V Qlobal Bakı Forumunda dövlətimizin başçısı İlham Əliyev əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, işğalçı dövləti ərköyünləşdirən məqamları açıqladı
Ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin gündəlik işimiz olduğunu, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizin birləşdirilməsini hər zaman əsas tələb kimi qarşıya qoyur. Cənab İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə, beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən geniş bəhs edən dövlətimizin başçısı bu günə qədər konkret nəticənin əldə olunmamasından narazılığını ifadə edir.
Ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi V Qlobal Bakı Forumu Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin, bu günə qədər həll prosesinin uzanma səbəblərinin dünyaya açıqlanmasında bir daha yardımçı oldu.
Münaqişənin həllində diplomatik qələbənin rolu inkaredilməzdir. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından erməni yalanlarını, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrası üçün konkret mexanizmin müəyyənləşdirilməsinin vacibliyini, beynəlxalq aləmdə hüquq probleminin yaşandığını əsaslı şəkildə bəyan edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu fakt BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrdə də öz əksini tapıb. Baxmayaraq ki, Ermənistan prezidenti S.Sarkisyan sərsəm bəyanatları ilə dünyanın diqqətini özünə yönəltmək üçün Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil dövlət kimi təqdim edir. Onun belə sayıqlamalarına səbəb təbii ki, dünyanın ikili siyasəti, Ermənistana işğalçılıq siyasətinə görə heç bir təzyiqin göstərilməməsidir. Hər zaman qeyd etdiyimiz kimi, dünyanın iri dövlətləri işğalçını adı ilə çağırmağın problemin həllinə maneə olduğunu bəyan etməkdə davam edirlər. Bu, birtərəflilik kimi dəyərləndirilir. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərində işğalçıya dəstək necə dəyərləndirilir, ən əsası belə bir addımın atılmasının zəruriliyi ilə bağlı müddəa varmı? Ədalətə dəstək birtərəflilikdir, işğalçıya dəstək qəbul olunan prinsipdir. Maraqlı, eyni zamanda ədalət meyarını kiçildən yanaşma deyilmi? Elə bu yanaşmanın nəticəsidir ki, qəbul olunan qərar və qətnamələr illərdir kağız üzərində qalmaqdadır.
Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bildirmişdir: “Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqenin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər.” Bu cür mövqenin təbii ki, bir adı var: ikili standartlar. Azərbaycan istər Dağlıq Qarabağ probleminin nizamlanması prosesində, istərsə də demokratik islahatlar sahəsində dünyanın ikili siyasətinin şahididir. Dağlıq Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi qeyd edən beynəlxalq hüquq təşkilatları hələ bir az da irəli gedərək, işğalçı dövləti “azad ölkə”, Azərbaycanı isə “qeyri-azad” ölkə kimi təqdim edirlər. Görünür, bu diqqət və qayğıdan, qiymətləndirmədən ruhlanaraq Ermənistan prezidenti S.Sarkisyan Fransaya səfəri zamanı iş adamları ilə görüşündə ölkəsini “innovasiyalar ölkəsi” kimi təqdim etmişdir. Ölkə Prezidenti İlham Əliyev işğalçı dövlətin bu sayıqlamasına münasibətini belə ifadə etmişdir: “Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”
Cənab İlham Əliyev Forumda dünyada cərəyan edən proseslərin fonunda bu reallığa da diqqət yönəltmişdir: “Təəssüflər olsun, ümumilikdə bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur. Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir. Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər.”
Bu fakt inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə əsas verir. Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların tribunasından XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının iştirakçısı olduğunu bildirir və dünya buna susursa, düşünürük ki, artıq geniş şərhə ehtiyac yoxdur. Kağız üzərində qalan sənədlər yalnız görüntü üçündürsə, bunu tarix özü təsdiqləyib. Əsas bu həqiqətlərə söykənərək, işğalçını cəzalandırmaq, münaqişələrin ədalətli həllinə yol açmaqdır. Cənab İlham Əliyev çıxışında bu məsələni də bəyan etmişdir: “Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstəricisi olacaqdır. Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.”
Bütün bu yanaşmalara baxmayaraq, Azərbaycan dövləti həqiqətə əsaslanan təbliğatını davam etdirir. Diplomatik uğurlarımız, iqtisadi imkanlarımıza uyğun olaraq günbəgün güclənən, qüdrətlənən ordumuz işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyi artırır. Azərbaycanın son illərdəki iqtisadi göstəricilərinə bir daha nəzər salan ölkə Prezidenti İlham Əliyev bildirir ki, güclü siyasi iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və xalq arasında birlik mövcud olduğu halda hətta münaqişə, işğal və o qədər də sadə olmayan geosiyasi mühit şəraitində çox nailiyyətlər əldə etmək mümkündür.
Yeganə Əliyeva, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi