04 aprel 2017 14:34
843

Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsində

Milli iqtisadi inkişafda, sosial dayanıqlığın təmin edilməsində, etibarlı qonşuluq siyasətinin qorunması və tənzimlənməsində tarixi əhəmiyyətə malik olan ərazi kimi Naxçıvan Muxtar Respublikası ölkəmizin sosial-iqtisadi maraqlarına və bu maraqlarla hədəflənən hərtərəfli inkişafına davamlı, starteji təkan verməkdədir. Ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində burada iqtisadiyyatın sahə strukturunda əsaslı tərəqqiyə nail olunmuş, makroiqtisadi zəmində nəzərdə tutulmuş məqsədlər gerçəkləşdirilmiş, sosial siyasət milli iqtisadi inkişafa təkan olacaq səviyyədə müəyyənləşdirilmişdir.

Xüsusən də son iyirmi iki ilə qədər olan dövrdə güclü infrastruktur potensialı, böyük idarəetmə təcrübəsi, qətiyyətli və məqsədyönlü, eyni zamanda uzaq gələcəyə hesablanmış tədbirlərlə daha da təşkilatlanan, qüdrətlənən muxtar respublika burada yaşayan əhalinin və onun hər bir sakininin maraq və mənafeyini ifadə edə bilən iqtisadiyyat qurmuş və inkişaf etdirmişdir.

Əminliklə, böyük ümidlə 1995-ci ildə 43721,7 min manatlıq ümum daxili məhsulla ilk addımlarını atmağa başlayan muxtar respublikada iyirmi iki il ərzində təkmil istehsal (iqtisadi) münasibətləri formalaşmış, nəticədə ötən il üzrə əsas makroiqtisadi göstəricisini 2 milyard 582 milyon 361 min 400 manatla təmin edə bilmişdir. Əldə edilən göstəricilər o zaman nailiyyətə çevrilir ki, o, ayrılıqda fərdin deyil, bütövlükdə çoxluğun yararlanma meyarlarını təşkil edə bilsin. Bu baxımdan da muxtar respublikada ÜDM-nin hər bir nəfərə düşən həcminin 5779,7 manat təşkil etdiyini qeyd edə bilərik.

İqtisadiyyatın şaxələndirilməsi, mövcud inkişaf səviyyəsinin qorunması və baza kimi götürülərək bunun əsasında çoxsahəliliyin təmin olunması ilə dayanıqlı iqtisadiyyatın qurulması muxtar respublika iqtisadiyyatının sahə strukturunun daha da təşkilatlanmasına səbəb olmuşdur. Bu isə özünü nəticə etibarilə əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda yer alan bütün sahələrin inkişafında göstərməkdədir. Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Həmin sahə üzrə 942 milyon 944 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da müvafiq sahə üzrə təminat səviyyəsinin yüksəldilməsinə səbəb olmaqla, ölkənin makroiqtisadi hədəflərindən ibarət sənayeləşmə prosesinə güclü təkandır.

Təbii ki, iqtisadi cəhətdən perspektivli və səmərəli nəticələrin əldə olunması əgər bir tərəfdən sosial dayanqlılığı ifadə edirsə, digər tərəfdən də muxtar respublikada sağlam iqtisadi mühitin daha da möhkəmlənməsinə şərait yaradır. Ölkənin sosial siyasətinin tələblərinə cavab verməklə, onun hüquqi tənzimləmə vasitələrinə uyğun olan, ondan irəli gələn və gələcək istiqamətlərə dəstək olan tədbirlər kimi bu proseslər Naxçıvan Muxtar Respublikasının milli iqtisadi inkişafa ən böyük töhfələri kimi ifadə edilməlidir.

Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ərazi xüsusiyyətləri baxımından  dağlıq bir bölgədir. Əhalisinin isə 70%-dən artığı kənd yerlərində yaşamaqdadır. Bu mənada kənd həyatına, kəndli əməyinə, kənd məhsuluna, bu sahədəki təsərrüfat fəaliyyətinə və onun səmərəliliyinə ehtiyac da olduqca böyükdür. Məhz bu mənada da muxtar respublikada göstərilən xətt üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş və iqtisadi-hüquqi tənzimlənmə vasitələri ilə dövlət-kəndli-torpaq münasibətlərinin ən yüksək səmərəliliyinə nail olunmuşdur. Çox mühüm stimullaşdırıcı amillərin məcmusu olan bu həlqə iqtisadiyyatın aqrar sferasında məhsuldar nəticələrin əldə edilməsinə imkanlar yaratmışdır. Nəticədə ötən 2016-cı ildə kənd təsərrüfatı sahəsində istehsal olunan məhsullar 429 milyon 448 min 400 manat həcmində olmuşdur.

Bütün bunlar isə öz növbəsində təhlükəsiz, inamlı, etibarlı iqtisadi mühitin mövcudluğuna zəmanət vermiş, bu, özünü strateji sahə olan maliyyə sabitliyinin təmin olunmasında göstərmişdir. Əlverişli iqtisadi mühit hüquqi və fiziki şəxslərin fəaliyyətinin stimullaşmasına təkan olmuş, onlar həm də maliyyə münasibətlərinin ən çevik iştirakçısına çevrilmişdir. Nəticədə muxtar respublikanın bank sektorunun səmərəli fəaliyyətində həm də çeviklik mövcud olmuşdur. Fikrimizi təsdiq etmək üçün 1 yanvar 2017-ci il tarixə olan məlumatlara istinad edə bilərik. Belə ki, həmin göstəricilərdən də aydın olur ki, muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 55780 olmuş, bunun da 46163-ü və ya 82,8 faizi aktiv hesablardır. Qeyd edək ki, təkcə 2016-cı ildə 15346 bank hesabı açılmışdır ki, bunun da 15343-ü aktiv hesablardır.

Naxçıvan Muxtar Respublikası müasir dövrün tələbləri və dünyanın iqtisadi reallıqları fonunda olduqca əhəmiyyətli proseslərin ardıcıllığına təminat verməkdədir. Alqı-satqı əməliyyatlarının, pul dövriyyəsinin, maliyyə siyasətinin şəffaflığının təmin edilməsi burada iqtisadi idarəetmənin çevik mexanizmlərinin təmin edilməsi nəticəsində mümkün olmuşdur. Bu sahədəki tədbirlərin sürətləndirilməsinə dövlət dəstəyinin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən 2016-cı il martın 2-də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında elektron ödəniş xidmətlərinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olundu. Bununla da müvafiq sahə üzrə əməliyyatların həyata keçirilməsində ardıcıllıq, davamlılıq və etibarlılıq təmin edildi, ödənişlərin nağdsız formada həyata keçirilməsi üçün münbit şərait yaradıldı. Elə bu sahədəki fəaliyyətin stimullaşdırılmasının nəticəsidir ki, artıq 1 yanvar 2017-ci il tarixə olan məlumatlara əsasən muxtar respublikada 1202 POS-terminal quraşdırılmışdır.

Aydın məsələdir ki, məhsuldar nəticələrin əldə edilməsi üçün səmərəli fəaliyyətin təşkili əsas şərtdir. Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi bütün sahələrlə yanaşı, üfüqi idarəetmənin əsas daşıyıcıları olan sahibkarlıq fəaliyyətinin və istehsal infrastrukturunun stimullaşdırılması, eləcə də bu sahədəki təşəbbüslərin dəstəklənməsini şərtləndirən zəruri amillərdəndir. Çevik, məqsədyönlü, uzaq gələcək üçün perspektivi olan, mikroiqtisadi proseslərin tənzimlənməsində işlək mexanizmlərlə fərqlənən, bununla da makoriqtisadi inkişafa zəmin yaradan sahibkarlıq fəaliyyətinin maliyyə təminatının daha da yaxşılaşdırılması məqsədləri ölkəmizdə olduğu kimi, muxtar respublikada da dövlət siyasətinin tərkib hissəsini təşkil etmişdir. Bank və digər kredit təşkilatları tərəfindən göstərilən maliyyə dəstəyinin davamlılığı ümumilikdə muxtar respublika iqtisadiyyatının dayanıqlılığını, mənfəətqabiliyyətliliyini artırmaqdadır. Yaranan əlverişli iqtisadi mühit isə təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəli təşkilində iqtisadi-maliyyə münasibətlərinin inkişafına zəmin açmaqdadır. Fikrimizi təsdiqləmək üçün qeyd edə bilərik ki, ötən 2016-cı ildə hüquqi və fiziki şəxslərin muxtar respublikanın bank və kredit təşkilatlarından 43 milyon 354 min 900 manat məbləğində kredit alması təmin edilmişdir. Həmin kreditlərin 10 milyon 512 min 300 manatı və yaxud 24,2 faizi qısamüddətli, 32 milyon 842 min 600 manatı və yaxud 75,8 faizi uzunmüddətli olmaqla bəhs edilən sahə üzrə stimullaşdırıcı amilə çevrilmişdir.

Artıq bu keyfiyyətlərlə Naxçıvan Muxtar Respublikası ölkənin bütün sahələrdəki nailiyyətlərinin təkanverici qüvvəsinə çevrilmiş və müasir dünyaya çıxış imkanları genişlənmişdir. Coğrafi mövqeyinə görə Azərbaycan Respublikasının etibarlı dostluq əlaqələrinin inkişafına, güvənilir tərəfdaşlıq və sadiq qonşuluq siyasətinin mövcudluğuna təminat verən muxtar respublika xarici ticarət dövriyyəsinin də kəsintisiz və yüksələn xətt üzrə davamlılığına zəmanət verməkdədir. Artıq dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri qurmaqla, blokada məhdudiyyətinin təsirlərini sıfıra endirməyi bacarmışdır. Təbii ki, bununla da Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının xarici ticarət siyasətinin də tənzimləyici qüvvəsini təşkil etməkdədir. Xüsusilə onu vurğulamaq lazımdır ki, müasir müstəqillik dövrünün son iyirmi iki ili ərzində yaradılan sağlam iqtisadi şərait ticarət sektorunun perspektivlərini artıra bilmişdir. Nəticədə isə ixracın səviyyəsi idxaldan yüksək olmuş və 2009-cu ildən etibarən ilk dəfə müsbət saldo yaranmışdır. Qeyd etmək lazımdır ki, təkcə 2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsi 463 milyon 244 min 800 ABŞ dolları təşkil etmişdir. Yuxarıda qeyd edilən amillərin yaratdığı əlverişli iqtisadi şərait nəticəsində ötən il üzrə ixracın həcmində 1,1 faizlik artım mümkün olmuş və 419 milyon 120 min 800 ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı, muxtar respublika əsas makroiqtisadi hədəflərdən olan idxalın həcminin azalması istiqamətində də nəzərdə tutulan məqsədlərə çatmışdır. Belə ki, ötən 2016-cı ildə bu sahədəki azalma 54,9 faiz olmaqla, 44 milyon 124 min ABŞ dollarlıq idxal əməliyyatı aparılmışdır. Yaranmış müsbət saldo isə 374 milyon 996 min 800 ABŞ dolları həcmində olmuşdur.

Naxçıvan Muxtar Respublikasının füsunkar gözəlliyə malik təbiəti, istehsal və sosial infrastruktur tədbirlərinin geniş vüsət alması, ən ucqar kəndlərdə ən müasir tikinti və kommunal təminatların yer alması, bir tərəfdən əhalinin gündəlik həyat fəaliyyətinin daha da yaxşılaşmasına xidmət edirsə, digər tərəfdən ərazinin cəlbediciliyi baxımından turizm sektorunun inkişafına əhəmiyyətli təsir göstərməkdədir. Bu isə xüsusən kənd, şəhər, tarixi abidələr, coğrafi məkanlar, istirahət, yay, qış vəsair ibarət müxtəlif məqsədlər üzrə mövcud olan turizm səfərlərinin təşkili və idarə olunması proseslərində mühüm təsirə malikdir və bu amillər muxtar respublika turizm sektoruna da xas xüsusiyyətlərdəndir. Bu mənada göstərə bilərik ki, 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 403 min 275 nəfər təşkil etmişdir ki, bu da müvafiq istiqamət üzrə güclü potensialın inkişafını və perspektivini göstərməkdədir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf tarixinin qürurverici səhifələrini yazmaqdadır. Böyük siyasətin qətiyyətli təntənəsinə çevrilən bu səhifələr qarşıdakı dövrlər üzrə güclü bazanı təşkil edəcəkdir.

Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent