16 mart 2017 14:34
1227

Miqrantlar ilə bir yerdə yaşamağın Azərbaycan modeli

Zaman sanki qanadlı quşdur. Aylar, illər çox sürətlə gedir ömürdən. Gözünü  açıb yumursan və bir də görürsən ki, illər sürətlə keçib. Beş, on, iyirmi il... Bəzən “bu illər nə tez keçdi, nə ilə yadda qaldı?” deyə özümüzə sual veririk. O zaman xatirələr vərəqlənir, dönüb arxaya - keçən illərə baxırıq. Təbii ki, illər o zaman yadda qalan və tarixi olur ki, hansısa əlamətdar, mühüm hadisə ilə topluma, cəmiyyətə fayda verə bilir. Bu baxımdan yaradılmasının 10-cu ildönümü qeyd edilən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin keçdiyi uğurlu inkişaf yolu həqiqətən də ölkəmiz üçün əlamətdardır. Xidmətin fəaliyyətə başladığı zamana və əldə etdiyi nailiyyətlərə işıq tutaraq DMX-nın inkişaf tarixini vərəqləyək.

Zaman baxımından qısa da olsa 10 il ərzində Dövlət Miqrasiya Xidməti sürətli inkişaf yolu keçdi, ölkəmizdə dünya standartlarına uyğun miqrasiya xidməti formalaşdı. Əlbətdə, bu inkişaf birdən birə olmadı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu və hərtərəfli siyasət ölkəmizi bu gün də tərəqqiyə, parlaq gələcəyə aparır. Xalqımız xoşbəxtdir ki, Ulu Öndərin müdrik siyasəti hazırda onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Reallıq və bu günümüzün qürurverici hadisəsi də budur ki,  dövlət başçımızın rəhbərliyi ilə respublikamız ilbəil inkişaf edir, çiçəklənir. Azərbaycanın iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafı miqrasiya proseslərinə də təsirsiz keçmirdi. Respublikamız əcnəbilər üçün olduqca maraqlı ölkəyə çevrilirdi. Ölkəyə gələn və bu fikirlə yaşayanların sayı günbəgün artırdı.

Atılan hər bir addımın ölkəmizin gələcəyinə xidmət etdiyini çıxışlarında qeyd edən Prezident cənab İlham Əliyev bildirir: “Azərbaycan inkişaf etdikcə buraya gəlmək istəyən əcnəbilərin sayı artacaqdır. Bu dövlətimiz üçün müsbət amil sayıla bilər. Lakin biz istənilən halda öz xalqımızın, öz vətəndaşlarımızın, öz dövlətimizin mənafeyini üstün tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin prioritet istiqaməti də bu olmalıdır.”

Bildiyiniz kimi ölkədə miqrasiya proseslərinə nəzarəti bir neçə dövlət orqanı həyata keçirirdi. Bu sahədə dövlət siyasətini uğurla davam etdirərək, yeni dövrün tələblərinə uyğun təkmilləşdirən ölkə başçısı miqrasiya siyasətinin başlıca parametrlərini müəyyən etdi. Dövlət rəhbərliyinin miqrasiya sahəsinə daim həssas yanaşması, bu sahəyə verdiyi xüsusi əhəmiyyət, göstərilən diqqət və qayğısının nəticəsində 2004-cü ildə miqrasiya sahəsində vahid konsepsiya, eləcə də 2006-2008-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramı qəbul olundu. Görülmüş işlərin məntiqi davamı kimi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli 560 saylı fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradıldı. Prezidentin 2010-cu il 17 mart tarixli 812 nömrəli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 Xidmət öz fəaliyyətinə hal-hazırda Bakı regional miqrasiya idarəsinin yerləşdiyi binada başlamışdı. Say tərkibi elə də çox olmayan əməkdaşlar əzmlə, fədakarlıqla çalışırdılar. Zaman irəlilədikcə əməkdaşların sayı və görülən işlərin həcmi də artırdı. Bu illər ərzində Xidmət formalaşdı, gücləndi.

25 may 2010-cu ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verildi. Binəqədi rayonunda inşa edilən ən müasir standartların tətbiq olunduğu yeddi mərtəbəli bina gözəlliyi və daxili tərtibatı ilə göz oxşayır. Binada Xidmət əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Prezidentin Sərəncamına əsasən miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə binada Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılıb. Bu sistem vasitəsilə  əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə daxil olduqları anda ilk ünsiyyətdə olduqları dövlət orqanlarından biri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətidir. Xidmət ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur.

Ötən 10 il ərzində qurumun maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi yaradılıb və mütəmadi olaraq yenilənir. Xidmətin rəsmi saytının dizaynı və proqram təminatı müasir veb texnologiyaları uyğun olaraq yenilənməsi işləri həyata keçirilib. Əlavə olaraq vətəndaşların veb səhifəsi üzərində Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri üçün onlayn bələdçi istifadəyə verilib. 11 elektron xidmətin fəaliyyət göstərdiyi “Elektron xidmət” bölməsi yaradılıb və “Elektron hökumət” portalına inteqrasiya olunub. Eyni zamanda veb səhifənin İOS və Android platformalı smartfonlar üçün mobil tətbiqi də hazırlanıb. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün “Qaynar xətt” xidməti təşkil edilib. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və milli maraqların qorunmasının etibarlı təminatçısı kimi formalaşan Dövlət Miqrasiya Xidməti bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.

Dövlət Miqrasiya Xidməti beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da genişləndirib, iki və çoxtərəfli münasibətlər inkişaf etdirilib, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində bir sıra əhəmiyyətli addımlar atılıb. Amerika Birləşmiş Ştatları, Niderland Krallığı, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Almaniya, Rumıniya, Pakistan, İtaliya, İndoneziya, Koreya, Özbəkistan və Latviya Respublikalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı, BMT QAK, Avropa İttifaqı, MDB, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilib. 2014-cü ildən Avropa İttifaqı və Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. Saziş çərçivəsində Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan mühacirlərin yerləri təsbit edilərək, sağ-salamat və qanuni yolla geri - vətənlərinə qaytarılırlar. 2016-cı ildə 120 şəxsin readmissiyası həyata keçirilib.

Keçən il Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının Bakı şəhərində keçirilməsi miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsində, habelə müxtəlif ölkələrin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında böyük əhəmiyyətə malik olub. Bundan başqa BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşdə, o cümlədən “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı dəyirmi masada, Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib. Eləcə də Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”nin imzalanması mərasimi qarşılıqlı fəaliyyət, inam və etimadın nümunəsi kimi səciyyələndirilib.

Fəaliyyətə başladığı gündən daima insan hüquq və azadlıqlarına hörmətlə yanaşan Dövlət Miqrasiya Xidməti ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılmasını qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edir, qeyd edilən şəxslərin yerli şəraitə uyğunlaşmalarına, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalarına köməklik göstərir. Bu sahədə görülən işlərdən biri də qaçqın statusu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş şəxslərin müraciətlərinin araşdırılması və onlara köməklik göstərilməsidir. Xidmət daima bu kateqoriyadan olan şəxslərə həssaslıqla yanaşır və onların mövcud problemlərinin həllinə çalışır. Məsələn, qaçqın statusu almaq istəyən iki əfqanıstanlı gənc - 26 yaşlı Həmid Sabiri və 24 yaşlı Leyli Bəxşi ailə qurmaq istədiklərini, lakin maddi vəziyyətlərinin buna imkan vermədiklərini bildirmişlər. Xidmətin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü olaraq yerləşdirilən gənclərin istəkləri nəzərə alınaraq onlara kəbin mərasimi təşkil edilmiş və onlar öz ailə səadətinə Azərbaycanda qovuşmuşdurlar. Bu gün ölkəmizə qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə hər cürə qayğı göstərilir. Azərbaycan müxtəlif millətlərin mehriban yaşadığı tolerant ölkədir. Bu diyarda yaşayan hər bir millətin nümayəndəsi onu özünə ana vətən hesab edir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda məhz “Multikulturalizm ili” elan olunması da bu ideoloji konseptin xalqımız və dövlətimiz üçün necə vacib əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi. Şübhəsiz, “Multikulturalizm ili” çərçivəsində həyata keçiriləcək tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. “Ümumdünya uşaq hüquqları günü”, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilmiş əcnəbilər üçün hər il bayram şənlikləri təşkil olunub. Bütün bunlar dövlətimizin uğurla reallaşdırdığı siyasətə daima sadiq olan Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin və əməkdaşlarının miqrantlara olan diqqətinin təzahürüdür.

Vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regional idarələrinin təşkili uğurla davam etdirilir. Xidmətin Bakı, Gəncə, Yevlax, Şəki, Xaçmaz, Lənkəran, Ağsu, Şirvan regional miqrasiya idarələrinin və sərhəd buraxılış məntəqələrinin miqrasiya şöbələrinin iş fəaliyyəti tam təmin edilib, Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması mərkəzləri istismara verilibdir. Onlar hər cür avadanlıqlarla təchiz olunublar. Onu da xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarını və qanunlarını, cənab Prezidentin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi kimi müraciətlər qəbul edilir. İctimaiyyətin maarifləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti əməkdaşlarının müxtəlif vaxtlarda  “ASAN radio”nun canlı efirində çıxışlarının təşkil edilməsi cəmiyyətdə təqdirəlayiq hal kimi qiymətləndirilir.

Ölkəmizdə təkcə son on ildə insan hüquq və azadlıqlarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə həyata keçirilən tədbirlər dünya birliyi, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən yüksək səviyyədə təqdir olunur. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq ölkəmizə səfəri zamanı Azərbaycanda miqrasiya sahəsində formalaşdırılmış innovativ işlərlə bağlı gördüklərini keçirdiyi çoxsaylı görüşlərdə dünya ölkələri üçün yaxşı nümunə kimi qeyd etdiyini vurğulamışdır. Bu sahədə Azərbaycanın təcrübəsinin digər dövlətlərin aidiyyəti qurumlarına nümunə olduğunu diqqətə çatdırmış və bundan yararlanmağı tövsiyyə etmişdir: “Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər.” Niderland Krallığının Repatriasiya və Geriqaytarma Xidmətinin baş direktoru Rodia Maas isə Xidmətlə əməkdaşlığı yüksək qiymətləndirərək bildirmişdir: “Biz Dövlət Miqrasiya Xidmətini etibarlı tərəfdaş kimi görürük. Məncə biz birlikdə çox yaxşı işlər görmüşük. Benefisiar tərəf kimi Azərbaycan tərəfdaş ölkələr Latviya, Niderland, Ruminiya ilə birlikdə gözlənilən, planlaşdırılan bütün işləri həyata keçirdi. Mən hətta deyərdim ki, gözləniləndən artığını etməyə nail olmuşuq.” Göründüyü kimi, ölkəmizdəki  demokratik şəraiti xarici qonaqlar da yüksək qiymətləndirirlər.

Azərbaycanda müasir tələblərə cavab verən miqrasiya xidmətinin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, miqrasiya sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzi icra hakimiyyəti orqanı kimi hər zaman dövlətə, dövlətçiliyə sadiq olan Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri çərçivəsində qarşısına qoyulmuş vəzifələri vaxtında və uğurla canla-başla yerinə yetirməkdədir. Görülən işlər və nəticələr sübut edir ki, hər bir miqrasiya orqanı əməkdaşları ona tapşırılan işlərin məsuliyyətini dərindən dərk edərək öz xidmətinə nizam-intizamla, diqqətlə yanaşır, üzərinə düşən xidməti vəzifələrin icrasını təmin etmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlər.

Şəmsiyyə Həsənova, “İki sahil”