Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə ölkəmizin iqtisadi imkanlarına əsaslanaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar fonunda qarşıda dayanan vəzifələr diqqətə çatdırıldı
“Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir.” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə qaçqın və məcburi köçkünlərə diqqət və qayğının həyata keçirilən sosial siyasətin əsas tərkib hissəsi olduğu bir daha qeyd edildi. Təbii ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar ölkənin iqtisadi inkişafına əsaslanır.
İlin ilk ayından imzalanan fərman və sərəncamlar sonrakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaradır. Hər zaman bu reallıq da diqqətə çatdırılır ki, atılan bütün addımların təməlində məhz vətəndaş amili dayanır. Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Qeyd olunan müşavirədə də bu məqam xüsusi vurğulanmışdır: “Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.” Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə də günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə önə çəkilərək, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilir. Son 13 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, işsizliyin də eyni səviyyədə olması təbii ki, uğurlu, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə stimuldur. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin sahibkarlığın inkişafına xidmət edən addımları davamlılığı ilə diqqət çəkir. Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə, Bakıətrafı qəsəbələrdə olan cənab İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşlərində onların qayğıları ilə yaxından tanış olur, icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir.
Bu fikir dövlətimizin başçısının çıxışlarında xüsusi yer tutur ki, irəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, onlarda böyük ruh yüksəkliyi yaradır. Hər zaman özünə diqqət və qayğının şahidi olan xalq aparılan siyasətə dəstəyini ölkə Prezidentinin ətrafında sıx birləşməklə nümayiş etdirir. Ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramlarında konkret tədbirlərin öz əksini tapması, vahid icra mexanizminin müəyyənləşdirilməsi və s. kimi addımlar da ölkənin davamlı inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq.” Regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar, infrastruktur layihələri bugünkü reallıqları yaratmışdır. Cənab İlham Əliyev bu fikri də böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 13 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır... İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik.”
Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsəddən irəli gəlir. Bu sənədə əsasən, müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlar xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” çağırışının davamı kimi dəyərləndirilməlidir. Andiçmə mərasimində bu vacib məqam da qeyd olunmuşdur ki, iqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Xatırlasaq, ötən il dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyalar 10 faiz artırıldı. Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının “ hesabatlarında da Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir.
Əvvəldə qeyd etdiyimiz kimi, sosial siyasətin əsas tərkib hissələrindən biri kimi məcburi köçkünlərə diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Xatırlasaq, ulu öndər Heydər Əliyev bildirmişdir ki, qaçqın və məcburi köçkünlərə qayğı ümumxalq işi olmalıdır. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun maliyyələşdirdiyi əsas istiqamətlərdən biri qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirədə bu məqamı da qeyd etmişdir: “Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb.”
Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələsinə diqqət yönəldir və aidiyyəti qurumlara tapşırıqlarını verir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu əminlik ifadə olunmuşdur ki, bu il də bu proses davam edəcək, yəni bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq. Cari ilin ötən dövründə bu istiqamətdə imzalanan fərman və sərəncamlar da ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Cənab İlham Əliyevin 23 yanvar 2017-ci il tarixli “ Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”, bunun davamı olaraq 14 fevral 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərmanı da deyilənlərin təsdiqidir. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdi. Bu günə qədər məcburi köçkünlər üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı da hər zaman bəyan edir ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Təbii ki, bu əminliyə əsas yaradan Azərbaycanın diplomatik uğurları və torpaqlarımızı işğaldan azad etməyə qadir güclü, qüdrətli Ordusudur. Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri bu qayıdışın başlanğıcıdır.
Yeganə Əliyeva, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi