28 oktyabr 2026 20:04
145

Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı üzrə ərazi partiya təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və irəli sürdüyü vəzifələrə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hafiz Zeynalov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının siyasi həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qurultayda müəyyənləşdirilən strateji prioritetlərin həyata keçirilməsinin, partiyanın ideoloji əsaslarının daha da möhkəmləndirilməsinin və üzvlərin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini qeyd edib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi əhəmiyyətindən bəhs edərək, qarşıya qoyulan vəzifələrin ölkəmizin inkişaf strategiyası və partiyanın gələcək fəaliyyəti baxımından mühüm istiqamətlər müəyyənləşdirdiyini bildirib. O, dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi, partiya üzvlərinin məsuliyyətinin artırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov VIII Qurultayın siyasi və ideoloji əhəmiyyətini şərh edib. O, müasir informasiya mühitində milli maraqların müdafiəsinin, ideoloji təhlükəsizliyin təmin olunmasının və dövlətçilik mövqeyinin ardıcıl şəkildə təbliğinin vacibliyini vurğulayıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və SOCAR Aparatının İnzibati işlər departamentinin əməkdaşı Xavər Nuru-Sultanova qurultaydan irəli gələn vəzifələr, partiyanın cəmiyyətdəki rolu və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər.

Çıxışlarda siyasi həmrəyliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, informasiya təxribatlarına qarşı mübarizənin gücləndirilməsi və dövlət siyasətinin uğurlarının ictimaiyyətə çatdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.