28 oktyabr 2026 20:45
125

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun oktyabrın 28-də Heydər Əliyev Mərkəzində bağlanış mərasimi və konsert proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə rəsmi şəxslər, forumda iştirak edən qonaq ölkə və təşkilatların nümayəndələri, eləcə də mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

“Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad, BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxış edərək forumun əhəmiyyətindən, mədəniyyətlərarası dialoqun təşviqindən və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsindən danışıblar.

Qeyd olunub ki, forum çərçivəsində təqdim edilən konsert proqramının əsas özəlliklərindən biri süni intellekt texnologiyasından istifadədir. Bu texnologiya orkestrin canlı ifası ilə birləşdirilərək musiqi və müasir texnologiyanın vəhdətini nümayiş etdirib. Bildirilib ki, layihə mədəniyyətlərarası mübadilənin yeni texnologiyalar vasitəsilə daha da zənginləşdirilməsinin nümunəsidir.

Çıxışlarda forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür ifadə olunub.

Tədbir "OneHumanity Konserti: Ən qədim gələcəyimiz" adlı konsert proqramı ilə davam edib.

Proqramda İ.S.Baxın, Qara Qarayevin, Antonio Vivaldinin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin, Firəngiz Əlizadənin, Feliks Mendelsonun və Pau Kazalsın əsərləri səsləndirilib.

Qeyd edək ki, oktyabrın 29-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Qarabağa səfəri nəzərdə tutulub.

Xatırladaq ki, oktyabrın 27-dən 29-dək keçirilən Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, Ümumdünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə reallaşıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə təməli qoyulan mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi”nin əsas beynəlxalq tədbiri olan Forum qarşılıqlı anlaşmanın, həmrəyliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edib.