30 oktyabr 2026 12:02
106

Tramp Kanzas və Ayovadakı mitinqlərini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Kanzas və Ayova ştatlarında planlaşdırılan iki mitinqi ləğv edib və onların əvəzinə seçicilərlə bir sıra virtual görüşlər keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "MS NOW" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Respublikaçılar Partiyasının Milli Komitəsi Amerika liderinin Salinada (Kanzas ştatı) və Dyobyukdə (Ayova ştatı) nəzərdə tutulan çıxışlarını ləğv edib. Partiyadakı mənbə bunu prezidentin sıx qrafiki və namizədlər arasında mübarizənin daha gərgin keçəcəyi ştatlarda ona olan böyük tələbatla izah edib.

Onun sözlərinə görə, virtual format daha çox dairədə daha çox seçicini əhatə etməyə imkan verəcək. "Bütün ölkə üzrə seçicilər seçki gününə qədər Prezident Trampı eşitmək istəyirlər və bu 72 saatlıq sıçrayış yekun günlərdə güclü dəstək olacaq", — deyə komitənin sədri Djo Qrutersin sözlərini telekanal sitat gətirir.

Ağ Evin nümayəndəsinin telekanala bildirdiyinə görə, seçki gününə qədər Tramp seçicilərlə 20-dən çox virtual görüş keçirəcək. Amerika prezidenti ilə əlaqəli olan "MAGA Inc." siyasi superkomitəsinin məlumatına görə, bu görüşlər Kanzas və Ayova da daxil olmaqla, azı 19 ştatı əhatə edəcək. Seçki günü dövlət başçısı Ağ Evdə olacaq. Təxminən bir ay əvvəl start götürən kampaniyanın yekun mərhələsində o, artıq 25 mitinq keçirib. Yekun mitinq Miçiqan ştatında baş tutmalıdır, lakin onunla bağlı planlar hələlik təsdiqlənməyib.