Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalır. Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır.Yarışlara 6 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və s. daxildir.
İstər IV İslam Oyunlarının ölkəmizdə keçirilməsi, istərsə də Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili”, bundan əvvəl isə 2016-cı ili “Multikulturalizm ili” elan edilməsi barədə təşəbbüsü bütün İslam dünyasında dərin ehtiram və təşəkkürlə qarşılandı. İslam aləminin nüfuzlu mütəfəkkir alimləri, elm, mətbuat nümayəndələri bildirdilər ki, “İslam Həmrəyliyi ili” İslam dünyası daxilində harmoniya və əməkdaşlığın möhkəmlənməsinə, habelə müsəlman ölkələri ilə digər dövlətlər arasında qarşılıqlı anlaşmaya şərait yaradacaq, bu isə siyasi, ideoloji, əxlaqi-etik baxımdan son dərəcə vacibdir. Onların qənaətincə, dövlət başçısının 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi faktı müasir təhdidlərə cavab verən vacib və uzaqgörən addımdır. Dünyanın yeni düzəninin formalaşdırıldığı, dini və etnik ayrı-seçkiliyin, dözümsüzlük və qeyri-tolerantlığın geniş yayıldığı bir zamanda Prezident İlham Əliyevin bu çağırışı etnik və dini zəmində müxtəlif problemlərin və münaqişələrin həllinə şərait yaradan, olduqca vaxtında irəli sürülmüş çağırışdır. Bu müraciət sülhün, sabitliyin, xalqlar arasında qarşılıqlı məhəbbət, həmrəylik və anlaşmanın dəstəklənməsinə yönəlib.
Təbii ki, I Avropa Oyunlarından sonra daha bir mötəbər yarışın - IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də ölkəmiz üçün tarixi hadisədir. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunmuşdur. Daha sonra Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır.Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur.
Mayın 12-dən 22-dək davam edəcək bu beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, İran, Albaniya, Banqladeş, Benin, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Burkina-Faso, Cibuti, Çad, Əfqanıstan, Əlcəzair, Kamerun, Misir, Özbəkistan, Qabon, Somali, Toqo, Tunis, Türkmənistan, Uqanda və daha neçə-neçə ölkənin idmançıları Bakı Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Sarayında, Milli Gimnastika Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Kristal Zal”da, Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində, eləcə də müasir standartlara cavab verən digər idman qurğularımızda öz güclərini sınayacaqlar.
Bir sözlə, açılış mərasimini böyük səbirsizliklə gözlədiyimiz IV İslam Həmrəyliyi Oyunları ölkəmizin tarixinin ən parlaq səhifələrindən birini təşkil edəcək.
Zahid Rza, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi