi sülh danışıqlarının həyata keçirilməsində maraqlı deyil. Bu səbəbdən ordu quruculuğuna xüsusi önəm verir. Rəsmi Bakının qarşı tərəfin belə sərsəm bəyanatlarına mesajı bu olur ki, ordu quruculuğu suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Cənab İlham Əliyev bildirir: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.”

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın diplomatik uğurlarına, eyni zamanda güclü, qüdrətli Ordusuna söykənərək, bu inamı ifadə etmişdir: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.” Aprel döyüşlərində azad olunan ərazilərimizdə aparılan bərpa işləri Qarabağa Böyük Qayıdışa əminlikdir.

Yeganə Əliyeva, “İki sahil”