Dövlət başçısı İlham Əliyevin təbrikində də qeyd olunduğu kimi, qədim keçmişimizin hər bir səhifəsi qadın müdrikliyinin, fədakarlığının və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir
Hər bir bayram keçilən yola qısa baxış keçirib gələcək üçün atılacaq addımların müəyyənləşdirilməsində bir stimul rolunu oynayır. 8 Mart -Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik. Dövlət başçısı İlham Əliyevin bu münasibətlə Azərbaycan qadınlarına təbrikində də qeyd olunduğu kimi, qadınlar ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə hər zaman uca tutulub.
Qadınlar zərif olduqları qədər də qətiyyətli, cəsarətli və əzmkardırlar. Məhz bu kimi keyfiyyətləri özlərində birləşdirməklə istər kiçik dövlət kimi dəyərləndirilən ailədə, istərsə də ölkə həyatında əhəmiyyətli rolları ilə diqqət çəkirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”. Seçilən peşə, xarakter müxtəlifliyi bu bənzərsizliyi, fərqliliyi daha da möhkəmləndirir, hər kəsin, eyni zamanda bu gün bəhs etdiyimiz mövzuya uyğun olaraq qadınlarımızın yeri və roluna bir işıq salır. Qadınlarımızın ana missiyası onları daha yüksəklərə ucaldır, bu adın qarşısında baş əyməyin möhkəm əsasa söykəndiyini zaman-zaman şüurumuza həkk etdirir. Cənab İlham Əliyevin təbrikində də bu vacib amil xüsusi olaraq diqqətə çatdırılır ki, azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, Vətənə məhəbbət ruhunda formalaşmış gənclik qadınların ölkəmizə ən böyük töhfəsidir.
Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Bu qüvvə, dayaq o adın özündə birləşdirdiyi bütün missiyalarda özünü təsdiqləyir. İstər ictimai-siyasi fəaliyyətdə, istər cəmiyyətdə, istərsə də ailədə qadının rolu danılmazdır. Müstəqil Azərbaycanımızın dünənini bu günü ilə müqayisə edib, böyük fəxrlə qeyd ediriksə ki, bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbayanla müqayisə etmək mümkün deyil, bu uğuru şərtləndirən əsas amil düzgün təmələ əsaslanan siyasətlə yanaşı, bu siyasətin xalq tərəfindən dəstəklənməsidir ki, bu xalqın nümayəndələri sırasında da qadınlar böyük çoxluq təşkil edir. Azərbaycanı beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətlərinin tərkibində fəaliyyət göstərən qadınlarımızın böyük qətiyyətlə səsləndirdiyi fikirlər Azərbaycan qadınının cəsarətini, qüdrətini, əzmini ortaya qoyur. Dövlət başçısı İlham Əliyev bu rolu yüksək dəyərləndirir: “Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır... İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız” .
Yuxarıda Mehriban xanım Əliyevanın qeyd etdiyimiz fikrinə istinadən qadınlarımız bütün sahələrdə fəaliyyət göstərirlər. Vacib amil hər kəsin öz üzərinə düşən missiyanı lazımi səviyyədə yerinə yetirməklə ölkəmizin inkişafına öz töhfəsini verməsidir. Qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artması onların bu gün nəinki ölkənin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının 650 mindən artıq üzvünün 50 faizini təşkil etmələrindən də aydın görünür. Ulu öndər Heydər Əliyev partiyada qadınların və gənclərin çoxluq təşkil etməsini qarşıya mühüm vəzifə kimi qoyurdu. Dahi şəxsiyyətin partiyanın II qurultayında səsləndirdiyi fikirləri yada salmaq istərdik: “Sevindirici haldır ki, qadınlar partiyamızda əhəmiyyətli yer tuturlar. Qadınlar cəmiyyətdə mühüm, həlledici amil təşkil edirlər... Qadınlar ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar”. Ulu öndər Heydər Əliyev qadın anlayışının özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin fonunda bu inamı ifadə etmişdir ki, qadınlar partiyamıza daha sadiq xidmət edəcəklər. 1995-ci ildə YAP Qadınlar Şurasının təsis edilməsi də onlara diqqət və qayğıdan irəli gəlirdi.
Ümumiyyətlə, qadınlara diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Ulu öndər Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdiyi üçün dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu addımlar da qadının cəmiyyətdəki roluna verilən dəyərdən irəli gəlir. Mövcud problemlərin kompleks həllinin təmin edilməsi üçün dövlət tərəfindən göstərilən dəstək, atılan uğurlu addımlar sözsüz ki, qadınların fəallığını artırır, həyata keçirilən siyasətə dəstək verərək, fəaliyyət göstərdikləri sahələrdə qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün daha səylə çalışmalarına stimul verir.
Bir faktı da qeyd edək ki, artıq qadınların parlamentdə, bələdiyyələrdə təmsilçilik faizlərinin artması da diqqət göstərilən məsələlərdəndir. Ötən parlament və bələdiyyə seçkiləri bu istiqamətdə mühüm uğurlu nəticələrlə yadda qaldı.
Qadınlarımızın beynəlxalq aləmdə təmsil olunmalarını da təmin etmək üçün mühüm addımlar atılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq Konvensiyaya qoşulub.
Qadınların ayrı-ayrı sahələrdə təmsil olunmalarının statistikasına diqqət yetirdikdə fəallığın hansı səviyyədə olduğu aydın görünür. Bu faktı xüsusi qeyd etmək lazımdır ki, qadınların böyük çoxluq təşkil etdiyi sahələr arasında səhiyyə və təhsil xüsusi yer tutur. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində çalışan qadınlarımız da böyük çoxluq təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə töhfələrini verməklə Azərbaycanın işıqlı gələcəyi naminə çalışırlar. Qadınların ölkədə geniş vüsət alan abadlıq quruculuq işlərinə töhfələri davamlıdır. Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər. Onların bu səyləri qeyd etdiyimiz kimi, digər əsas missiyalarına - ailənin dayağı, ocağın qoruyucusu vəzifəsinə əsaslanır. Ailənin kiçik bir dövlət olduğunu nəzərə alsaq, bu dövlətin bütövlüyünü, dəyərlərini qorumaq üçün daha çox səy göstərən qadın, ana sözsüz ki, bu gün böyük uğurları ilə dünyanın diqqətində olan müstəqil dövlətimizin-Azərbaycanımızın daha da qüdrətlənməsinə çalışacaq. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində səsləndirdiyi “Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyimiz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir” fikirləri də qadınlara diqqət və qayğısının göstəricisidir.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu gün Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına yönələn diqqət və qayğısının, gördüyü işlərin fonunda ümumilikdə Azərbaycan qadınının nəyə qadir olduğunu görürük. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu adlara layiq görülməsini şərtləndirən işlərə, onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrin miqyasına diqqət yetirdikdə Azərbaycanın inkişafına verilən töhfələrin aydın mənzərəsi yaranır. İctimai-siyasi fəaliyyətə başladığı gündən cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olan Mehriban xanım Əliyeva haqqında belə təsəvvür formalaşıb: O, səmimidir, məsuliyyətlidir, həssasdır, işgüzardır və xeyirxahdır. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun məqsədi budur- milli mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xaricdə təbliğini dəstəkləmək. Humanizm pirsiplərinə əsasən fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyrlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Azərbyacanın birinci Vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı öndə dayanır. Körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və qayğıdan ibarətdir. Mehriban xanım Əliyevanın gənc nəslin təhsilinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun prezidentinin milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Fondun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahı və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi.
Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün örnək qəbul edən qadınlarımız qarşıdakı illərdə də ölkəmizin inkişafı istiqamətində daha səylə çalışacaq, gənc nəslin ənənələrimizin, mədəniyyətimizin, tariximizin qorunması, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunmalarına daha böyük diqqət göstərəcək, günbəgün qüdrətlənən, müasirləşən Azərbaycan onların qürur mənbəyi olacaq. Hər il bayram günü ərəfəsində dövlət başçısı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki, bir qrupuna fəxri adların verilməsi, orden və medallarla təltif olunmaları da xanımlarımıza diqqət və qayğının yüksək səviyyədə olmasının əsas göstəricilərindəndir.
Bayramınız mübarək, əziz qadınlar!
Şəfiqə Dadaşova, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi