“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” bu məqsədə lazımi səviyyədə nail olmağa stimuldur
“Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”
Dövlətimizin başçısı İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu bildirir. Rəqəmləri açıqlayan ölkə Prezidenti vurğulayır: “Bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, -təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq.”
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən qeyri-neft sektorunun inkişafını əsas məsələ kimi öndə saxladı. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar bugünkü uğurları şərtləndirdi. 2004-cü ildən indiyədək keçilən yola qısa baxış keçirən dövlətimizin başçısı Azərbaycanın son on üç ildə dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətli inkişaf edən ölkə olduğunu əsaslı şəkildə diqqətə çatdırır. İşsizlik və məşğulluq probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Əmək haqları və pensiyalar davamlı olaraq artırılır. Azərbaycanın qazandığı sosial dövlət imici uğurlu sosial-iqtisadi islahatların təqdimatı kimi dəyərləndirilir. Ölkəmizin iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi də təkmil islahatlara, gələcəyə hesablanmış inkişaf konsepsiyasına, ayrı-ayrı dövrlər üçün səciyyəvi olan Dövlət proqramlarının uğurlu icrasına, bir sözlə, vətəndaş amilinə və möhkəm bazaya söykənən siyasətə əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə də təqdir olunur. Ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə Azərbaycan ilk yerləri bölüşür. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev eyni zamanda bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.
Əvvəldə də qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təminatı əsas hədəflərdəndir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu istiqamətdə işlərin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir.
Regionların potensialından səmərəli istifadəni vacib şərt kimi önə çəkən ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bildirilir ki, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini daha da sürətləndirir. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızda bu məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq... Gələcəkdə daha da böyük işlər görüləcək.”
Neft gəlirlərinin düzgün istiqamətləndirilməsinin mühüm nəticələrindən biri bu gün ümumi daxili məhsulda özəl bölmənin payının 85 faiz təşkil etməsidir. Ümumilikdə götürsək, Azərbaycan uğurlu sosial-iqtisadi islahatlara əsaslanaraq, Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. “İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev neft-qaz gəlirlərinin iqtisadiyyatın real sektorlarına yönəldilməsini qarşıya qoyulan məqsədə çatmaq istiqamətində atılan addımlardan biri kimi qeyd edir. Ən prioritet sahələrdən biri kimi aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı da davamlıdır. 2017-ci ildə 100-120 min hektarda pambıq əkiləcəyi və 200 min ton pambığın yığılması gözlənilir. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir. Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq.
Yeni hədəflər yeni sənədlərin qəbulunu, təkmil islahatları bir zərurət kimi ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı bir daha bu reallığı təsdiqlədi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. 12 istiqaməti əhatə edən Yol Xəritələri ölkənin hərtərəfli inkişafına, yeni hədəflərə yüksək səviyyədə nail olmağa stimuldur.
Yeganə Əliyeva, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi