25 noyabr 2026 14:01
87

Litva Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsinin tərəfdarıdır

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir.

"Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", - o bildirib.

O, xatırladıb ki, 2027-ci il yanvarın 1-də Litva Avropa İttifaqı Şurasında sədrliyə başlayacaq. Vilnüs Aİ ölkələrinə bütün 27 üzv dövlət üçün məqbul olan həll yollarını tapmaqda və Aİ-nin tərəfdaşlarla, o cümlədən Azərbaycanla əlaqələrini gücləndirməkdə kömək etmək niyyətindədir.

"Həqiqətən də, Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətləri gücləndirmək Avropa İttifaqının və bütün Avropa ölkələrinin marağındadır", - o bildirib.

Nazirin sözlərinə görə, Aİ investisiyalarda və digər ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Avropa İttifaqı həmçinin sabitliyin möhkəmləndirilməsinə və rifahın artmasına töhfə verməyə çalışır.

"Bu kontekstdə biz artıq Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik", - Budris deyib.

Nazir vurğulayıb ki, energetika və nəqliyyat əlaqəliliyi sahəsində strateji layihələrin həyata keçirilməsi təkcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə yaxınlaşdırmağa, eləcə də müxtəlif sahələrə Avropa investisiyalarını cəlb etməyə imkan verəcək.

O qeyd edib ki, Orta Dəhlizin inkişafı tranzit marşrutlarının şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Burdisin sözlərinə görə, diplomatlar tərəfdaşlığın prioritetlərini və onun Avropa İttifaqı ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi imkanını müzakirə edirlər.