07 mart 2017 14:56
744

Pakistan Azərbaycanın böyük dostudur

Azərbaycan Prezidenti İlham Əliyevin  İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etdiyi günlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif və Prezident Məmnun Hüseynlə görüşlərində  yeni layihələrin həyata keçirilməsi üçün anlaşma əldə edilib. Anlaşmaya əsasən, eyni zamanda  Azərbaycan Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək.

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Eyni zamanda,  Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanı bir dövlət kimi qəbul etməyən və bugünədək tanımayan Pakistan onunla heç bir sahədə əlaqə qurmur və əməkdaşlıq etmir. Pakistan bütün beynəlxalq tədbirlərdə daim Azərbaycanın mövqelərini müdafiə edir və Ermənistanın işğalçı siyasətini pisləyir. Öz növbəsində Azərbaycan mübahisəli  Kəşmir məsələsində həmişə Pakistanın yanında olub. Dövlətimiz bütün nüfuzlu  beynəlxalq təşkilatlarda və tədbirlərdə Pakistanın mövqelərini müdafiə edib.

  Dünyanın ən güclü 7 ordusundan biri sayılan Pakistan ordusu müasir hərbi texnika, uzaqvuran artilleriya, modernləşdirilmiş tank, təyyarə və uzaqmənzilli raketlərlə silahlandırılıb. Bu ordu indi Ermənistanın çox güvəndiyi “C-300” raket kompleksini və “İskəndər-M” uzaqmənzilli raketlərini xeyli üstələyir. Əgər “C-300” 300 kilometr, “İskəndər-M” 500 kilometr məsafəyə uçursa, Azərbaycanın Pakistandan aldığı “Şahen” raketləri 750 kilometr məsafədə hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir. Ermənistanın arsenalında bu gücdə silah yoxdur. Bundan əlavə,  Azərbaycanın İsraildən aldığı “Dəmir günbəz” raket hücumundan müdafiə kompleksi Ermənistanın ballistik raketlərini zərərsizləşdirməyə qabildir. Uçuş məsafəsi 2000 kilometr olan “Şahen-2”  və  hədəfi  500 kilometrdə məhv edən “Babur” ballistik raketləri dünyanın 12 güclü dağıdıcı təsirə malik olan silahlarındandır. “Gaauri” və “Şahen-1” raketləri sınaqdan keçirilərək Pakistan ordusunun arsenalına daxil edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin  dost ölkəyə  üç ay əvvəlki səfəri zamanı əldə olunan razılaşmaya əsasən, Azərbaycan qarşıdakı beş ildə (2021-ci ilədək) Pakistandan 500 milyon dollarlıq müasir silah-sursat alacaq. Bununla bərabər, müdafiə nazirliklərinin  yüksək çinli hərbçilərindən ibarət Birləşmiş Qərargah da yaradılacaq. Bu isə ikitərəfli hərbi əməkdaşlıq anlamına gəlir.

  Prezident İlham Əliyev bildirib ki,  Azərbaycanın məqsədi Pakistanla birgə layihələr həyata keçirmək üçün iki dövlətin hərbi sənaye kompleksinin əlaqəli fəaliyyətini təmin etməkdir. Artıq bu istiqamətdə real işlər aparılır.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin aprelində Ermənistanın növbəti təxribatı  zamanı Pakistan Azərbaycana qardaş əlini uzatdı, hər cür hərbi yardımını təklif etdi. Diplomatk dəstəyini verən qardaş ölkə cəmi bir neçə saat ərzində Azərbaycanın döyüş bölgələrinə yüz min nəfər qoşun transfer etməyə hazır olduğunu bildirdi. 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri pakistanlı həmkarları ilə bir sıra son dərəcə  əhəmiyyətli təcrübə mübadiləsi həyata  keçiriblər. Yaxın dövrdə  həmin tədbirlər öz nəticəsini göstərəcək.

Vəli İlyasov, “İki sahil”