30 mart 2017 14:41
286

Hədəfimiz ixracın şaxələndirilməsidir

Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə pambıqçılığın  inkişafı məsələlərinə dair respublika müşavirəsində bir daha qeyd olunmuşdur ki, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və onlara çıxış ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb

“Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır.” Dövlətimizin başçısı İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində regional inkişaf proqramları çərçivəsində icra olunan infrastruktur layihələrinin biznes üçün əlverişli şərait yaratdığını əsaslı şəkildə diqqətə çatdırmışdır. Statistik rəqəmlərə diqqət yetirək: Ötən il qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Cari ilin ilk 2 ayı ərzində də qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artım müşahidə edilir. Qeyri-neft ixracı təqribən 50 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin edilib. 

Təbii ki, bu inamı şərtləndirən amil qeyd olunduğu kimi, əvvəlki illərin uğurları və qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərdir. Cənab İlham Əliyev bildirir: “Birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu bizim ölkəmizi böyük dərəcədə gücləndirmişdir, elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır.”

İqtisadi islahatların davamlılığı, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır və bunun nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı 85 faizdən çox təşkil edir. Son 13 ildə bir milyon 500 mindən artıq yeni iş yeri açılıb. Ötən il yüz mindən çox daimi iş yeri yaradılıb. 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sahələrin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Qeyd olunan müşavirədə cənab İlham Əliyev bildirmişdir: “Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.”

İqtisadiyyatın şaxələndirilməsi prioritet məsələ kimi öndədir. Bu məqsədlə yerli istehsalın inkişafı üçün zəruri addımlar atılır. Bu reallıq inkaredilməzdir ki, məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafını, bütün sosial proqramların uğurlu icrasını təmin etmişdir. Məhz bu uğurlar Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumasını şərtləndirir: “Bizim üçün əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında xüsusilə Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir.” Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin sürətləndirilməsinə  yönəlmiş islahatlardandır. Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Son zamanlar sahibkarlara göstərilən diqqət və hüquqi bazanın möhkəmləndirilməsində məqsəd sənayenin inkişafını daha da intensivləşdirməkdir: “Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik.” Ölkə Prezidenti bildirir ki, növbəti illərdə əsas vəzifələrimizdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Bunun üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Pambıqçılıqla yanaşı, tütünçülük və baramaçılıqda da ciddi dönüş yaradılıb. 

Sadalananlar bir daha bu reallığı təsdiqləyir ki, ölkəmizdə güclü və fəal biznes sinfi formalaşıb. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlıdır. Bir sözlə, Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə yeni reallıqlar yaradıb. 

Yeganə Əliyeva, “İki sahil”