ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın 30-31-də Atlanta şəhərində (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünü keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Prezident Donald Trampın rəhbərliyi altında ABŞ G20-ni iqtisadi artımın stimullaşdırılmasına, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika xalqının maraqlarına uyğun nəticələrin əldə edilməsinə yönəlmiş əsas iqtisadi missiyasına qaytarır", - Dövlət Departamentindən bildirilib.
Rubio ümumi iqtisadi və təhlükəsizlik problemlərinin həllində praktiki əməkdaşlığı inkişaf etdirmək üçün G20 ölkələrinin XİN rəhbərlərini bir araya gətirəcək.
Görüş zamanı ABŞ G20-dəki tərəfdaşları ilə birlikdə dünya iqtisadiyyatında sarsıntılara səbəb olan geosiyasi böhranları, o cümlədən gəmiçilik azadlığına, enerji və ərzaq təhlükəsizliyinə, eləcə də qlobal tədarük zəncirlərinə yaranan təhdidləri müzakirə etmək niyyətindədir.
Dövlət Departamentində qeyd ediblər ki, qlobal təhlükəsizlik və iqtisadi rifah bir-biri ilə bağlıdır, qarşıdan gələn müzakirələr isə Trampın sədrliyi ilə keçiriləcək G20 liderlərinin sammitinə və daha geniş iqtisadi gündəliyin nəzərdən keçirilməsinə hazırlıq mərhələsi olacaq.