16 mart 2017 15:23
636

Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək

Dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında güclü siyasi əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərdiyini bildirir

İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin rolu inkaredilməzdir. Bu gün istər ölkə, istərsə də dünya mətbuatında əsas müzakirə mövzularından biri dövlətimizin başçısı İlham Əliyevin Fransaya rəsmi səfəridir. Səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, eyni zamanda hər iki ölkə Prezidentinin bəyanatları münasibətlərin bugünkü səviyyəsinin aydın ifadəsidir.

Görüşlərdə bu fikir xüsusi qeyd olunmuşdur ki, Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dövlətimizin başçısı İlham Əliyev Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Azərbaycanın malik olduğu iqtisadi imkanlardan geniş bəhs etmişdir. “Əlbəttə ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik” söyləyən cənab İlham Əliyev təkmil islahatların, ayrı-ayrı sahələrin inkişafına xidmət edən yol xəritələrinin nəticəsində iqtisadi inkişafın sabit olduğunu qeyd etmişdir. Uğurlarımız iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların öz müsbət nəticəsini verdiyini təsdiqləyir. Qeyd olunan görüşdə ölkəmizin qeyri-neft sektoru sahəsində malik olduğu imkanlar diqqətə çatdırılaraq, bu istiqamətdə investisiya qoyuluşunun vacibliyi bildirilmişdir.

Azərbaycanın iqtisadi uğurlarını rəqəmlər əsasında qeyd edən cənab İlham Əliyev ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyuluşunu bu günümüzə və gələcəyimizə inamın, ən əsası ölkədə yaradılan biznes mühitinin əlverişliliyinin göstəricisi kimi vurğulamışdır: “Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, hotel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik.” Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu, Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Davos Dünya İqtisadi Forumunun Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görməsini, qurumun digər reytinqində isə inkişaf etmiş ölkələrin inkişaf səviyyəsinə görə 1-ci və 2-ci yerləri paylaşmasını xüsusi qeyd etmişdir. Bu uğurlar fonunda qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşdirilməsinə nail olmaq imkanı verir.

Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz önündədir. Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması bunun təsdiqidir. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə artırır. Bu gün dünyanın geniş bəhs etdiyi “Cənub Qaz Dəhlizi” çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Cənab İlham Əliyev qeyd olunan görüşdə də “Cənub Qaz Dəhlizi”nin hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab edildiyini önə çəkərək bildirmişdir ki, layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Azərbaycan bu layihədə aparıcı rola malikdir. “Cənub Qaz Dəhlizi” enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsi, XXI əsrin layihəsidir.

Fransa səfəri çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın tranzit ölkə kimi də möhkəmlənən mövqeyindən geniş bəhs olundu. Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan regionun nəqliyyat qovşağına çevrilmişdir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Qeyd olunmuşdur ki,  Azərbaycanın uğurları fonunda işğalçı dövlətin zəifliyi daha aydın görünür. Lakin Ermənistan rəhbərliyi ölkəsini “innovasiyalar ölkəsi” kimi təqdim etməklə özünü gülünc vəziyyətinə qoyur. Hansı yenilikdən, inkişafdan bəhs edir? Əgər doğrudan da işğalçı ölkədə vəziyyət qənaətbəxşdirsə, tərketmələr nəyə əsaslanır? Hər il Ermənistanı 100 minə yaxın insan tərk edir. Proses bu şəkildə davam edərsə, Ermənistan adlı dövlətin varlığı sual altındadır. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunan Ermənistanda iqtisadi durumun ağırlığı inkaredilməzdir. S.Sarkisyanın sərsəm düşüncələri reallığı ört-basdır etmək imkanında deyil.

Cənab İlham Əliyev bir reallığı da diqqətə çatdırmışdır ki, təbii resursları olmayan xeyli sayda ölkələr vardır. Amma onlarda idarəçilik sisteminin düzgün qurulması, təkmil islahatlar, yeniliyə meyil uğurların davamlılığına stimul olur: “Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”

İqtisadi böhran içərisində çapalayan bir ölkənin güclü ordudan danışması da mümkünsüzdür. Ermənistan rəhbərliyinin ordu ilə bağlı bəyanatları da reallıqdan uzaqdır. Azərbaycan tərəfi münaqişənin həllində sülh danışıqlarına üstünlük versə də, hərb variantını istisna etmir. Təbii ki, buna səbəb işğalçı Ermənistanın məsələnin həllinin uzanmasında maraqlı olduğunu atdığı hər addımında büruzə verməsidir. ATƏT-in Minsk qrupunun həmsədri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi önəmlidir. Keçirilən görüşlərdə ölkə Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səylərin yüksək dəyərləndirildiyini bildirmişdir. O da vurğulanmışdır ki, Azərbaycan istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin. Münaqişə nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və köçkün düşdüyünü qeyd edən cənab İlham Əliyev onların sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin əsasında dayandığını bildirmiş, bu istiqamətdə həyata keçirilən layihələri diqqətə çatdırmışdır.

Ölkə Prezidenti çıxışında işğal olunmuş ərazilərimizdə Avropadan, o cümlədən Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlığını da ifadə etmişdir: “Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istədim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil.”

Fransa və Azərbaycan prezidentlərinin bəyanatları da iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsinə və perspektivlərə bir daha işıq saldı. Bu əminlik ifadə olunmuşdur ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Buna əsas yaradan mövcud imkanlar, eyni zamanda gələcəklə bağlı müəyyənləşdirilən prioritetlərdir.

Dövlətimizin başçısı İlham Əliyevin səfəri Avropada yaşayan azərbaycanlıların böyük marağına səbəb olmuş, diaspor nümayəndələri martın 14-də Fransanın paytaxtı Parisin Joffr meydanında - Sülh divarının yaxınlığında Azərbaycan Prezidentinə dəstək aksiyası keçirmişlər. Diasporun bir dövlətin xaricdə varlığı olduğunu nəzərə alsaq, bu aksiyanın Azərbaycan həqiqətlərinin təbliğində əhəmiyyətini daha aydın görərik.

Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini artırmaqla beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin təsdiqidir. Azərbaycan iqtisadi və siyasi islahatların vəhdətliyini qorumaqla əldə etdiyi uğurlarla Asiya və Avropa arasında körpü rolunu daha da zənginləşdirir.

Yeganə Əliyeva, “İki sahil”