30 oktyabr 2026 16:05
101

Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları

Mütəxəssis: Uşağın hər davranışının arxasında eşidilməyə ehtiyacı olan bir duyğu, qarşılanmalı bir ehtiyac dayanır

Uşağın ilk sözü valideyn üçün sadəcə bir söz deyil – onun dünyaya açılan ilk pəncərəsidir. İlk cümlələr, ilk suallar, yaşıdları ilə qurduğu münasibətlər, sevincini, qorxusunu, narahatlığını necə ifadə etməsi uşağın daxili dünyasından xəbər verən mühüm işarələrdir. Bəzən isə bu işarələr səssiz olur: uşaq gec danışır, yaşıdlarından uzaqlaşır, emosiyalarını ağlama və aqressiya ilə ifadə edir, qapanır və ya davranışları ilə deməyə çalışdığı sözləri əvəz edir. Belə məqamda əsas məsələ uşağı “dəcəl”, “utancaq” və ya “gec inkişaf edən” kimi qiymətləndirmək deyil, onun davranışının arxasında nə dayandığını doğru anlamaqdır.

Uşağın inkişafı vahid bir prosesdir. Nitqdəki ləngimə bəzən yalnız danışıq bacarığı ilə məhdudlaşmır, sosial münasibətlər, diqqət, emosional tənzimləmə və davranışlarla da əlaqəli ola bilər. Digər tərəfdən, hər fərqlilik də mütləq problemin göstəricisi deyil. Məhz buna görə valideyn üçün ən çətin məsələ nə zaman gözləmək, nə zaman isə mütəxəssisə müraciət etmək qərarını düzgün verməkdir.

Bu prosesdə valideynin münasibəti də az əhəmiyyət daşımır. Uşağı daim yaşıdları ilə müqayisə etmək, onun çətinliklərini görməzlikdən gəlmək, yaxud hər fərqli davranışa diaqnoz axtarmaq əvəzinə, uşağı diqqətlə müşahidə etmək, onu dinləmək və ehtiyac duyduğu dəstəyi vaxtında göstərmək daha sağlam yanaşmadır. Çünki uşağın inkişafında bəzən ən böyük dəyişiklik bir mütəxəssisin düzgün müşahidəsi, bir valideynin doğru reaksiyası və uşağa verilən vaxtında dəstəklə başlayır.

Bu mövzuda uşaqların nitq və psixoemosional inkişafında diqqət edilməli məqamları, gecikmələrin hansı hallarda siqnal olduğunu, kəkələmə, sosiallaşma, emosional davranışlar, ekran istifadəsi və valideyn yanaşmasının uşağın inkişafına təsirini “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə söhbətimizdə ətraflı nəzərdən keçirdik.

- Uşağın gec danışması ilə bağlı gözləmək nə zaman düzgün deyil?

- Uşaqların nitq inkişafında müəyyən fərqlər ola bilər, amma nitqin nəzərə çarpacaq dərəcədə geri qalması “öz-özünə düzələr” deyə uzun müddət gözlənilməli vəziyyət deyil. Xüsusilə uşaq yaşına uyğun söz ehtiyatı formalaşdırmırsa, sadə tapşırıqları anlamaqda çətinlik çəkirsə və ya ünsiyyət qurmaq üçün jestlərdən belə kifayət qədər istifadə etmirsə, qiymətləndirmə vacibdir. Burada yalnız uşağın danışıb-danışmamasına deyil, ünsiyyət qurmaq istəyinə və qarşı tərəfi anlama bacarığına da baxmaq lazımdır. Bəzən nitqdəki ləngimə eşitmə problemi, inkişaf xüsusiyyətləri, diqqət çətinlikləri və ya sosial-emosional inkişafdakı fərqlərlə əlaqəli ola bilər. Əvvəllər qazandığı bacarıqları itirməsi isə xüsusilə ciddi siqnal kimi qiymətləndirilməlidir. Erkən müraciət etmək uşağa etiket qoymaq deyil, ehtiyacı varsa, dəstəyi vaxtında təmin etməkdir. Ona görə valideyn narahatlıq hiss edirsə, gözləməkdənsə pediatr, uşaq psixoloqu və loqoped tərəfindən kompleks qiymətləndirməyə müraciət etməsi daha sağlam yanaşmadır.

- Kəkələyən uşağa valideyn necə reaksiya verməlidir?

- Kəkələyən uşağın ən çox ehtiyac duyduğu şey danışarkən özünü rahat və təhlükəsiz hiss etməsidir. “Sakit danış”, “tələsmə”, “bir də de” kimi müdaxilələr yaxşı niyyətlə deyilsə də, uşağın diqqətini öz nitq probleminə yönəldə və gərginliyi artıra bilər. Uşağın sözünü tamamlamamaq və onun əvəzinə danışmamaq da vacibdir. Valideyn uşağın dediklərinə, danışma formasından daha çox, çatdırmaq istədiyi fikrə diqqət yetirməlidir. Səbirli göz təması, sakit dinləmək və uşağa sözünü bitirmək üçün vaxt vermək təhlükəsizlik hissini gücləndirir. Kəkələməyə görə uşağı danlamaq, lağa qoymaq və ya başqalarının yanında düzəltməyə çalışmaq isə özünəinamına ciddi təsir göstərə bilər. Əsas məqsəd uşağa “sənin danışıq tərzinə görə yox, sən olduğun üçün səni dinləyirəm” mesajını verməkdir.

-  Yaşıdlarından uzaq durmaq nə zaman siqnaldır?

- Hər uşağın sosiallaşma tərzi eyni deyil və bəzi uşaqlar təbiətən daha sakit, utancaq və müşahidəçi ola bilərlər. Temperament xüsusiyyətində uşaq müəyyən müddətdən sonra uyğun şəraitdə ünsiyyətə qoşula və tanıdığı insanlarla münasibət qura bilir. Lakin uşaq davamlı olaraq yaşıdlarından uzaqlaşır, göz təmasından və qarşılıqlı ünsiyyətdən qaçırsa, bu davranışın səbəbini araşdırmaq lazımdır. Xüsusilə sosial marağın zəif olması, qarşılıqlı oyunun formalaşmaması, adına və ya müraciətə reaksiyanın zəifliyi kimi xüsusiyyətlər də müşahidə olunursa, məsələ yalnız utancaqlıq kimi qiymətləndirilməməlidir. Burada uşağın dil, emosional, sosial və davranış inkişafı birlikdə nəzərdən keçirilməlidir. Eyni zamanda, məktəb mühiti, ailədaxili münasibətlər, yaşadığı stress və ya sosial təcrübələri də nəzərə almaq lazımdır. Yəni bir davranışa əsaslanaraq nəticə çıxarmaq yox, həmin davranışın davamlılığını, intensivliyini və digər inkişaf xüsusiyyətləri ilə birlikdə görünüşünü qiymətləndirmək daha doğrudur.

- Hər fərqli davranış autizm deməkdirmi?

- Xeyr, uşağın müəyyən davranışının fərqli olması avtomatik olaraq autizm demək deyil. Autizm spektri qiymətləndirilərkən tək bir əlamətə deyil, sosial ünsiyyət və qarşılıqlı münasibətlərdəki xüsusiyyətlərə, həmçinin məhdud və təkrarlanan davranış və maraq nümunələrinə kompleks şəkildə baxılır. Məsələn, göz təmasının az olması təkbaşına diaqnostik göstərici deyil. Eyni davranış müxtəlif uşaqlarda fərqli səbəblərlə ortaya çıxa bilər. İnternetdəki siyahılara baxaraq özbaşına diaqnoz qoymaq valideyndə həm əsassız təşviş yarada, həm də uşağın real ehtiyacının düzgün qiymətləndirilməsini gecikdirə bilər. Diaqnostik qiymətləndirmə uşağın inkişaf tarixçəsi, davranışları və müxtəlif mühitlərdəki funksionallığı nəzərə alınmaqla mütəxəssis tərəfindən aparılmalıdır. Ən sağlam yanaşma “uşağımda nə problem var?” sualından əvvəl “uşağımın hansı sahədə dəstəyə ehtiyacı var?” sualını verməkdir.

- Aqressiya və qapanmanın arxasında hansı ehtiyaclar ola bilər?

- Uşağın aqressiv davranışı çox vaxt onun pis uşaq olması ilə deyil, yaşadığı emosiyanı idarə edə və ifadə edə bilməməsi ilə əlaqəli olur. Uşaq qorxu, yorğunluq, məyusluq, diqqət ehtiyacı və ya anlaşılmamaq hissini sözlə ifadə edə bilmədikdə bunu davranışı ilə göstərə bilər. Bəzən aqressiyanın arxasında sərhəd qoymaq, müstəqillik göstərmək və ya hansısa vəziyyətdən uzaqlaşmaq ehtiyacı da dayanır. Buna görə davranışın özündən çox, davranışdan əvvəl nə baş verdiyinə baxmaq vacibdir. Valideyn “niyə belə etdin?” sualından əvvəl “bu davranışdan əvvəl nə oldu?” sualını düşünməlidir. Uşağın emosiyasını adlandırmaq — “sən indi çox əsəbiləşmisən”, “görünür, bu vəziyyət səni qorxutdu” — onun öz hisslərini tanımasına kömək edir. Məqsəd aqressiyanı normal qəbul etmək deyil, uşağa həmin ehtiyacı daha uyğun yollarla ifadə etməyi öyrətməkdir.

- Telefon və planşetin uşağın inkişafına təsiri nədir?

- Telefon və planşetin təsiri yalnız ekran qarşısında keçirilən vaxtla deyil, həmin vaxtın uşağın həyatında nəyi əvəz etməsi ilə də bağlıdır. Uşaq uzun müddət ekran qarşısında olduqda canlı ünsiyyət, oyun, hərəkət və qarşılıqlı sosial təcrübələr azalırsa, bu, inkişaf üçün vacib imkanların məhdudlaşmasına səbəb ola bilər. Xüsusilə kiçik yaşlarda dil və sosial bacarıqların formalaşmasında canlı qarşılıqlı ünsiyyət çox böyük rol oynayır. Ekranın uşağı hər dəfə sakitləşdirən əsas vasitəyə çevrilməsi isə onun narahatlıq, darıxma və məyusluq kimi emosiyaları tədricən özü tənzimləməyi öyrənməsini çətinləşdirə bilər. Bu, hər ekran istifadəsinin mütləq problem yaradacağı anlamına gəlmir. Əsas məsələ yaşa uyğun sərhədlərin olması və ekranın yuxu, fiziki aktivlik, oyun və ailə ünsiyyətini əvəz etməməsidir. Valideyn üçün ən sağlam yanaşma ekranı qadağan etməkdən çox, onun uşağın gündəlik həyatındakı yerini düzgün tənzimləməkdir.

- Problemi görməməzlikdən gəlmək, yoxsa uşağı müqayisə etmək?

- Əslində hər iki yanaşma uşağın inkişafına mənfi təsir göstərə bilər. Problemi görməməzliyə vurmaq uşağın ehtiyac duyduğu dəstəyin gecikməsinə səbəb ola bilər, uşağı daim yaşıdları ilə müqayisə etmək isə onda “mən bacarmıram” düşüncəsini gücləndirə bilər. Xüsusilə “filankəs səndən yaxşı danışır” kimi ifadələr uşağın özünəinamına mənfi təsir edir. Valideyn uşağın inkişafını başqa uşaqlarla deyil, mümkün qədər onun öz əvvəlki vəziyyəti ilə müqayisə etməlidir. İnkişafda çətinlik görmək utanılacaq və ya gizlədiləcək məsələ deyil. Əksinə, problemi erkən qəbul etmək uşağın ehtiyacına uyğun dəstəyin daha tez başlamasına imkan verir. Sağlam valideyn mövqeyi nə problemi inkar etmək, nə də uşağı problem kimi görməkdir; uşağı olduğu kimi qəbul edib, ehtiyac duyduğu sahədə ona dəstək olmaqdır.

- Psixoloq uşağın inkişafını bütöv şəkildə necə qiymətləndirir?

- Uşağı qiymətləndirərkən psixoloq yalnız bir davranışa və ya bir simptomun olub-olmamasına fokuslanmır. Nitqin səviyyəsi ilə yanaşı, uşağın ünsiyyət qurmaq, qarşı tərəfi anlamaq, oyuna qoşulmaq, emosiyalarını ifadə etmək və davranışlarını tənzimləmək bacarıqları nəzərdən keçirilir. Məsələn, nitq gecikməsi olan uşağın eyni zamanda sosial marağının, diqqətinin və emosional reaksiyalarının necə olduğunu bilmək vacibdir. Davranışın hansı situasiyalarda yarandığı və valideynin həmin davranışa necə reaksiya verdiyi də qiymətləndirmənin bir hissəsidir. Bundan əlavə, uşağın ailə və bağça/məktəb mühitindəki davranışları arasında fərq olub-olmamasına diqqət yetirilir. Məqsəd uşağa sadəcə bir “etiket” vermək deyil, onun güclü və çətinlik çəkdiyi tərəfləri müəyyənləşdirərək uyğun dəstək planı formalaşdırmaqdır. Çünki uşağın inkişafı ayrı-ayrı sahələrdən ibarət olsa da, bu sahələr bir-biri ilə sıx əlaqəlidir və birindəki çətinlik digər sahədə də özünü göstərə bilər.

Uşağın inkişafında ən mühüm addım problemi yalnız görmək deyil, onu vaxtında anlamaq və doğru istiqamətdə dəstəkləməkdir. Nitqdə gecikmə, kəkələmə, sosial ünsiyyətdən uzaqlaşma, emosional partlayışlar və davranış dəyişiklikləri valideyn üçün narahatlıq səbəbi olmaqla yanaşı, uşağın ehtiyaclarını anlamağa çağıran mühüm siqnallar da ola bilər. Lakin bu siqnalları düzgün qiymətləndirmək üçün müqayisədən, tələsik nəticələrdən və özbaşına diaqnozdan uzaq durmaq, mütəxəssis yanaşmasına üstünlük vermək vacibdir.

Unutmamalıyıq ki, hər uşaq eyni sürətlə inkişaf etmir. Əsas olan onun fərdiliyinə hörmət etmək, ehtiyaclarını vaxtında görmək, onu dinləmək və təhlükəsiz, anlayışlı mühit yaratmaqdır. Valideynin səbirli və düzgün münasibəti, mütəxəssisin peşəkar dəstəyi ilə birləşdikdə uşağın həm nitq, həm sosial, həm də emosional inkişafı üçün daha sağlam zəmin yaranır.

Ən böyük dəstək isə bəzən çox sadə bir şeydən başlayır: uşağı dinləmək, onu anlamağa çalışmaq və “bu da keçər” deməzdən əvvəl onun səssiz şəkildə nə deməyə çalışdığını eşitməkdən.

Müsahibə üçün vaxt ayıraraq uşaqların nitq və psixoemosional inkişafı ilə bağlı mühüm məqamlara aydınlıq gətirdiyi, valideynləri diqqətli və məlumatlı olmağa çağırdığı üçün Təranə Paşayevaya təşəkkür edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”