10 mart 2017 15:00
687

Tolerantlıq hər bir dövləti gücləndirən mühüm amildir

Dövlətimizin başçısı İlham Əliyevin Qətər, Pakistan və İran İslam Respublikasına səfəri ölkələr arasında əlaqələrin inkişafında yeni mərhələ olmaqla yanaşı, İslam aləmində birliyə, həmrəyliyə xidmət edən mühüm addım kimi də dəyərləndirilir

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın keçdiyi inkişaf yolunu şərh edərkən bu reallığı da diqqətə çatdırır ki, mənəvi dayaqlar uğurlu inkişafımızın əsas şərtidir: “Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, -ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.”

Bu əminlik də ifadə olunur ki, milli mənəvi dəyərlər, ənənələr, dini dəyərlər bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Heç təsadüfi deyil ki, bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycan göz önünə gəlir. Cənab İlham Əliyev bildirir: “Multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır.”

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi də Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, tolerant və multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək istəyini nümayiş etdirir. “İslam Həmrəyliyi ili”ndə dövlətimizin başçısı İlham Əliyevin üç İslam dövlətinə- Qətər, Pakistan və İran İslam Respublikasına ardıcıl səfəri ölkələr arasında əlaqələrin inkişafında yeni mərhələ olmaqla yanaşı, İslam aləmində birliyə, həmrəyliyə xidmət edən mühüm addım kimi də dəyərləndirilir. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində İslam dövlətləri ilə əlaqələri yüksək səviyyədədir. Münasibətlər müxtəlif istiqamətlərdə uğurla inkişaf etdirilir. İslam Əmakdaşlıq Təşkilatı bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsində, ortaq mövqenin, yanaşmanın ortaya qoyulmasında əhəmiyyətli rol oynayır. İƏT-in Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə dövlətimizin mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, problemin tezliklə ədalətli həllini tapması öz əksini tapır. Cənab İlham Əliyev münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğundan bəhs edərkən digər qurumlar kimi, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini də yüksək dəyərləndirir.

Cənab İlham Əliyev hər üç İslam dövlətinə səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu fikri xüsusi qeyd etmişdir ki, müsəlman aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi əsasdır. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik. Ölkəmizin bu il ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, İslam aləminin birləşməsi deməkdir.   

Tarixə qısa nəzər salsaq, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın dostluq körpüsü rolunu zaman-zaman zənginləşdirdiyinin şahidi olarıq. Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Ümummilli lider Heydər Əliyev bildirmişdir: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.” Ölkəmizdə xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir. Dini tolerantlığın möhkəmləndirilməsi ilə bağlı ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də bu fikir xüsusi vurğulanır ki, Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, eyni zamanda öz siyasəti ilə müsbət meyillərin güclənməsinə təkan verir. Cənab İlham Əliyev çıxışlarında diqqəti daim bu məsələyə yönəldir: “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.”

Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. İslam xalqımıza xoşbəxtlik, inkişaf, mədəniyyət, müqəddəs dəyərlər bəxş edib. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəsinin təməlini qoymuşdur.

Bu gün də Azərbaycan xristian və yəhudi dinlərinə mənsub olan insanlar üçün doğma vətəndir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Respublikamızda dini tolerantlığın təmin olunması sahəsində həyata keçirilən mükəmməl siyasət nəticəsində insanlara vicdan, dini etiqad azadlığı verilmişdir. Ölkəmizdə  bu cür demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin, dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Xalqımızın milli mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qürur mənbəyidir. Bir sözlə, tolerantlıq və multikultural mədəniyyət hər bir dövləti gücləndirən və onun birliyini təmin edən amildir. Dövlətimizin başçısı İlham Əliyevin Qətər, Pakistan və İran səfərlərində də bu məqama xüsusi diqqət yönəldilmişdir.

Ümumiləşdirilmiş şəkildə desək, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliliyinə hazırlığı İslam həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyini daha da möhkəmləndirəcək, İslam aləminə bir çağırış olacaq. Dövlətimizin başçısı İlham Əliyev 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasını belə əsaslandırmışdır: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm.”

Yeganə Əliyeva, “İki sahil”