14 noyabr 2026 13:03
52

AYİB-in Azərbaycandakı layihələr portfeli 879 milyon avro təşkil edib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ilin oktyabr ayının sonuna Azərbaycandakı layihələr portfeli üzrə göstəricilərini açıqlayıb.

Yenilənmiş məlumatlara əsasən, AYİB-in Azərbaycandakı layihələr portfeli 35 layihəni əhatə etməklə 879 milyon avro təşkil edib.

AYİB-in hesabatında qeyd olunur ki, bankın bu layihələrdə iştirak payı 1 faiz, əməliyyat aktivlərinin həcmi isə 716 milyon avro qiymətləndirilir.

AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək ölkə iqtisadiyyatına ümumilikdə 3,831 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,621 milyard avro təşkil edir.

İndiyədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək göstərib.

Portfelin strukturunda korporativ sektorun payı 3 faiz, maliyyə institutlarının payı 7 faiz, dayanıqlı infrastrukturun payı isə 89 faiz təşkil edir. Portfelin ümumi dəyərində özəl sektorun payı 41 faizdir.

“İki sahil” xəbər verir ki, Trend-in hesablamalarına əsasən, AYİB 2020-2025-ci illərdə Azərbaycana ümumilikdə 573 milyon avro investisiya yatırıb.

İllər üzrə investisiyaların həcmi aşağıdakı kimi dəyişib:

İl

İnvestisiyalar

İllik dəyişiklik

2020

17 milyon avro

—

2021

34 milyon avro

+100,0%

2022

86 milyon avro

+152,9%

2023

156 milyon avro

+81,4%

2024

199 milyon avro

+27,6%

2025

81 milyon avro

−59,3%

İllik investisiyaların ən yüksək həcmi 2024-cü ildə qeydə alınıb və 199 milyon avro təşkil edib. 2025-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 59,3 faiz azalaraq 81 milyon avroya düşüb.

Bununla belə, 2025-ci ildə investisiyaların həcmi 2020-ci ilin göstəricisindən təxminən 4,8 dəfə çox olub.