Separatçı qurum “Dağlıq Qarabağ Respublikası”nda keçirilən saxta seçkilərin aqibəti məlumdur. İşğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalarını tələb edən BMT-nin 4 qətnaməsini icra etməkdən boyun qaçıran Ermənistanın separatçı “Dağlıq Qarabağ Respublikası”ndakı milçəyin suyu bulandırması təsəvvürü yaradan “referendum” cəhdinin də əvvəlki “təşəbbüslərinin” təkrarı olacağına ermənilər də inanır, onlara havadarlıq edən ağaları da.
Dəfələrlə deyildiyi kimi, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda keçirilən və mahiyyətindən asılı olmayaraq bütün siyasi kampaniyalar beynəlxalq hüquq normalarına zidd olmaqla regionda vəziyyəti daha da gərginləşdirir. Separatçı rejimin şounu xatırladan “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” mərəzinin məqsədi “əhalinin iradəsi əsasında “Dağlıq Qarabağ regionunun adını dəyişməkdir”. Təbii ki, dünyada sabitliyin bərpası, separatçılıq hallarının aradan qaldırılması üçün səylərin artdığı bir zamanda bu cür sərsəmləmələr regionda sülhün təminatına yönəldilmiş bütün danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə diqqəti cəlb edən Ermənistanın növbəti absurd teatr mövsümünün təkrarıdır.
Siyasi, iqtisadi böhran içərisində çapalayan, regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən təcrid olunan, miqrasiya hallarının artımına görə liderlik edən Ermənistanın başından böyük iddiasının beynəlxalq hüquq normalarına zidd olduğu rəsmi bəyanat və qətnamələrdə də əksini tapır. Fransadan gələn məlum “mesajlara” arxayınlaşan Ermənistan yenə də müstəqil ölkə olmadığını təsdiqləyir.
Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizlik və demokratiyaya zidd olan “referendum”un hüquqi əsasının olmaması beynəlxalq təşkilatlar tərəfindən bildirilsə də, erməni həyasızlığı yenə də gündəmdədir.
Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nda belə bir siyasi kampaniyanın keçirilməsi münaqişənin sülh yolu ilə həllini ləngitməkdən başqa məna ifadə etmir.
Əvvəllər də keçirdikləri qeyri-qanuni “seçki” və “referendum” adlı oyunlarının qanunsuzluğu işğalçıların diqqətinə çatdırılsa da müstəqil siyasəti olmadığı üçün idarə olunan Ermənistan hələ də başqalarının maraqlarına uyğun təşkil edilən məzhəkələrin klounları kimi özlərini “siyasi səhnədə” saxlamaq niyyətlərindən əl çəkmirlər.
Separatçı rejimin bu cəhdinin Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olmadığını təsdiqləyən qondarma rejimin təxribat xarakterli bu əməlləri sülh danışıqlarına, münaqişənin tənzimlənməsi siyasətinə zərər vuran təxribat, “status kvo”nun saxlanılmasına çalışan Ermənistanın qarşılıqlı etimad təklifindən yayınmasıdır.
Son hadisələr də göstərir ki, Azərbaycanı dünya birliyində qüdrətli dövlət kimi tanıdan Prezident İlham Əliyevin davam etdirdiyi xarici siyasət nəticəsində miskin, rəzil vəziyyətində olan erməni separatizmi bu dəfə də məğlubiyyətə uğrayacaq, münaqişənin həlli Azərbaycan diplomatiyasının qələbəsi ilə nəticələnəcək. Hərbi qüdrəti gündən-günə artan ölkəmizin iqtisadi, siyasi, diplomatik gücünü etiraf etməyə məcbur qalan siyasətçilərə, erməni rəsmilərinə bəllidir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə başa çatacaq.
Amma bütün danışıqlarda sülh prosesini əngəlləməyə çalışan Ermənistan yenə də məkrli niyyətlərindən əl çəkmir. Ermənistanı dəstəkləməklə ərköyün siyasət yeridən, işğalçıya sanksiyalar tətbiq etməyən dairələrə etirazını bildirən Prezident İlham Əliyev ölkəmizə qarşı yönələn ikili standartları ədalətsiz hesab edərək Qərb ölkələrinə qondarma “Dağlıq Qarabağ Respublikasının rəhbərləri”ni öz ölkələrinə buraxmamalarını bildirir. Bununla da Prezident İlham Əliyev bütünlükdə Azərbaycan xalqının iradəsini, istək və arzusunu beynəlxalq ictimaiyyətə çatdırır.
