2027-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə dövlət büdcəsinə 6 milyard 868 milyon manat daxilolma proqnozlaşdırılır. Lakin əvvəlki ilin icra göstəriciləri, cari ilin faktiki nəticələri və idxal həcminin nəzərdə tutulan səviyyəyə çatmaması ehtimalı bu proqnozun tam icra olunmaması riskini yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2027-ci il üzrə DGK xətti ilə daxilolmaların həcmi 2025-ci ilin faktiki icra göstəricisindən 498,1 milyon manat və ya 7,8 faiz, 2026-cı ilin proqnozundan isə 6 milyon manat və ya 0,1 faiz çox nəzərdə tutulub.
Növbəti il üçün bu daxilolmaların əsas fərziyyə göstəricilərindən biri olan idxal həcminin 32,2 milyard manata və ya 19 milyard ABŞ dollarına çatacağı gözlənilir. Bununla yanaşı, idxal olunan mallara tətbiq edilən güzəştlər və azadolmaların büdcə daxilolmalarını azaldan amil olacağı qeyd edilir.
Hesablama Palatasının qiymətləndirməsinə görə, 2027-ci ildə DGK xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yüksək, 2026-cı ilin proqnozu ilə müqayisədə isə 0,3 faiz bəndi aşağı olacaq.
Gömrük daxilolmalarının icrasında risklər
Rəydə vurğulanır ki, 2025-ci ildə idxal həcminin proqnozlaşdırılan 18,4 milyard ABŞ dollarına qarşı 18,1 milyard dollar təşkil etməsi fonunda DGK xətti ilə büdcə daxilolmaları üzrə 6,6 milyard manatlıq proqnoz tam yerinə yetirilməyib. Faktiki daxilolmalar 6 milyard 369,9 milyon manat olub ki, bu da proqnozdan 230,1 milyon manat və ya 3,5 faiz azdır.
2026-cı ildə idxal həcmi 18,7 milyard ABŞ dolları proqnozlaşdırılıb. Cari ilin ilk 9 ayında faktiki idxal həcmi 13,2 milyard dollar təşkil edib. Eyni dövrdə DGK xətti ilə dövlət büdcəsinə 4 milyard 984 milyon manat proqnoza qarşı 4 milyard 973,3 milyon manat daxil olub. Beləliklə, daxilolmalar proqnozdan 10,7 milyon manat və ya 0,2 faiz az olub.
Palatanın hesablamalarına görə, cari ildə idxal həcminin proqnozlaşdırılan göstəricidən aşağı olacağı şəraitdə DGK xətti ilə daxilolmaların 6,6 milyard manat səviyyəsində reallaşacağı gözlənilir. Bu isə təsdiq edilmiş proqnozdan 300 milyon manat və ya 4,3 faiz azdır.
Sənəddə qeyd olunur ki, buna baxmayaraq, növbəti il üçün DGK xətti ilə daxilolmaların proqnozunun illər üzrə artan yekunla müəyyənləşdirilməsi təcrübəsi davam etdirilib.
Hesablama Palatası beynəlxalq iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinin, xüsusilə əsas ticarət tərəfdaşlarında iqtisadi davranışların dəyişməsinin idxal həcminə təsir göstərə biləcəyini diqqətə çatdırıb. Bu şəraitdə ticarət və təchizat zəncirində yüklərin fasiləsiz hərəkətinə yaranan təhdidlər xarici ticarət dövriyyəsini azalda və nəticədə gömrük daxilolmalarının tam təmin edilməsinə mane ola bilər.
İdxal olunan mallara ƏDV üzrə 4,7 milyard manat gözlənilir
2027-ci ildə idxal olunan mallara əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 4 milyard 700 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 50 milyon manat və ya 1,1 faiz az, 2025-ci ilin faktiki icra göstəricisindən isə 377,7 milyon manat və ya 8,7 faiz çoxdur.
Rəydə bildirilir ki, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə artım əsasən növbəti il üçün idxal həcminin daha yüksək proqnozlaşdırılması ilə əlaqədardır. Belə ki, 2027-ci ildə idxalın 19 milyard ABŞ dolları səviyyəsində nəzərdə tutulması 2025-ci ilin faktiki göstəricisindən 900 milyon dollar və ya 5 faiz çoxdur.
2026-cı ilin proqnozu ilə müqayisədə idxal ƏDV-si üzrə azalmanın səbəbi isə 2025-ci ildə ƏDV-yə cəlb olunan dövriyyənin ümumi idxalda xüsusi çəkisinin aşağı düşməsinin növbəti ilin proqnozuna təsiri ilə izah olunur.
Bununla yanaşı, 2027-ci ilin dövlət büdcəsi layihəsində idxal olunan mallara görə ƏDV daxilolmalarının bəzi kateqoriyalar üzrə azalması, digərləri üzrə isə artması nəzərdə tutulub.
Belə ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən, səhmlərinin və paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan şəxslər üzrə ƏDV daxilolmalarının 80 milyon manat və ya 40 faiz, digər rezident və qeyri-rezident hüquqi şəxslər üzrə isə 45 milyon manat və ya 1,2 faiz azalacağı proqnozlaşdırılır.
Əksinə, fiziki şəxslər tərəfindən malların idxalına görə ƏDV daxilolmalarının 10 milyon manat və ya 1,7 faiz, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlətə məxsus fondlardan maliyyələşən digər qurumlar üzrə isə 5 milyon manat və ya 5,9 faiz artacağı gözlənilir.
İdxal aksizləri 240 milyon manat olacaq
2027-ci ildə idxal olunan mallara tətbiq edilən aksizlər üzrə dövlət büdcəsinə 240 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnoz göstəricisindən 6 milyon manat və ya 2,6 faiz, 2025-ci ilin faktiki icrasından isə 7,3 milyon manat və ya 3,1 faiz çoxdur.
Hesablama Palatasının rəyinə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilərin, eləcə də çipslərin aksizli malların siyahısına daxil edilməsi ilə bağlı hüquqi aktlarda nəzərdə tutulan dəyişikliklər bu mənbə üzrə daxilolmaların artmasına təsir göstərib.
Bununla belə, aksiz daxilolmalarının ayrı-ayrı məhsul qrupları üzrə proqnozlarında həm artım, həm də azalma nəzərdə tutulub.
Neft məhsullarına aksiz üzrə daxilolmaların 6 milyon manat və ya 31,6 faiz, spirtli içkilərin digər növləri üzrə 4 milyon manat və ya 8 faiz, sair məhsullar üzrə isə 6,8 milyon manat və ya 17,5 faiz artacağı gözlənilir.
Digər tərəfdən, içməli spirt üzrə aksiz daxilolmalarının 3,7 milyon manat və ya 31,6 faiz, pivə və pivə tərkibli digər içkilər üzrə 2,1 milyon manat və ya 20 faiz, tütün məmulatları və onların əvəzediciləri üzrə 2 milyon manat və ya 10 faiz azalacağı proqnozlaşdırılır.
Həmçinin minik avtomobillərinə, dövlət qeydiyyatına alınmalı motosikletlərə və avtobuslara tətbiq olunan aksizlər üzrə 2 milyon manat və ya 2,6 faiz, energetik içkilər üzrə isə 1 milyon manat və ya 16,7 faiz azalma gözlənilir.
Gömrük rüsumları üzrə daxilolmalar artacaq
2027-ci ildə gömrük rüsumları üzrə daxilolmaların 1 milyard 867 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnoz göstəricisindən 49 milyon manat və ya 2,7 faiz, 2025-ci ilin faktiki icrasından isə 96,2 milyon manat və ya 5,4 faiz çoxdur.
Palatanın məlumatına görə, gömrük rüsumları üzrə artım əsasən hüquqi şəxslər tərəfindən ödənilən idxal rüsumlarının yüksəlməsi hesabına təmin olunacaq.
Belə ki, fiziki şəxslər tərəfindən ödənilən idxal rüsumlarının 34 milyon manat və ya 13,1 faiz azalması nəzərdə tutulduğu halda, hüquqi şəxslər tərəfindən ödənilən idxal rüsumlarının 93 milyon manat və ya 7,2 faiz artacağı proqnozlaşdırılır.
Bu mənbə üzrə daxilolmaların artımı da növbəti il üçün idxal həcminin 19 milyard ABŞ dolları səviyyəsində nəzərdə tutulması ilə əsaslandırılır.
Yol vergisi üzrə daxilolmalar 61 milyon manat olacaq
2027-ci ildə yol vergisi üzrə dövlət büdcəsinə 61 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 1 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin faktiki icrasından isə 17 milyon manat və ya 38,6 faiz çoxdur.
Rəydə bildirilir ki, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə artımın əsas səbəbi hər litrə görə tətbiq olunan vergi dərəcəsinin yüksəldilməsidir.
Eyni zamanda, idxal olunan yanacağa görə yol vergisi daxilolmalarının 3,5 milyon manat və ya 12,5 faiz azalacağı proqnozlaşdırılır. Bu azalma əsasən dizel yanacağı üzrə 2,6 milyon manat və ya 83,7 faiz, avtomobil benzini üzrə 900 min manat və ya 3,4 faiz, maye qaz üzrə isə 100 min manat və ya 100 faiz azalma hesabına formalaşacaq.
Bunun əksinə olaraq, Azərbaycan ərazisinə daxil olan və ölkə ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya onları idarə edən şəxslər tərəfindən ödənilən yol vergisi üzrə 4,5 milyon manat və ya 14,1 faiz artım nəzərdə tutulub.
Hesablama Palatasının rəyində vurğulanır ki, əvvəlki illərin faktiki icra göstəriciləri, cari ilin 9 aylıq nəticələri və idxal həcminin proqnozlaşdırılan səviyyəyə çatmaması ehtimalı 2027-ci ildə DGK xətti ilə büdcə daxilolmalarının tam təmin edilməməsi riskini yaradır. Bu baxımdan, gömrük daxilolmalarının proqnozlaşdırılmasında idxal həcmi ilə yanaşı, beynəlxalq ticarət mühitindəki dəyişikliklərin və güzəşt mexanizmlərinin təsirinin də nəzərə alınması vacibdir.
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib