Regional münaqişələrin, qarşıdurma və müharibələrin, qlobal problemlərin kəskinləşdiyi bir vaxtda paytaxtımızda keçirilən V Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti ilə diqqəti cəlb etdi. 50-dən artıq ölkəni təmsil edən Forumun iştirakçılarının etiraf etdikləri kimi sabit ölkə kimi tanınan Azərbaycanda keçirilən bütün tədbirlər ölkələrarası əməkdaşlıq və dostluq əlaqələrinin şaxələndirilməsi baxımından ən yaxşı nümunədir.
“Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızın təşəbbüsləri regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib.
Respublikamıza isti münasibətini, hörmət və ehtiramını daim xoş sözlərlə bildirən, “Mən fəxr edirəm ki, Azərbaycan ilə ilkin təmasım Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin vasitəsilə olmuşdur” söyləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Azərbaycanın sivilizasiyalararası münasibətlərin gücləndirilməsindəki təşəbbüslərini dünyada sülhün bərpasına yönəlmiş uğurlu addım adlandıraraq bildirir ki, qonaqpərvərliyi, milli və bəşəri dəyərlərə sadiqliyi ilə seçilən, müxtəlif millətlərin və konfessiyaların birgə yaşadığı tolerant Azərbaycanın özünəməxsus həyat tərzi yüksək qiymətləndirilməlidir: “Hər bir Forum əvvəlkindən yaxşı olmuşdur. Beləliklə, biz, Sizin burada gördüyünüz kimi, bir çox müxtəlif və uzaq yerlərdən olan insanları bir araya gətirən, onlara dünyaya dair baxışını, narahatlıqlarını və hamımızın bir yerdə dünyanı necə daha da yaxşı etmək üçün yaradıcı ideyalarını paylaşmaq imkanını verən tədbirin beynəlxalq müstəvidə davamlı olaraq inkişafını səbirsizliklə gözləyirik.”
Dünya siyasətində aktuallığını qoruyan məsələlərin müzakirə olunduğu Forumda qeyd olunduğu kimi, terrorun davam etdiyi, müharibə, münaqişə və böyük humanitar fəlakət olan miqrant böhranı ilə üzləşdiyimiz müasir dövrümüzdə mühacirlərin üz tutduğu ölkələrdə yaranan narahatlıq, ölkələrin daxili işlərinə kənardan siyasi və hərbi müdaxilələr bütünlükdə dünya siyasətinə təsir edən amillərdəndir. Bu isə öz növbəsində qaçqınların üz tutduqları ölkələrdə ilkin olaraq cəmiyyətin, daha sonra isə siyasi elitanın radikallaşması ilə nəticələnir.
“Bu səbəbdən hesab edirəm ki, qlobal gündəlikdə duran mühüm məsələlərdən biri həmin tendensiyanın istiqamətini dəyişdirməkdir. Özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir” söyləyən Prezident İlham Əliyev Azərbaycanın sadiq qaldığı mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi töhfələrin məntiqi nəticəsi kimi belə humanitar forumların bəşəri əhəmiyyətindən ətraflı bəhs etməklə münaqişələrin yaratdığı problemləri, regional riskləri təhlükə mənbəyi kimi diqqətə çatdırdı. Hazırda dünya siyasətçilərinin ən çox maraq göstərdikləri, 25 ildən artıq həllini gözləyən Dağlıq Qarabağ problemi məhz beynəlxalq ictimaiyyətin daim diqqətində olan ərazi münaqişəsidir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanın göstərdiyi cəhdlərin nəticəsiz qalmasını ikili standartların nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımıza məxsus tarixi, dini və mədəni abidələrin dağıdıldığı torpaqlarımızda infrastrukturun məhv olunması Ermənistanın qonşusuna təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir.
“Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz olaraq” Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması” tələb olunur.” Bu sözləri ilə qəbul olunan qətnamələrin kağız üzərində qalmasını ikili standartlar siyasəti hesab edən cənab İlham Əliyev belə yanaşmaları beynəlxalq münasibətlərdə ayrı -seçkilik kimi dəyərləndirdi. Qəbul olunsa da icra edilməyən qərarlara etinasızlığın bütün dünya üçün təhlükə adlandırılmasının bir məntiqi açıqlaması var: Ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilirsə bu işğalçılıq başqa münaqişə ocaqlarının yaranmasına təhrikdir.
Bu yaxınlarda Avropanın ən qüdrətli dövləti, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransaya səfəri zamanı da Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi yollarından, biznes sahəsində möhkəmlənən iqtisadi əlaqələrdən danışan Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, əlaqələr sağlam rəqabətlilik, düzgün idarəetmə əsasında qurulmalıdır. Səfər zamanı o da bildirildi ki, iqtisadi və siyasi sabitlik qarşılıqlı əməkdaşlıq üçün vacib şərtlərdəndir. “Mən münaqişə barədə danışarkən Azərbaycanın işğal olunmuş ərazilərində Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim” söyləyən Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan, başqalarının daxili işlərinə müdaxilənin yolverilməz olduğunu əks etdirən mövqeyini V Qlobal Forumda da diqqətə çatdırdı: “Bu, region üçün təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir. Biz münaqişənin sülh yolu ilə həllini arzulayırıq. Ancaq biz onun real həllini istəyirik. Ermənistan isə status-kvonun saxlanılmasını istəyir və vasitəçilərin - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransa, Rusiya və ABŞ-ın mühüm bəyanatlarına məhəl qoymur. Həmin dövlətlərin rəhbərləri dəfələrlə status-kvonun qəbuledilməz və onun dəyişməli olduğunu bəyan etmişlər. Status-kvonun dəyişməsi isə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlanılması deməkdir.”
Müstəqillik illərində xarici siyasət konsepsiyasının əsas istiqmətlərini müəyyənləşdirən, humanitar əməkdaşlıq, enerji təhlükəsizliyi ilə bağlı əlaqələrin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsini diqqətdə saxlayan Azərbaycan bu amillərə verdiyi dəyəri təcrübəsində təsdiqləyib. Azərbaycan neçə illərdir ki, Avropa İttifaqına üzv olan dövlətlərlə sıx əlaqələr yaratmış və strateji tərəfdaş kimi qarşılıqlı əməkdaşlığa sadiqdir.
Azərbaycanın vədinə sadiq, etibarlı tərəfdaş olması enerji və nəqliyyat layihələrinin reallaşmasında da təsdiqlənib. Gürcüstan və Türkiyə ilə birgə həyata keçirilən qlobal layihələrin, neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun təşəbbüskarı olan Azərbaycan eyni zamanda tranzit ölkə, əməkdaşlıq və biznes dəhlizidir. Bu layihə artıq Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri yaratmaqdadır və ölkələrimizə böyük mənfəət gətirəcəkdir.
Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniyanın tərəfdaş olduğu “Cənub Qaz Dəhlizi”nə Xorvatiya, Monteneqro və Bosniya və Herseqovinanın maraq göstərməsi Balkan ölkələri ilə əməkdaşlığın yeni istiqamətləri olmaqla tərəfdaşlarımızın sayını da artıracaq. XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin Avropa Komissiyası tərəfindən dəstəklənməsi Azərbaycanın qitə dövlətləri ilə münasibətlərinin yeni, daha səmərəli əlaqələrini proqnozlaşdırır. “Sərmayələr Xəzər dənizində yerləşən nəhəng qaz yatağı ilə bağlıdır və bu, Bakıdan İtaliya sahillərinə qədər uzanan, bir-biri ilə əlaqəli 3 kəmərdən ibarət vahid bir sistem layihəsidir” sözləri ilə bu kəməri enerji təhlükəsizliyinə töhfə adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi, “Cənub Qaz Dəhlizi” regional münasibətləri gücləndirəcək əməkdaşlıq formatıdır.
Göründüyü kimi, Azərbaycan mütərəqqi ideyaların təbliğinə və müzakirəsinə həsr olunmuş tədbirlərin təşkilində öncüllüyünü qoruyur.
Ancaq millətlərarası və dövlətlərarası dialoqlara daha çox ehtiyac duyulduğu indiki zamanda ikili standartlar və özgələşdirmə prinsipi beynəlxalq hüquq normalarını arxa plana keçirir. Tolerantlıq haqqında müzakirələrin aparıldığı məqamda dinlər, millətlərarası ayrı-seçkiliyə yol verilməsi sabitlik üçün ən böyük təhlükədir. Çox təəssüf ki, bəşəriyyət üçün ən böyük təhlükə olan belə hallar hələ də mövcuddur və bundan əziyyət çəkənlər yenə də dinc insanlardır. Münaqişələrin sülh yolu ilə tənzimlənməsində aparıcı dövlət kimi təcrübəsi öyrənilən, mədəniyyətlər və qitələrarası körpü rolunu oynayan ölkəmizin müsbət, dayanıqlı, təhlükəsiz və sabit inkişafı onu nümayiş etdirir ki, yalnız qarşılıqlı etimad və multikulturalizmə sadiq qalmaqla, habelə başqalarına hörmət etməklə uğura imza atmaq mümkündür.
Xuraman İsmayılqızı, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi