10 oktyabr 2026 19:35
135

La Liqanın oyunu yarımçıq dayandırıldı

İspaniya La Liqasının 8-ci turunda keçirilən “Rayo Valyekano” – “Atletik” (Bilbao) oyunu yarımçıq dayandırılıb.

“İki sahil” xəbər verir ki, Madriddəki “Valyekas” stadionunda keçirilən qarşılaşma azarkeşlərin davranışı səbəbindən əvvəlcə müvəqqəti dayandırılıb.

İlk hissədə tribunadan meydana yad əşyalar atıldığı üçün baş hakim Xose Sançes Martines oyunu saxlayıb.

Daha sonra polisin tövsiyəsi ilə matçın davam etdirilməməsinə qərar verilib. Bu barədə “Rayo Valyekano” klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun dayandırılarkən hesab 0:0 olub.

Qeyd edək ki, “Rayo Valyekano” 7 oyundan 8 xalla turnir cədvəlində 9-cu, eyni xala malik “Atletik” isə 13-cü pillədə qərarlaşıb.

İspaniya mətbuatının məlumatına görə, azarkeşlər kağız təyyarələr və kiçik plastik toplar atmaqla “Raya Valyekano” prezidenti Raul Martin Presanın idarəçiliyinə etiraz ediblər. Oyunun yenidən başlanmasına cəhd göstərilsə də, hadisələr təkrarlandığından qarşılaşma birdəfəlik dayandırılıb. Matçın davam etdiriləcəyi tarix sonradan açıqlanacaq.