14 noyabr 2026 13:38
70

İran Xəzərdə neft-qaz kəşfiyyatını sürətləndirmək niyyətindədir

İran Xəzər dənizində neft-qaz kəşfiyyatı və hasilatını inkişaf etdirmək üçün intensiv iş proqramı tənzimləyib.

“İki sahil” xəbər verir ki, İranın Milli Neft Şirkətinin məlumatına görə, bunu İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin rəhbəri Fərrox Əlixani noyabrın 13-də İranın şimalında Xəzər Neft Şirkətində baş tutan iclasda deyib.

“Xəzər dənizində neft-qaz kəşfi və hasilatın inkişaf etdirilməsinin sürətləndirilməsi məqsədilə əməliyyat yol xəritəsinin tənzimlənməsi prosesi diqqət mərkəzindədir”, -deyə o qeyd edib.

Əlixani deyib ki, yol xəritəsində hansı məbləğdə vəsaitə, avadanlıqlara və təchizata ehtiyac olduğu müəyyənləşəcək. Artıq yol xəritəsi ilə əlaqədar yekun nəticələr əldə olunub və prosesin davam etdirilməsi nəzərdə tutulub.

Əlixani bildirib ki, ötən bir neçə gün ərzində neft-qaz hasilatına nəzarət, müxtəlif proqramların icra olunması məqsədilə Milli Neft Şirkəti, Xəzər Neft Şirkəti rəsmilərinin iştirakı ilə təşkil olunan iclasda Xəzər dənizində kəşf və hasilat üzrə intensiv iş proqramı tənzimlənib.

Qeyd edək ki, İranın Xəzər Neft Şirkətinin icra direktoru Məhəmməd Hüseyn Daneşfər bir müddət öncə bildirmişdi ki, Xəzər dənizinin 13-cü bloku və Gülüstan vilayətinin qərbində bir neçə kəşf mexanizminin müəyyənləşməsi ilə seysmik ölçmələr başa çatıb. Gələn İran ilində (21 mart 2027 -19 mart 2028) bu zonada 1 kəşfiyyat quyusunun qazılması şirkətin gündəminə salınıb.