Bolqarıstan Prezidenti İliyana Yotova tabeliyində olan əməkdaşın jurnalisti itələməsi və nəticədə onun müalicəyə ehtiyac duyması səbəbindən Milli Mühafizə Xidmətinin (NSO) rəhbərinin istefasını tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Dünən NSO-da yoxlamalara başlanılıb. Yaxın vaxtlarda xidmət rəhbərinin həm Xalq Məclisi sədrinin mühafizəsi ilə bağlı, həm də həmkarımız Sonya Koltukliyeva ilə baş verən insidentin təfərrüatlarına dair yoxlamanın ilkin nəticələrini mənə təqdim edəcəyini gözləyirəm. NSO rəhbəri general Emil Tonevin istefasını tələb edəcəyəm", — deyə prezident insidentlə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Yerli internet nəşrlərindən birinin jurnalisti Sonya Koltukliyeva sual vermək üçün parlamentin spikeri Mixaela Dotsovanın əyləşdiyi avtomobilin qapısını açmağa cəhd edib, lakin onun bu cəhdinin qarşısı NSO əməkdaşı tərəfindən alınıb. İnsidentdən sonra jurnalist xəstəxanaya çatdırılıb, lakin tibbi müayinədən sonra ev şəraitində müalicə olunmaq üçün buraxılıb.
Jurnalisti itələyən NSO əməkdaşı Hərbi Prokurorluqda dindirildikdən sonra həbs edilib.
Baş vermiş hadisə oktyabrın 25-də keçiriləcək respublika prezidenti seçkilərinin təbliğat kampaniyasının son saatlarına təsadüf etdiyindən kəskin siyasi reaksiyalara səbəb olub.