Bayram günləri tarixin səhifələrini vərəqləməyi, keçilən yolun təhlili fonunda üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etməyi bir zərurət kimi ortaya qoyur. Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Günü bu tarixi günün önəmini bir daha xatırladır, qadınlara dəyərin bariz nümunəsi kimi vurğulanır. Tarixə qısa nəzər salsaq, Azərbaycan qadınının öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında rolunu aydın görərik. Xalq yaradıcılığı nümunələrimizin, dastanlarımızın əsas qəhrəmanlarından olan qadınlarımız ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidirlər. Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud”un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür. Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Tarixin hansı dövrünü vərəqləsək, qadın fədakarlığının, qəhrəmanlığının şahidi olarıq.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Həmin dövrdə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınlarımız qısa müddətdə yüzilliklərə bərabər inkişaf yolu keçdi. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verdi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsbit etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim qadınlara diqqət və qayğı ilə yanaşmış, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı tədbirlər həyata keçirmişdir. Qadınlar hər zaman böyük qüvvə, dayaq kimi qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin inkişafında qadınlarımızın rolunu önə çəkərək, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da qadınların çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvünün 50 faizini qadınlar təşkil edir.
Tarixə qısa nəzər bu reallığı ortaya qoyur ki, Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti vardır. Bu fikirlər ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına bayram təbrikində də öz əksini tapır. Həmçinin böyük fəxr hissi ilə qeyd olunur ki, qadın eyni zamanda anadır. Ana məfhumu min illərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, Vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımızın azərbaycancılıq məfkurəsinə sadiq layiqli övlad yetişdirmələri yüksək dəyərə malikdir. Bu gün Azərbaycanın mərd oğul və qızları torpaqlarımızı işğaldan azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyir. Hər zaman qeyd olunduğu kimi, torpaq - əgər uğrunda ölən varsa Vətəndir.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətini bir kitab kimi qarşımıza qoyub vərəqləsək, atdığı hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Onun aforizmə çevrilən “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri də qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Uğurlarımıza davamlı töhfələri ilə Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası geniş, ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Onun təşəbbüsü ilə dünyanın qeyri-maddi irsinə daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir. Muğamımızın qorunub saxlanılması və təbliği məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Azərbaycanın mədəni tarixində xüsusi yeri olan “Eurovision-2012” mahnı yarışmasının böyük coşqu ilə keçirilib başa çatmasında da Mehriban xanım Əliyevanın xidmətləri təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə təqdir olundu. Eyni fikirlər Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ilə bağlı da səsləndirildi. Çünki tədbirin keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinə də bu sahədə zəngin təcrübəyə malik, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi naminə misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyeva rəhbərlik etdi. Dövlətimizin başçısı İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və eyni zamanda birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimində söylədiyi bu fikirləri bir daha xatırlayaq: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.” Bu fikirlər eyni zamanda Azərbaycan xalqının birliyinin, həmrəyliyinin təsdiqidir.
Mehriban xanım Əliyevanın aldığı mükafatlar da, fəxri adlar da onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğunu açıqlayır. Onun fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında bu fikri xüsusi qeyd etmişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Məhz bu prinsiplər hər birimiz üçün örnək olan Mehriban xanım Əliyevanın uğurlarının davamlılığına işıq salır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edir, birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə töhfələrinin davamlı olmasını arzulayıram.
İradə Hüseynova,
YAP Siyasi Şurasının üzvü, BDU-nin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix
elmləri doktoru, professor, Əməkdar müəllim
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi