ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent" markalı neftin orta qiymət proqnozunu 1,2% - bir barel üçün 96,32 dollardan 97,44 dollara qədər artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında bildirilir.
Qurumdan qeyd edilib ki, oktyabrda neft qiymətləri ardıcıl üçüncü aydır ki, artıb. Əsas səbəblər qlobal ehtiyatların azalması, Fars körfəzində neft tankerlərinə hücumlar, dəniz daşımaları imkanlarının məhdudlaşması və bazarda təklifin azalmasına gətirib çıxaran nəqliyyat xərclərinin artması olub.
"Mövcud şəraitdə cari ilin sonuna qədər "Brent" markalı neftin spot qiymətinin bir barel üçün təxminən 100 dollar səviyyəsində qalacağını gözləyirik", - hesabatda qeyd olunur.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2027-ci ildə "Brent" neftinin orta qiyməti bir barel üçün 85,78 dollar təşkil edəcək.