“Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətidir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.”
Dövlətimizin başçısı İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində islamofobiyanın dünyada ən ciddi təhlükələrdən biri olduğunu bir daha diqqətə çatdırdı
Dövlətimizin başçısı İlham Əliyevin İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitindəki çıxışı Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə töhfələrinə bir daha işıq saldı.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi Bakı Qlobal forumları da bu sahədə malik olduğumuz imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Bu reallıq da hər zaman önə çəkilir ki, hər bir dövlətin gücü iqtisadi qüdrəti ilə yanaşı, milli və dini birlikləri ilə ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ötən il “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Azərbaycan eyni zamanda ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdi. Bu mühüm hadisə də tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik olmasının bir daha təsdiqi oldu.
Ulu öndər Heydər Əliyevin “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır” fikirləri ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqidir. Multikulturalizm meyillərinin gücləndirilməsi üçün səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır.
Xatırlasaq, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə ötən il Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajı kimi dəyərləndirildi. Ölkə Prezidenti bu addımın Azərbaycan dindarlarının dövlətin çağırışına cavabı kimi dəyərləndirildiyini də qeyd etmişdir. Bu mesajın tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verilməsinin əhəmiyyəti təbii ki, böyükdür. Dövlətimizin başçısı İlham Əliyev “Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin” söyləyərək bildirir ki, bu gün də çalışırıq və Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən bu il keçiriləcək İslam Həmrəyliyi Oyunları bu məqsədə xidmət edir ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məqam xüsusi qeyd olunmuşdur: “Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.”
Cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində əsas diqqət yönəltdiyi məsələlərdən biri yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. “Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanmasının bu əməkdaşlığın inkişafına böyük maneə olduğunu bir daha diqqətə çatdırdı. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasətinin pislənildiyi, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi, amma işğalçı Ermənistanın bu sənədlərə əməl etmədiyi bir daha vurğulandı. Cənab İlham Əliyev qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistanın Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmamasını Azərbaycan xalqının yüksək dəyərləndirdiyini bildirdi.
Birlik, həmrəylik qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün açar rolunu oynamaqla yanaşı, eyni zamanda dəstəyin, haqqın ədalətin müdafiəsinin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatının hər bir üzvü ilə ölkəmizin əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir, birgə addımlar sayəsində qarşıya qoyulan məqsədlər gerçəkləşir. Cənab İlham Əliyev bildirmişdir: “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatına yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik.” Bu fikir də xüsusi qeyd olunmuşdur ki, İƏT-in uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizi, xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi də səbəbsiz deyil. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmasında öz ifadəsini tapıb.
Azərbaycan eyni zamanda bu il növbəti mötəbər idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Dövlətimizin başçısı İlham Əliyev Oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirir: “Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır.”
Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkələrin malik olduğu imkanların, təcrübənin təqdimatına bir töhfədir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, bu il isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini etməsini önə çəkərək, müqayisə fonunda bu reallığı açıqlayır: “Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.” Səylərin birləşdirilməsi qlobal dünyanın əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını şərtləndirir.
Yeganə Əliyeva, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi