13 noyabr 2026 18:15
57

Azərbaycan Avropanın siyasi və iqtisadi gündəmində

Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətdir

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu sammiti qitənin dövlət və hökumət başçılarını ümumi siyasi və strateji məsələlərin müzakirəsi üçün bir araya gətirdi. “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan və 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə iqtisadi məsələlərlə yanaşı, Avropanın demokratik təhlükəsizliyi, müdafiəsi və regional sabitlik məsələləri də əsas müzakirə mövzuları sırasında yer aldı. Bu da təsadüfi deyil. Çünki hazırkı geosiyasi şəraitdə Avropa üçün təhlükəsizlik, siyasi həmrəylik və etibarlı tərəfdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Avropa İttifaqına üzv olan və olmayan ölkələri ümumi siyasi və strateji məsələlərin müzakirəsi ətrafında birləşdirən bu qeyri-rəsmi dialoq platformasının əvvəlki sammitlərində də fəal iştirak edib. Ölkəmiz həmin görüşlərdə regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları və beynəlxalq münasibətlər sistemində baş verən proseslərlə bağlı mövqeyini ifadə edib.

Azərbaycanın artan nüfuzunun göstəricisi...

Prezident İlham Əliyev 2026-cı ilin mayında ASB-nin İrəvanda keçirilən sammitində videobağlantı vasitəsilə çıxış edərkən 2028-ci ilin mayında qurumun növbəti Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini bildirmişdi. Bu qərar, şübhəsiz, Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun, beynəlxalq səviyyədə qazandığı etimadın və regional proseslərdə oynadığı mühüm rolun göstəricisidir. Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova jurnalistlərə açıqlamasında “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitinin ölkəmizə göstərilən etimadın ifadəsi olduğunu vurğulayıb. Onun fikrincə, belə bir mötəbər tədbirin Azərbaycanda təşkili bu ölkənin ciddi sabitlik amili kimi qəbul edildiyini göstərir. Şimali Makedoniyanın dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan bu gün buradadırsa və növbəti görüş məhz orada keçiriləcəksə, nəticə belədir: bəli, Avropa İttifaqı münasibətlərini Avrasiya və Asiya istiqamətində genişləndirir. O, bu prosesdə Azərbaycanın rolunun unudulmamalı olduğunu vurğulayıb.

Bu mənada Dublin sammiti Azərbaycan üçün 2028-ci ildə keçiriləcək Zirvə görüşünə hazırlıq baxımından da əhəmiyyətlidir. Ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemində mövqeyinin və Avropa dövlətləri ilə formalaşdırdığı qarşılıqlı etimadın növbəti təsdiqi olacaq. Bəli, bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Xüsusilə Avropa ilə enerji əməkdaşlığımızın coğrafiyası və həcmi getdikcə genişlənir. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Boru kəmərləri vasitəsilə təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada ön sıralarda qərarlaşır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını aydın göstərir.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artıran amillər

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu təsadüfi xarakter daşımır. Bunun təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən enerji strategiyası dayanır. Məhz bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Cənubi Qafqazın lider dövləti Azərbaycan bu platformada aktiv dialoq tərəfdaşı kimi çıxış etməklə yanaşı, burada həm də regional məsələləri gündəmə gətirir, həm də Avropa ilə siyasi, enerji və təhlükəsizlik müstəvisində yeni inteqrasiyalar üçün zəmin yaradır.

Yeri gəlmişkən qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri – TANAP və Trans-Adriatik Boru Kəməri – TAP kimi nəhəng layihələrin reallaşdırılması Azərbaycanın enerji ixracı imkanlarını genişləndirməklə yanaşı, Avropanın alternativ enerji mənbələrinə çıxışını da təmin edib. Bu layihələr ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini artıran mühüm amillərdəndir.
Azərbaycanın enerji siyasəti yalnız neft və təbii qaz ixracı ilə məhdudlaşmır. Hazırda qlobal enerji keçidi, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizin beynəlxalq əməkdaşlıq gündəliyində mühüm yer tutur. Azərbaycan ənənəvi enerji təchizatçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerjinin istehsalı və ixracı sahəsində də aparıcı regional mərkəzlərdən birinə çevrilməyi qarşıya məqsəd qoyub.

Xəzər dənizinin zəngin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji imkanları, eləcə də ölkənin müxtəlif bölgələrində həyata keçirilən günəş və külək elektrik stansiyası layihələri bu strategiyanın əsas istiqamətlərini təşkil edir. Yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın enerji siyasətinə yeni məzmun qazandırır, Avropa ilə uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Xüsusilə Qara dəniz üzərindən yaşıl enerjinin Avropaya ötürülməsi təşəbbüsü diqqətəlayiqdir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında əməkdaşlığa əsaslanan bu layihə Xəzər regionu ilə Avropa arasında yeni elektrik bağlantılarının yaradılmasını nəzərdə tutur. Layihənin reallaşması Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, eyni zamanda, Azərbaycanın yaşıl enerji ixracı imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artıran digər mühüm istiqamət beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin inkişafıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları, dəmir yolu şəbəkəsinin yenilənməsi və logistika mərkəzlərinin yaradılması Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində mövqeyini möhkəmləndirib. Bu infrastruktur yalnız ölkəmizin iqtisadi inkişafına deyil, həm də Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edir.

Son illərdə Orta Dəhlizin – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti xüsusilə artıb. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımaların şaxələndirilməsi baxımından mühüm alternativdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və yaratdığı müasir nəqliyyat infrastrukturu Orta Dəhlizin fəaliyyətində ölkəmizi əsas həlqələrdən birinə çevirib.

Regional bağlantıların genişləndirilməsi baxımından Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması perspektivi də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə yeni marşrutların yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqələrinin qurulmasına, Türkiyə ilə bağlantıların güclənməsinə və bütövlükdə regionun tranzit potensialının artmasına imkan verəcək.

Dublin sammitində sülh gündəliyi və mühüm görüşlər

“Avropa Siyasi Birliyi”nin 9-cu sammitinin Azərbaycan üçün diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, sülh gündəliyinin irəlilədilməsi və regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edildi.

Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrini və həmin tədbirdə imzalanmış Birgə Bəyannaməni əsas götürərək əldə olunmuş razılaşmaların həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardılar. Eyni zamanda, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun – TRIPP layihəsinin inkişafı, onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, eləcə də marşrut boyunca tranzit əlaqələrinin perspektivləri diqqət mərkəzində oldu.

Bu görüş Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün əldə edilmiş razılaşmaların əməli müstəvidə həyata keçirilməsi vacibdir. Sülh prosesinin irəliləməsi yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı, iqtisadi əməkdaşlığın genişlənməsi və regional bağlantıların bərpası üçün yeni imkanlar açacaq.

Prezident İlham Əliyevin Dublində keçirdiyi digər görüşlər də Azərbaycanın Avropa dövlətləri ilə əlaqələrinin genişləndirilməsi baxımından diqqətəlayiqdir. Dövlət başçısı Moldova Respublikasının Prezidenti Maya Sandu, Çex Respublikasının Baş naziri Andrey Babiş, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Bolqarıstanın Baş naziri Rumen Radev, Ukrayna Prezidenti Volodimir Zelenski, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşlər keçirdi. Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə də dəvət etdi.

Birləşmiş Krallıqla Strateji Tərəfdaşlıq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşdə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” də mübadilə olundu. Həmin görüşdə dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu diqqətə çatdırdı.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada da iştirak etdi. Bu tədbirdə çıxış edən dövlətimizin başçısı gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını bildirdi. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumununu xatırladan Prezident qeyd etdi ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlətimizin başçısı bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev qaz təchizatını artırmağı planlaşdırdığımızı diqqətə çatdırmaqla yanaşı, bu xüsusda yeni yataqların kəşf edildiyini də bildirdi.

Prezident İlham Əliyev bir daha sübut etdi ki…

Bu təmaslar Azərbaycanın müxtəlif Avropa dövlətləri ilə ikitərəfli münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Sammit ərəfəsində və tədbir çərçivəsində Avropa liderlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlər də ölkəmizin qitənin strateji maraqları baxımından əhəmiyyətini təsdiqləyir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan artıq Avropanın siyasi, iqtisadi və təhlükəsizlik gündəliyində mühüm yer tutan dövlətlərdən biridir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, qlobal  nəqliyyat dəhlizlərinin inkişafındakı rolu, regional sülh və əməkdaşlıq naminə irəli sürdüyü təşəbbüslər onun beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Dublinə səfəri vasitəsilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan təkcə Qafqazın deyil, bütövlükdə Avropanın sabitliyində və inkişafında mühüm rola malik, çəkisi olan siyasi aktordur. Bu səfərlə rəsmi Bakı, həmçinin Azərbaycan diplomatiyasının açıq dialoqa, çoxtərəfli əməkdaşlığa və qarşılıqlı maraqlar əsasında qurulmuş münasibətlərə sadiqliyini bir daha nümayiş etdirdi. 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitinin Bakıda keçirilməsi də bu reallığın mühüm göstəricisi olacaq. Deməli, Azərbaycan Avropanın diqqət mərkəzində olmaqla kifayətlənmir, həm də qitənin gələcəyinə təsir göstərən siyasi və iqtisadi proseslərin fəal iştirakçısı kimi çıxış edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”