Prezident İlham Əliyev haqlı olaraq tələb edir ki, Avropa Şurası Parlament Assambleyasında başqa ölkələrə tətbiq olunan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması prinsipi Ermənistana da şamil olunsun. Halbuki Krımda keçirilən referendumu qanunsuz hesab edib, etirazlarını bildirən qüvvələr vaxtilə Dağlıq Qarabağda heç bir əsası olmayan, “seçkiləri, referendumu” səssiz qarşılayıb, məqbul hesab etdilər. Cənab İlham Əliyevin vurğuladığı kimi, ikili standartların daha bir nümunəsi olan belə vəziyyətə dözmək mümkün deyildir: “Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.”
Separatçı rejim olan “Dağlıq Qarabağ Respublikası”nın “referendum” keçirməklə Azərbaycana məxsus ərazini özününküləşdirmək iddiası bu dəfə də iflasa uğrayacaq. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün görüşlərdə ərazi bütövlüyümüzün müzakirə mövzusu olmadığını söyləməklə, Ermənistanla danışıqları ən böyük kompromis adlandıran Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsini və istəyini ifadə edən qəti mövqeyini bir daha ortaya qoyur. BMT-nin qətnamələrinə görə ərazi bütövlüyünü təmin etmək Azərbaycanın hüququ, səlahiyyətləri çərçivəsindədir. Beynəlxalq ictimaiyyətə bəllidir ki, iqtisadi qüdrəti ilə Ermənistanı dəfələrlə üstələyən Azərbaycanın hərbi imkanı və diplomatik uğurları buna imkan yaradır.
Bu günlərdə Əl-Cəzirə televiziyasına müsahibəsində Dağlıq Qarabağ probleminə də aydınlıq gətirən Prezident İlham Əliyev bildirir ki, torpaqlarımızın işğaldan qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələrin hələ də yerinə yetirilməməsi Azərbaycana qarşı ikili standartlar siyasətindən irəli gəlir. “Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur” söyləyən dövlət başçımız bildirir ki, bir çox hallarda bu qətnamələri qəbul edənlər öz qərarlarına hörmət etmir. BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunduğu halda Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən 4 qətnamənin həllinə ögey münasibət Azərbaycan xalqını narahat edir: “Bu mövqe təkcə bizim baxışlarımızla deyil, həm də münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa əsaslanır... Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır.” Tam yəqinliklə demək olar ki, Ermənistan ölkəni məhvə sürükləyən indiki durumdan xilas olmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Amma ərazi iddialarında israrlı olan Ermənistana kənardan müdaxilələr ona daxili və xarici siyasətində müstəqil, xalqın iradəsinə uyğun mövqe seçməyə imkan vermir. Görünür başqalarının əl buyruqçusu olan Ermənistanı arxayın salan havadarlarının vədləridir. Amma Sarkisyan və onun ətrafı unutmamalıdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün istənilən potensiala malikdir.
Ermənistandan fərqli olaraq Azərbaycan dünya siyasətində nüfuzu, təşəbbüsləri ilə sayılıb-seçilən sabit ölkədir. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusuna çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi ölkəmizə artan marağın nümunəsidir. Sivilizasiyalar arasında körpü olan Cənubi Qafqazın lider respublikası kimi geopolitik güc mərkəzlərinin strateji maraqlarının eynilik təşkil etdiyi ölkəmizlə müqayisədə Rusiyanın forpostu Ermənistanın “referendum” tamaşası uğursuz ssenarinin gülünc səhnəsindən başqa effekt verməyəcək. Münxen Təhlükəsizlik Konfransında Avropanın enerji təhlükəsizliyinin təminatında rolu artan Azərbaycanın dünyada möhkəmlənən mövqeyinin etirafı da ölkəmizin diplomatik uğurlarındandır. Belə ki, Lələtəpə yüksəkliyində düşmən gözünə ox olan bayrağımıza özlərinin miskin aqibəti kimi baxan ermənilərin “referendum” illüziyası Ermənistanın və havadarlarının növbəti uğursuzluğu olacaq. Nəhənglərin gücü qarşısında cırtdanların məğlubiyyəti tarixən sübut olunmuş həqiqətdir.
Xuraman İsmayılqızı, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi