23 oktyabr 2026 12:01
116

Yəməndə humanitar böhran dərinləşir

Yəmənin Taiz əyalətindəki xəstəxanalar davam edən hərbi münaqişə şəraitində ciddi dərman və yanacaq qıtlığı ilə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayaraq, köməyə ehtiyacı olan əhaliyə maneəsiz humanitar çıxışın təmin edilməsinə çağırıb.

ÜST-dən qeyd olunub ki, xəstəxanalar yanacaq, oksigen, dərman və tibbi ləvazimatların kəskin çatışmazlığı səbəbindən tibbi xidmətlərin göstərilməsində böyük çətinlik çəkirlər. "Minlərlə xəstənin müalicəsinin davam etdirilməsini təmin etmək üçün təcili tədbirlərin görülməsi vacibdir", — deyə təşkilat vurğulayıb.

"Eyniadlı əyalətin inzibati mərkəzi olan Taiz şəhərində 42 tibb müəssisəsi kəskin resurs çatışmazlığı yaşayır. Böyrək çatışmazlığından əziyyət çəkən 1110-dan çox insan hər gün dializ prosedurlarına ehtiyac duyur, 192 xəstə intensiv terapiya şöbələrində, 154 yenidoğulmuş körpə isə kuvezlərdədi"r, - deyə ÜST bildirib.

Ehtiyatlar təcili şəkildə bərpa olunmazsa, təcili cərrahiyyə əməliyyatları, dializ, intensiv terapiya, eləcə də analara və yenidoğulmuşlara göstərilən tibbi yardım böyük təhlükə altına düşəcək. Böhran Yəməndə məcburi köçkünlərin sayının artması ilə daha da dərinləşir.