13 mart 2017 23:29
447

Azərbaycan postneft dövrünü yaşayır

Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq əsas hədəflərdəndir

Dövlətimizin başçısı İlham Əliyev “Regionların 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  2004-cü ildə birinci proqramın qəbul edilməsinin tarixi hadisə olduğunu belə əsaslandırmışdır: “Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində  atılan addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik.”

Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynayır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənir. Cənab İlham Əliyev ötən dövrdə əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yönəldərək bildirir ki,  görülən işlər, qazanılan uğurlar qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Açıqlanan rəqəmlərdən də aydın olduğu kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün görülən tədbirlər davamlıdır. İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini yenə də prioritet məsələ kimi qarşıya qoyur.

Təbii ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırır ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq gözəl nəticələr verməkdədir. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollar təşkil edir. Valyuta ehtiyatlarımız artır. Xatırladaq ki, 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdi. Dövlətimizin başçısı bu inamı ifadə edir ki, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq, iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək: “Bax, budur, bizim əsas inkişaf konsepsiyamız... Biz artıq postneft dövründə yaşayırıq... Dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək.”

Neft gəlirlərindən səmərəli istifadənin nəticəsi mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsidir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımların atılmasını şərtləndirən amillərdən biri məhz iqtisadi imkanların mövcudluğudur. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ünvanlı sosial yardım proqramı icra edilir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Dövlətimizin başçısı İlham Əliyevin son fərman və sərəncamları da bunun təsdiqidir. Həyata keçirilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə işsizlik və yoxsulluq problemləri öz müsbət həllini tapır. Hazırda yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial ədalət prinsipləri Azərbaycanda əsas rol oynayır, bazar iqtisadiyyatı prinsipləri inkişafımız üçün əsas alətdir. Dövlətimizin başçısının önə çəkdiyi reallıqlarımızdan biri də budur ki, Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin hər biri uğurlu sonluqla başa çatır. Vaxtilə BTC və BTƏ neft-qaz kəmərləri çoxlarına əfsanə kimi görünürdü. Amma bu gün Azərbaycan adları çəkilən, eyni zamanda onların davamı kimi gündəmə gətirilən layihələrin reallığa çevrilməsinə nail olmaqla təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu günlərdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində  nazirlərin üçüncü toplantısında da ölkəmizin bu mövqeyi bir daha açıqlandı və təqdir olundu. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir... Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik.”  

Əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, yaxın zamanlarda istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. “Dəmir İpək yolu” adlandırılan bu layihə iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycan tranzit ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. Hər bir uğur ölkəmizin inkişaf modelinin təqdimatı kimi dəyərləndirilməlidir. Düzgün təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Azərbaycanın dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri də iqtisadiyyatının düzgün əsaslar üzərində qurulmasıdır. Cənab İlham Əliyev bildirir: “Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir.”

Sözsüz ki, bu uğurların təməlində qeyd etdiyimiz kimi,  gələcəyə hesablanmış siyasət dayanır. Dövlətimizin başçısı İlham Əliyevin  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq davamlı inkişafa xidmət edən Stateji yol xəritələrinin təsdiqlənməsi haqqında imzaladığı Sərəncam ölkəmizin əldə etdiyi uğurların növbəti illərdə daha da artmasını, qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını, xalqın sosial rifahının yaxşılaşmasını təmin edəcək, Azərbaycan daha güclü, qüdrətli, inkişaf etmiş dövlətə çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında əsas diqqət göstərdiyi məsələlərdən biri məhz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə olur: “Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni bu nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir.” Əsas hədəflərdən biri Azərbaycanın bu sahədə də nümunəvi ölkə olmasıdır.

Göründüyü kimi, dayanıqlı inkişaf həyata keçirilən siyasətin ana xəttini təşkil edir. Ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, tərtib olunan Strateji yol xəritələri bu davamlılığı təmin edir, yeni prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirir.

Yeganə Əliyeva, “İki sahil”